Beynəlxalq Cinayət Məhkəməsi və insan haqları düşmənlərinin təqibi

Məlumdur ki, insan haqları beynəlxlaq əməkdaşlığın predmetidir. Onun çərçivəsilə bağlı ümumqəbul edilmiş beynəlxlaq standartlar mövcüddür. Müasir beynəlxalq hüquq nəinki beynəlxlaq səviyyədə insan haqlarıyla bağlı standartları müəyyən edir, həm də onun səmərəli müdafiəsiylə bağlı mexanizmlər üzərində düşünür.
Beynəlxalq hüquq yaradıcıları olan dövlətlər bir qayda olaraq ayrı-ayrı fərdlərə (individlərə) hansısa məsələdə beynəlxalq hüququn subyekti statusu verməyə yumşaq desək, çəkinir və bunu bir qayda olaraq özlərinin suverenliklərinin məhdudlaşdırılması kimi qiymətləndirirlər. Amma düşünürəm ki, bu məsələdə şəxsi hakimiyyətlərinə maneə yaratmamaq istəyinin çəkisi xüsüsən anti-demokratik dövlətlər üçün daha ağırdır.
Hazırda universal və regional səviyyədə insan haqlarının müxtəlif müdafiə mexanizmləri mövcüddür. Universal səviyyədə bu işlərlə BMT məşğul olur. 1993-cü ildə fəaliyyətə başlayan BMT-nin İnsan haqları üzrə Ali Komissarlığı, Mülki və siyasi hüquqlar haqqında BMT Paktı çərçivəsində fəaliyyət göstərən İnsan haqqları Komissiyası (analoji orqanlar insan haqlarıyla bağlı digər BMT Konvensiyaları çərçivəsində də mövcüddür), 2006-cı ildə BMT Baş Məclisi tərəfindən əsası qoyulan İnsan Haqları Şurası və s. mexanizmlər bu qəbildəndir. Təəssüf ki, onların heç birini hələ ki, birbaşa təsir etmə gücünə malik olan səmərəli mexanizm adlandırmaq mümkün deyil. Ümumiyyətlə, hazırda ən səmərəli mexanizm kimi regional səviyyədə fəaliyyət göstərən, 1950-ci il İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının müdafiə mexanizmi hesab edilən Avropa İnsan Haqları Məhkəməsidir ki, onun da səmərəlilik baxımından çox ciddi təkamülə ehtiyacı vardır.
Ümümən, bu növ müdafiə mexanizmləri 65 illik inkişaf tarixinə nəzər yetirsək, prosesdə onların ilbəil təkmilləşmə tendensiyasını da görməmək mümkün deyil. Bu baxımdan, nisbətən cavan olan Beynəlxalq Cinayət Məhkəmə (BCM) mexanizmi diqqəti çəkməyə bilməz. Biz bu qısa informativ və bir az da analiz xarakteri daşıyan yazımızda BCM mexanizmi barədə ümumi məlumat və əsasən də bu mexanizm vasitəsilə insan haqları düşmənlərinin təqibinin mümkünlüyünü araşdıracağıq.
Bir az tarix. BCM – bu qurum 2002-ci ildən qərərgahı Haaqa şəhərində olmaqla daimi fəaliyyət göstərir. Beynəlxalq səviyyədə belə bir qurumun yaradılması ideyası ikinci dünya müharibəsindən dərhal sonra meydana gəlmişdir. Hələ 1948-ci ildə Beynəlxalq Hüquq Komissiyası BMT-dən beynəlxalq cinayət məhkəmə qurumu yaradılmasıyla bağlı tapşırıq alsa da, bu istiqamətdə işlər müxtəılif səbəblər üzündən yalnız 50 ildən sonra yekünlaşa bilmiş və 1998-ci ildə Romada Beynəlxlaq Cinayət Məhkəmə Statusunun imzalanması baş tutmuşdur. Deməli, BCM-nin fəaliyyətinin hüquqi əsası qeyd edilən beynəlxalq müqavilə – Statusdur. BCM-ni tez-tez əvvəllər fəaliyyət göstərmiş Nurenberg, Tokio, keçmiş Yuqoslaviya və Ruanda tribunallarıyla müqayisə edirlər.
BCM yaradılması BMT-nin təsisindən sonra beynəlxalq hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində ən mühüm addım hesab edilir. Daimi fəaliyyət göstərən məhkəmə orqanı olmaqla BCM-in əsas funksiyası onun Statusunun girişində deyildiyi kimi, “dünyada sülhə, təhlükəsizliyə və rifaha” təhlükə törədilməsində təqsirləndirilən şəxsləri mühakimə etməkdir. Bununla BCM Statusunda nəzərdə tutulan cinayətlərin mühakiməsi dövlətin suverenlikdən irəli gələn müstəsna səlahiyyətindən çıxarılmış, həm də sözü gedən Məhkəmənin səlahiyyətinə verilmişdir.
