Beyrut limanındakı partlayış kimin işinə yarayacaq – Heydər Oğuz yazır

Heydər OĞUZ,

“Ovqat.com” saytının baş redaktoru

 

Livan Hizbullahının baş katibi Həsən Nəsrullahın 2016-cı ildə dilə gətirdiyi bir açıqlamanı özündə əks etdirən video Yaxın Şərqdə sosial media istifadəçilərinin dünən ən çox bölüşdüyü paylaşım olub. Hizbullah lideri 4 il əvvəl dilə gətirdiyi həmin çıxışında İsrailin Hayfa limanındakı ammonium nitrat anbarının raketlə vurulacağı təqdirdə, partlayışın atom bombası təsirinə bərabər olacağını bildirmişdi.

2 gün öncə Beyrut limanında Hizbullaha məxsus olduğu düşünülən 12 nömrəli anbarın nüvə bombası “effektiylə” partlaması və həmin anbarda ammonium nitrat maddəsinin saxlanılması diqqətlərin yenidən məlum videoçıxışa yönəlməsinə səbəb olub.

Bildirildiyinə görə, İsrail rəsmiləri Nəsrullahın Hayfadakı kimyəvi anbarları vuracağı ehtimalından xeyli qorxuya düşüblər. Həyəcanlanmalarında isə haqsız deyillər. Çünki Beyrutda baş verən partlayışda ən çox şübhələrin yönlədiyi tərəflərdən biri də İsraildir.

Bu partlayış dalğasının Livanda və Yaxın Şərqdə yaradacağı dağıntılar ən çox İsrailin işinə yarayır. Zira Livanda onsuz da gərgin olan iqtisadi vəziyyətin və məzhəblərarası ədavətin bu partlayışdan sonra daha da kəskinləşməsindən ehtiyat edilir. Xüsusilə ölkənin digər dini və məzhəbçi qrupların bu faciədə Hizbullahı günahkar görməsi artıq açıq şəkildə dilə gətirilir. Bu mənada, hadisənin ən çox zərərçəkəni kimi, Hizbullahın bu partlayışın qisasını alması gözardı edilə bilməz.

Məsələ burasındadır ki, partlayışda Hizbullah birbaşa rol almasa belə, onunla hesablaşmaların önəmli rol oynadığı ehtimalı güclüdür. 2006-cı ildə İsraillə girdiyi 30 günlük müharibədə gözlənilməz uğur sərgiləyən bu təşkilat 2011-ci ildən bəri qatıldığı Suriya savaşında daha münbit silahlanma fürsəti qazanıb. İstər Rusiyadan, istər İrandan aldığı ağır silahlarla indi Təl-Əviv üçün daha ciddi düşmən halına gəlib. 

Üstəlik, Suriyadan didərgin düşmüş qaçqınların hesabına öz sıralarını daha da sıxlaşdıra bilib. Verilən məlumata görə, 4.5 milyon əhalisi olan Livan hazırda 1.5 milyon suriyalıya, bundan heç də az olmayan fələstinliyə qucaq açıb. Həyatda itirəcəkləri çox şey qalmayan bu insanlar Hizbullahın potensial əsgərləri kimidirlər. Bu isə təkcə İsraili yox, həm də Livandakı digər siyasi qurumları da narahat edir. Təsadüfi deyil ki, ölkənin maruni xristianlarının dini lideri Hizbullahın xarici ölkələrdə hərbi əməliyyatlara qatılmasını eyhamlı üslubla tənqid etmiş, bunun Livanı xarici təhdidlərin hədəfinə çevirdiyini bildirmişdi. Hizbullah lideri Həsən Nəsrullah isə maruni patriarxının “Suriyadan çəkil” tələbini geri çevirmişdi.

Hizbullahın Livan hakimiyyətindəki mövqeyi də xeyli güclənmiş durumdadır. Bundan əvvəlki Saad Həriri hökumətinin Səudiyyə Ərəbistanına meyllənməsiylə başlayan xalq etirazları, sonunda onun istefası ilə nəticələndi və hakimiyyətə Həsən Diyab gəldi. Məzhəbcə şiə olan Həsən Diyabın xalqçılıq mövqeyindən çıxış etməsi onun siyasi xətt olaraq Hizbullahla eyni cizgidə yer almasına gətirib çıxarır və bu da Livanda birmənalı qarşılanmır.

Bir çoxları hətta Həsən Diyabı Misirin keçmiş prezidenti Camal Əbdülnəsirlə müqayisə edir, xarici basqılara qarşı çıxışlarının Livanın təklənməsinə yol açdığına, xarici yardıma möhtac ölkənin daha ağır iqtisadi böhrana sürükləndiyinə inanırlar.

