“Bilmək istəyirəm, Azərbaycanla məxfi müqaviləni kim yayıb…”

Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev (2012-2017) Azərbaycanla “Bulgargaz” dövlət şirkəti arasında 2013-cü ildə bağlanmış və məxfi hesab edilən qaz təchizatı müqaviləsini kimlərin ələ keçirib internetdə yaydığını bilmək istəyir.

Plevneliyev yerli “Fokus” agentliyinə açıqlamasında “Bulgargaz” şirkətinin bütün rəhbərliyinin işdən kənarlaşdırılmasını şərh edərkən bu haqda danışıb.

“Bulgargaz” şirkəti son vaxtlar Azərbaycanla bağlı qaz təchizatına görə qalmaqalların mərkəzində idi. Əvvəlcə şirkət ölkənin xüsusi xidmət orqanlarına müraciət edərək Azərbaycanla bağlanmış məxfi müqaviləni internetə sızdırmış adamların müəyyən edilməsini xahiş edib. Belə ki, həmin müqavilədən məxfi informasiyaların sızdırılması Azərbaycan tərəfini qəzəbləndirib və Bakı müqaviləni poza biləcəyi ilə hədələyib. Daha sonra xüsusi xidmət orqanları şirkətdə yoxlamalara başladı, şübhələr isə onunla bağlı idi ki, “Bulgargaz” Azərbaycandan aldığı ildə 350 milyon kubmetr ucuz qazı baha qiymətə qonşu ölkələrə satır, ölkə əhalisinə isə daha bahalı Rusiya qazı verir.

“Bulgargaz” 2013-cü ildə bağlanmış həmin müqaviləyə əsasən Azərbaycandan ildə 1 milyard kubmetr qaz almalıdır. Lakin Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin ( IGB) tikintisi illərdir ləngidildiyindən bu qazı tam həcmdə ala bilmir.

 

Keçmiş prezident hesab edir ki, “Bulgargaz” şirkətinin rəhbərliyinin işdən kənarlaşdırılması son vaxtlar “Bolqarıstanın Avropa inkişafı üçün vətəndaşlar” (QERB) partiyasının dövründə təyin edilmiş kadrların vəzifələrdən kənarlaşdırılması fonunda baş verir. Plevneliyev özü də həmin partiyanın hökumətdə olduğu dövrdə nazir postunu tutub.

“Bilmək istəyirəm, kim Bolqarıstanla Azərbaycan arasında məxfi müqaviləni ələ keçirib və onu internetdə yayıb. Bolqarıstanla Azərbaycan arasında münasibətlərin pisləşməsi ancaq Rusiyaya faydalıdır”, – o bildirib.

Keçmiş prezident hesab edir ki, Bolqarıstanın Rusiya-NATO-Ukrayna münaqişəsində mövqeyi aydın deyil. “Mən NATO rəhbərliyində tərəddüdlər görürəm, bizi sındıran budur ki, Rusiya həmişə öz “troya atlarını” içəri yeridərək Alyansın içərisində destablizasiya yaratmaq istəyib. Rusiyanın hibrid müharibəsi zəif yerlər axtarır, onları tapır və istifadə edir”, – Plevneliyev deyib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button