Bu günə 124 ölkə Statusu imzalayaraq BCM-də iştirakçı statusuna malikdir. ABŞ, Rusiya, İran, Ermənistan və bir sıra başqa dövlətlər Statusu imzalasalar da, onu hələ ki, ratifikasiya etməmişlər.
BCM-nin tərkibi. Məhkəmə 18 hakimdən ibarət olmaqla 3 palatadan ibarətdir: 1) mühakimə icraatı; 2) apellyasiya icraatı; 3) ibtidai icraat. Hakimlər Statusa üzv olan dövlətlərin ümumi yığıncağında gizli səsvermə yoluyla, təkrar seçilmə hüququ olmadan, 9 il müddətinə seçilir. İnzibati işlər Dəftərxana tərəfindən aparılır. Bununla yanaşı, Məhkəmədə ittiham funksiyasını daşıyan Prokurorluq qurumu ayrıca orqan kimi fəaliyyət göstərir. Ona hakimlər kimi eyni qaydada seçilən prokuror başçılıq edir. Onun bir neçə müavini var.
BCM-in mühakimə etdiyi cinayətlər. Səlahiyyətləri Statusla müəyyənləşdirilən Məhkəmə dövlətləri deyil, fiziki şəxsləri mühakimə edir. O, aşağıdakı cinayətlərin istintaqı və mühakiməsini aparmağa səlahiyyətlidir: 1) soyqırım; 2) insanlıq əleyhinə olan cinayətlər; 3) hərbi cinayətlər; 4) təcavüz.
Status soyqırımla bağlı 1948-ci il Konvensiyasında verilən tərifi əsas götürüb. Soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsidir. Bura aşağıdakı hərəkətlər daxildir: 1) belə qrupların üzvlərinin öldürülməsi; 2) onların sağlamlığına ağır zərər yetirilməsi; 3) qəsdən onların fiziki məhfinə yönələn hərəkətlərin edilməsi; 4) onların uşaqlarının doğulmasına zorakı əngəllər yaradılması; 5) belə qrupa mənsub olan uşaqların zorla başqa qrupa keçirilməsi (bax: Statusun 6-cı maddəsi).
Status insanlıq əleyhinə olan cinayətlərə aşağıdakıları aid edir:
  1. öldürmək;
  2. məhv etmək;
  3. köləlik (quldarlıq);
  4. deportasiya etmə və ya əhalinin zorla köçürülməsi;
  5. beynəlxalq hüququn fundamental qaydalarının pozulmasıyla müşayiət olunan həbs və ya fiziki azadlıqdan digər ağır formada məhrumetmə;
  6. işgəncə;
  7. zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi hamiləlik, məcburi sterilizasiya və ya hər hansı digər ağır cinsi zorakılıq formaları;
  8. siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və başqa əlamətlərə görə, hər hansı bir qrupun və ya icmanın beynəlxalq hüquqla bir araya sığmayan təqibi;
  9. şəxslərin məcburi yoxa çıxması;
  10. aparteid cinayəti;
  11. qəsdən ağır əzab və ya fiziki və psixoloji sağlamlığa ağır xəsarətlə müşayiət olunan digər analoji qeyri-insani əməllər (bax: Statusun 7-ci maddəsi).
Göründüyü kimi, BCM-in Statusunda insanlıq əleyhinə olan cinayətlərin geniş spektri nəzərdə tutulub və bu cinayətlərin hər birinin istintaqı BCM-in icraatında ola bilər.
Hərbi cinayətlərə gəldikdə isə qısa şəkildə deyə bilərik ki, Status onun anlayışını müəyyən edərkən bu məsələyə 1949-cu il Cenevrə Konvensiyalarının yanaşmasını əsas götürmüşdür (Statusun 8-ci maddəsi).
Təcavüz cinayəti Statusa salınsa da, onun anlayışı və BCM-in bu cinayətlə bağlı yurisdiksiyasının şərtləri müəyyən edilmədiyindən həmin norma bu gün deklorativ hesab edilir. Gələcəkdə Statusun bununla bağlı təkmilləşdirilməsi nəzərdə tutulur (bax: Statusun 5-ci maddəsinin 2-ci hissəsi).
BCM-də icraatı kimlər başlaya bilər? Statusun 13-cü maddəsinə görə, BCM-də icraat aşağıdakı 3 yolla başlanıla bilər:
1) qeyd edilən cinayətlərdən birinin və ya bir neçəsinin baş verdiyi situasiya Statusa tərəf olan dövlətin təşəbbüsü ilə BCM-in prokuroruna təqdim edilməklə;
2) qeyd edilən cinayətlərdən birinin və ya bir neçəsinin baş verdiyi situasiya BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən BMT Nizamnaməsinin XVII fəslinə uyğun olaraq BCM-in prokuroruna təqdim edilməklə. Bu zaman ərazisində sözü gedən cinayətlərin baş verdiyi dövlətin BCM Statusuna üzv olub-olmaması heç bir əhəmiyyət kəsb etmir.