Həsən Diyabın bu mühafizəkar mövqeyi hətta öz kabinetində belə birmənalı qarşılanmır. Beyrut partlayışından bir gün əvvəl ölkənin Xarici İşlər naziri Nasif Hittinin istefaya getməsi Livan hökumətindəki parçalanmanın ən bariz sübutudur.

“Şərqül-əvsat” portalının analitiki Hazim Sağıyə bu istefa qərarını belə qiymətləndirib: Xarici İşlər naziri Nasif Hittinin istefasının dərin sirri və analoqu bəlkə də indiyədək başqa heç bir yerdə görülməyib. Hitti istefa verdi, çünki bu gündən etibarən xarici dünya ilə münasibətlərdə diplomatiyaya ehtiyac duymuruq”.

Həsən Diyab hökumətinin dünyadan təcrid siyasətinin mənfi nəticələri Livan iqtisadiyyatında da özünü göstərməyə başlayıb. İngiltərənin “İndependent” qəzeti mühafizəkar Diyab hökumətinin Livan iqtisadiyyatına vurduğu zərəri belə təsvir edir:

“Şiddətlənən etiraz aksiyaları Baş nazir Saad Həririnin vəzifədən getməsi ilə nəticələndi. Ancaq Həririnin getməsi ilə heç bir ciddi dəyişiklik baş vermədi, əksinə, elektrik kəsilməsi getdikcə pisləşdi, iqtisadi böhran dərinləşdi və ərzaq məhsullarının qiyməti 80 faizə qədər artdı.

Bununla yanaşı, rəsmi məlumatlara görə, əhalinin təxminən yarısının yoxsulluq həddindən aşağı olduğu ölkədə işsizlik səviyyəsi 35 faizə çatdı.

Livan mart ayında tarixində ilk dəfə borclarını ödəyə bilmədiyini açıqladı. Milli borc ümumi daxili məhsulun 170 faizinə nisbətdə 92 milyard dollara (təxminən 645 milyard TL) yüksəldi və Livan bu rəqəmlərlə dünyada ən yüksək borc nisbəti olan ölkələrdən birinə çevrildi. May ayında Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlar başladı, lakin danışıqlar hələ də yekunlaşmayıb.

Digər tərəfdən, Con Hopkins Universitetinin iqtisadiyyat professoru Steve H. Hankin hesablamalarına görə, Livanda inflyasiya 424 faizdir. Livan lirəsi son zamanlarda dollara nisbətdə 80 faiz zəifləyib”.

Tam bu sırada Beyrutda baş verən partlayış və qəsdən bütün şübhələrin Hizbullahın üzərinə yönləndirilməsi bir məqsədə xidmət edə bilər: artıq 14 ildir, Təl-Əvivin baş ağrısına çevrilən təşkilatı öz vətənində gözdən salmaq; ya tamamilə zərərsizləşdirmək, ya da daxili savaşlara cəlb etmək. Hizbullaha və İrana yaxın hökumətə qarşı xalq etirazlarını körükləmək, bununla da İranı İsrail sərhədlərindən uzaqlaşdırmaq. 

Qeyd edək ki, 2005-ci ildə törədilən Həriri sui-qəsdi zamanı da Suriya Livanda bu cür arzuolunmaz qüvvə halına gətirilmiş və ölkədən çıxmağa məcbur edilmişdi. Üzərindən 6 il keçdikdən sonra isə Suriyada vətəndaş müharibəsi başlamışdı. Son zamanlar ABŞ-ın İrana qarşı savaş hazırlıqlarına başladığı bir zamanda atılacaq ilk addım onun Livandan çəkilməsini təmin etmək olardı. Əks halda, İsrailin tam burnunun qabağında yerləşdirilmiş İran bombasının (Hizbullah) partlaması ABŞ-ın 51-ci ştatı kimi tanınan bu ölkənin təhlükəsizliyini şübhə altına qoyur.

Sözsüz ki, İranın bu coğrafiyadan rahatlıqla çəkilməsini düşünmək sadəlövhlükdür. İran rəsmiləri dəfələrlə xaricdə apardıqları mübarizənin öz dövlət sərhədlərinin qorunmasının ön cəbhəsi adlandırıblar. Livan isə ön cəbhənin mərkəzi hissəsidir və Tehran bu mövqedən çəkilərsə, eynilə Suriyada olduğu kimi, bombaların öz başı üzərində partlayacağını gözəl başa düşür.

Bununla belə, Beyrut partlayışında Təl-Əviv barmağının olduğunu iddia etmək də tələsik qərar olardı. Livanın və Yaxın Şərqin daxili ziddiyyətlərə başının qarışması perspektiv planda İsrailin nə qədər işinə yarasa da, cari planda onun üçün ciddi risk təşkil edir. Əsas risklərdən biri də Həsən Nəsrullahın 2016-cı ildə səsləndirdiyi məlum fikirlərdə gizlidir.