3) BCM-ə zərərçəkmişlərdən, qeyri-hökümət təşkilatlarından və digər mənbələrdən daxil olan informasiyalara əsasən BCM prokurorun öz təşəbbüsü ilə (proprio motu). Bu halda prokuror daxil olan informasiyaları kifayət hesab etmədikdə, o, iş üzrə əlavə informasiya toplamaq üçün üzv dövlətlərə, beynəlxalq təşkilatlara və qeyri-hökümət təşkilatlarına müraciət edə bilər. Həmin informasiyalar əsasında prokuror istintaq icraatına başlamasını məqbul hesab etdikdə bu barədə o, Məhkəmənin İbtidai icraat palatasına cinayət işinin istintaqına başlamaq üçün sanksiya verilməsi xahişilə müraciət edir.
Prosedur. BCM-də prosedurun ümumi əsasları Statusla müəyyənləşdirilib. Bu barədə geniş qaydalar isə BCM-in Reqlamentində müəyyən edilmişdir. Məhkəmə çıxardığı hökmlə 30 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edə bilər. Statusa görə ölüm cəzası tətbiq edilə bilməz.
Məhkəmənin çıxardığı hökm BCM-in nəzarəti altında üzv dövlətlərdə icraya yönəldilir. Hökmdən apellyasiya şikayəti verilə bilər.
Təcrübə. BCM artıq 2002-ci ildən fəaliyyətdədir. İndiyə kimi Məhkəmə 8-i Afrika qitəsində olmaqla dünyanın 9 ölkəsində cinayət təqibi ilə bağlı istintaq aparıb. Xronoloji ardıcıllıq belədir: 1) Uqanda; 2) Konqo (BCM-in təcrübəsində Konqo-Kinşasa gedir); 3) Mərkəzi Afrika Respublikası (MAR) (müxtəlif dövrlərdə iki istintaq); 4) Darfur (Sudan); 5) Keniya; 6) Liviya; 7) Kot-d’İvuar (Ivoorkust); 8) Mali; 9) Gürcüstan.
Uqanda, Konqo, MAR və Mali cinayət istintaq prosedurunu başlamaq üçün özləri BCM-də təşəbbüs göstərmiş, Sudan və Liviya işlərində təşəbbüs BMT TŞ-dən gəlmiş, Keniya, Kot-d’İvuar və Gürcüstan işlərində isə cinayət istintaqı prosedurunun təşəbbüsçüsü BCM-nin prokuroru olmuşdur.
BMT TŞ-nin təşəbbüsü ilə qaldırılan Sudan və Liviya işlərində adı keçən dövlətlər Statusda tərəf deyillər. Bunu qeyd etməyi ona görə vacib hesab etdik ki, BCM-də prosedurun başlanması üçün aidiyyəti dövlətin Statutun iştirakçısı olması vacib deyildir. Bu da BCM-ni digər beynəlxalq mexanizmlərindən fərqləndirən cəhətdir. Sudanla bağlı 2005-ci ildə başlanan prosedur 2011-ci ildə Sudanın fəaliyyətdə olan prezidenti də daxil olmaqla 4 təqsirləndirilən şəxsə ittiham irəli sürülməsi ilə başa çatmışdır. Liviya işinə isə Müəmmər əl-Qəzzafinin ölümü əsas gətirilərək xitam verilmişdir.
Keniya işi. Prokurorun təşəbbüsü ilə araşdırma aparılan ilk ölkə Kenyadır. Bu ölkədə 2008-ci ilin əvvəlində keçirilən prezident seçkiləri zorakılıqla müşayiət olunmuş, təxminən 1500-ə qədər adam ölmüşdü. Onların üçdə biri polis gülləsinə tüş gəlmişdi. Araşdırma 2009-cü ildə başladı. Artıq 2010-cu ilin dekabrında prokuror dördü nazir olmaqla 6 şübhəli şəxsə ittiham irəli sürdü. Onlar adam öldürməkdə, insanları əsassız təqib etməkdə, işgəncə verməkdə, zorlamada və insanlığa qarşı digər cinayətlər törətməkdə təqsirləndirilirdi.
BCM-in belə gedişi rəsmi Keniya təmsilçilərinin hiddətinə səbəb olur və Keniya parlamenti 22 dekabr 2010-cu ildə Məhkəmə ilə əməkdaşlığa xitam vermək haqqında qərar çıxarır. Kenya parlamenti BCM-ni müstəmləkəçi adlandırır, onu yalnız afrikalılara qarşı olmaqda ittiham edir. Artıq gec idi. Heç nə BCM-də sözü gedən icraatın dayandırılmasına mane ola bilməzdi.
Keniya hökuməti 8 fevral 2011-ci il tarixdə BMT TŞ-na müraciət edərək, BCM-də icraatı dayandırmağı xahiş edir. Xahiş Keniyada məhkəmə sisteminin kifayət qədər təkmil olması və dövlətdaxili məhkəmələr vasitəsilə sözü gedən cinayətlərin istintaqının aparılmasının mümkün olmasıyla əsaslandırılmışdı. Keniyanın xahişi TŞ tərəfindən qəbul edilmir. BCM-ə edilən analoji tələb də rədd edilir. Məhkəmə 8 oktyabr 2014-cü ildə Keniyanın prezidentinin BCM-də şahid qismində dindirilməsinə nail olur. Amma onun həbsi üçün subutların kifayət olmadığı qənaətinə gəlir.
Gürcüstan işi. 27 yanvar 2016-cı ildə BCM-in fəaliyyətində ilk dəfə olaraq Afrikadan xaric bir dövlətlə bağlı cinayət işi açılır. Gürcüstan işi də BCM-in prokurorunun təşəbbüsü ilə başlayıb. Araşdırma predmeti 2008-ci ilin iyulun 1-dən oktyabrın 10-nu arasındakı dövrdə Gürcüstanın Cənubi Osetiya regionunda baş verən müharibə cinayətləri və insanlığa qarşı törədilmiş cinayətlərdir.
Azərbaycan və BCM. Azərbaycanın xaricdən təcavüz, soyqrım və müharibə cinayətlərilə üz-üzə olmasına baxmayaraq onun adı hələ ki, Statusu imzalamayan dövlətlər arasındadır. Ərazisinin beşdə bir hissəsi işğal altında olan, Xocalı soyqırımına beynəlxalq status vermək barədə düşünən, işğal zonasında minlərlə hərbi cinayətlərin törədildiyi Azərbaycanın indiyə qədər nə üçün BCM-ə qoşulmamasının sirri nə ola bilər?
Məlumdur ki, BCM-nin Statusuna görə cavabdeh dövlətin Statusa üzv olmadığı təqdirdə belə ona qarşı istintaq hərəkətlərinə start verilməsi mümkündür. Cənubi Koreyanın Şimali Koreyaya, Ukraynanın Rusiyaya qarşı şikayətlərində cavabdehlərin hər ikisi Statusu ratifikasiya etməyən dövlətlərdir. Yəni Ermənistanın Statusu ratifikasiya etməyəcəyi təqdirdə belə ona qarşı BCM-də icraat başlamaq təşəbbüsünün prespektivi var. Belə olan halda Azərbaycan bu imkandan niyə yararlanmaq istəmir?
BCM Statusunun müəyyən etdiyi insanlıq əleyhinə olan cinayətlərin dairəsini bu gün Azərbaycanda baş verənlərlə müqayisə etsək mənzərə aydın olar. Ölkə üzün müddətdir ki, siyasi məhbus problemindən yaxa qurtara bilmir və onların sayına görə Avropada liderliyi heç cürə əldən vermək istəmir. Təkcə bir fakta nəzər salaq. Yalnız bir gündə, yaşadığımız ayın 16-da Beynəlxalq Amnistiya Təşkilatı səviyyəsində siyasi qrup mənsubiyyətinə görə 6 şəxs vicdan məhbusu elan edilir. Onların hamısı bu və ya digər formada siyasi təşkilat olaraq Azərbaycan Xaql Cəbhəsi Partiyasına bağlı idilər və hamısı da beynəlxalq hüququn fundamental qaydalarının pozulmasıyla müşayət olunan həbs və ya fiziki azadlıqdan digər ağır formada məhrumetmə çəzasına məhkum olunmuşdular. Bu birbaşa siyasi əlamətə görə (AXCP üzvü olmaq) bir qrup insanın beynəlxlaq hüquqla bir araya sığmayan təqibinin, başqa sözlə ifadə etsək, BCM Statusunda nəzərdə tutulan insanlıq əleyhinə cinayətin törədilməsinin beynəlxalq səviyyədə etirafı idi.
Bundan irəli gələrək təəssüflə qeyd edilməlidir ki, ölkədə avtoritar rejimin mövcüdluğu, bundan dolayı öz vətəndaşlarına qarşı insanlıq əleyhinə olan cinayətlərin törədilməsi və ölkədə belə bir ab-havanın hökm sürməsi Azərbaycan Respublikasının BCM Statustuna qoşulmamasını səbəbi kimi görsənir…
Ataxan Əbilov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button