Hizbullah liderinin partlada biləcəkləri ilə təhdid etdiyi Hayfa limanında Beyrutla müqayisədə daha böyük ammonium-nitrat ehtiyatı saxlanılır. Beyrut hadisəsində cəmi 2.7 min ton ammonium-nitrat partladılmışdısa, Hayfadakı anbarlarda eyni maddənin miqdarı 12 min tondan çoxdur. Başqa sözlə desək, Hizbullah bunun qisasını almaq istəsə, Beyrutdakından 5 dəfə artıq təxribat törədə bilər. Bu isə sözün həqiqi mənasında atom bombasından daha ağır nəticələrə gətirib çıxarar. Təl-Əvivin bunu gözə alacağını düşünmək mümkün deyil.

Təsadüfi deyil ki, Beyrut partlayışından sonra Həsən Nəsrullahın 2016-cı ildə səsləndirdiyi fikirlərin yayılması Təl-Əvivdə ciddi əndişələrə yol açıb. İsrailin Ətraf Mühitin Mühafizəsi naziri Gila Gamlielin yerli 103 FM radiosuna verdiyi açıqlaması bu narahatlığın ən gözəl ifadəsidir: “Hayfa limanından təhlükəli kimyəvi maddələri çıxartmalıyıq“.

Di gəl ki, Hayfa limanından bu təhlükəli maddələri çıxarmaq düşünüldüyü qədər asan deyil. 2017-ci ildə bu anbarlarda təkcə ammonium-nitrat maddəsinin miqdarı 12 min tondan artıq idi. İndi həmin ehtiyat daha çox ola bilər. Üstəlik, anbarlarda digər təhlükəli maddələrin olması da istisna edilmir.

Nazir Gila Gamlielin sözlərinə inansaq, sözügedən anbarları boşaltmaq üçün Təl-Əvivə nə az, nə çox, düz 5 il vaxt lazım olacaq.

Hizbullahın isə 5 il oturub Təl-Əvivin o anbarları boşaldacağını gözləyəcəyi inandırıcı görünmür. Təl-Əviv üçün ən təhlükəlisi isə odur ki, bu təşkilat ammonium-nitratla necə davranmağı və ondan bomba kimi istifadə etməyi yaxşı bacarır. Xüsusilə son 8 ildə yaşanan bir çox hadisələr də bundan xəbər verir:

– 2012-ci ilin iyul ayında Kiprin Larnaka şəhərindəki evinin zirzəmisində 8,2 ton ammonium intrat saxlayan bir Hizbullah üzvü Hüseyn Abdullah təhlükəsizlik qüvvələri tərəfindən tutulub;

– 2015-ci ilin avqustunda Küveytdə 3 Hizbullah üzvündə müxtəlif silah və ammonium nitrat aşkar edilib;

– 2017-ci ildə Boliviya hakimiyyəti Hizbullaha məxsus böyük bir anbara basqın etdi. Bomba istehsalında istifadə edilən anbarda 2,5 ton partlayıcı maddə tapılıb.

– 2020-ci ildə Almaniya Hizbullahı “terrorçu” olaraq tanıdı. Almaniyanın cənubunda yerləşən bir müəssisəyə edilən basqın zamanı partlayıcı maddə istehsalında istifadə olunan xeyli miqdarda ammonium- nitrat ələ keçirilıb.

Bütün bu faktlar Hizbullahla ammonium-nitrat zarafatının nəylə nəticələnəcəyinin ən bariz nümunələridir. Yəqin ki, İsrail də təhlükəni yaxşı başa düşür və bu səbəbdən də onunla belə zarafat etmək xəyalına düşməz. O halda sual yaranır: Beyrutdakı partlayışın arxasında kim dayanır?

Nəzərə alsaq ki, bir çox hərbi ekspertlər və ABŞ prezidenti Donald Tramp partlayışın qəzaya bənzəmədiyini açıq şəkildə etiraf edirlər, bu sual aktuallıq qazanır və hələ uzun müddət dünya ictimaiyyətini düşündürəcək.

Amma indidən bəzi ekspertlər Fransadan şübhələnirlər. Partlayışdan əvvəl Livanın indiki hökuməti ilə Paris arasında ciddi ixtilafların yaşandığına dair iddialar var. Hətta nüfuzlu media orqanlarında Fransanın ABŞ-ı Livana müdaxiləyə təşviq etmək üçün “məkik diplomatiyası” yürütdüyü, Trampın isə plana isti baxmadığına dair məlumatlar dolaşırdı.

Livanın keçmiş Fransa müstəmləkəsi olduğunu nəzərə alsaq, bu ehtimal daha da güclənir. Sözsüz ki, bu barədə qəti qərar vermək hələlik tezdir və bəlkə də yuxarıdakı sualın cavabı heç zaman tapılmayacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button