Binəqədi Rayon Qaz İdarəsi əhalini niyə «qaz»layır?

Rayon Qaz İstismar İdarəsinin yarıtmaz fəaliyyəti var…

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsindəki yeni yaşayış massivinin sakinləri artıq 5 ildir ki, məişət qazı problemindən əziyyət çəkirlər. Dəfələrlə Binəqədi Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən qaz kəmərinin çəkilməsi və verilməsi üçün toplanan vəsaiti ödəyən sakinlər, əvəzində illərdir ki, heç nə əldə edə bilmirlər. Hər il sakinlərdən yeni məbləğ tələb edən idarənin əməkdaşları, sonunda bu problemi gah ARDNŞ-in orada ev tikən məsul əməkdaşının adı ilə bağlayır, gah da büdcədə bu məqsədlə vəsaitin ayrılmadığını bəhanə gətirirlər. Halbuki sakinlərdən yığılan vəsait hesabına bütün qəsəbənin qaz problemi hələ iki il əvvədən həll oluna bilərdi. Sakinlər dəfələrlə müvafiq orqanlara şikayət məktubu göndərsələr, Azərbaycan Respublikasının Prezidentinə müraciət etsələr, problemləri həll olunmazsa etiraz aksiyalarına başlayacaqları haqda xəbərdarlıqlar etsələr də onlara məhəl qoyan olmayıb. Sonuncu dəfə yuxarı instansiyalara edilən müraciətlərdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyi Binəqədi Qaz İstismarı Sahəsinin rəisi Fərhad Vəzirov belə bir cavab məktubu göndərib:

«Binəqədi rayonu Biləcəri qəsəbəsi,
Ordubadi küçəsi yeni yaşayış massivində
yaşayan bir qrup sakinlərə

Binəqədi rayonu QİS-nin rəhbərliyi Sizin 2294 saylı 20.12.2010-cu il tarixli müraciətinizə cavab olaraq bildirir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi yeni yaşayış massivinə baxış keçirdik. Ərazidə d-76 mm-k qaz kəməri istismardadır. Həmin kəmərin müəyyən hissəsi yeraltı olduğu və fərdi ev sayı artdığı üçün ərazinin təbii qaz tələbatını sözü gedən kəmər ödəmir. Qaz təchizatının yaxşılaşdırılması məqsədilə Binəqədi rayonu QİS-in mühəndisləri tərəfindən qazlaşma sxemləri tərtib olunmuşdur. Sxemlər əsasında ərazidə «Ulu» MMC tərəfindən tikinti işlərinə başlanılmış və işlərin 70-80 faizi görülmüş, lakin işlər dayandırılmışdır. Ərazidə təbii qaz kəmərlərinin çəkilişi işləri başa çatdıqdan sonra massivin qaz problemi öz həllini tapacaq».

«Tarixi-Nadir» kitabını əvvəldən axıra qədər oxuduqlarını iddia edən sakinlər rəisin bu məktubundan ümumiyyətlə, bir şey anlamadıqlarını, göz görə-görə sakinləri aldatdığını düşünürlər. Onların fikrincə, Binəqədi QİS həmin əraziyə qaz kəməri çəkməzdən əvvəl ərazinin sahəsini və bu ərazidə tikiləcək fərdi ev sahələrinin artacağını nəzərə almalı, sonra qaz kəmərini diametrinə uyğun olaraq çəkməli idi. Dövlət vəsaitini bu məqsədlə havaya sovuran Binəqədi QİS rəhbərliyinin bu naşılığı nəinki sakinlərə, elə dövlətin büdcəsinə də ciddi zərbə vurdu. Hazırda yeni problemlərin ortaya çıxdığını iddia edən rəhbərlik dövlətin büdcəsinə yenidən əl qoyur və öz «naşı»lığının üstünü ört-basdır etdirməkdən ötrü əraziyə yeni qaz kəmərinin çəkilişinə başlayır və …dayandırır. Yayın ortalarında qaz kəmərinin çəkilişi üçün dövlətdən pul diləyən Binəqədi QİS rəhbərliyi işə başlayır və ilin sonunda, qışın ortasında işi heç bir səbəb göstərmədən dayandırır. Bu dəfə də QİS-in işi bitirmək üçün vəsaitin çatmadığını bəhanə edir, halbuki hər bir layihə təsdiqlənməmişdən əvvəl mütəxəssislər tərəfindən onun büdcəsi tutulur və müvafiq qurumlar tərəfindən təsdiqlənir. İş başa çatdırılmadığı üçün sakinlər həmin vəsaitin Binəqədi QİS rəhbərliyi tərəfindən yeyildiyini iddia edirlər. Bunun nəticəsidir ki, QİS rəhbərliyi bu dəfə də sakinləri əmin etməyə çalışır ki, nə vaxtsa – müddət göstərilmir – yeni qaz kəmərinin salınması başa çatacaq və onlar qazla təmin olunacaqlar. Sakinlər bu cavab məktubundan sonra yenidən Binəqədi rayonu QİS-də olublar. İdarənin baş mühəndisi İlham müəllim sakinlərə bildirib ki, «biz «Azəriqaz»ın birbaşa göstərişini icra edərək, qazın təzyiqini azaltmışıq… Bu məsələ ilə əlaqədar nə şikayətiniz varsa, «Azəriqaz»ın İH-nin sədri Əkbər Hacıyevə müraciət edin və bir daha da bizi narahat etməyin!» Sakinlər cəmi bir gün – dekabrın 31-də qazın normal təzyiqlə ötürüldüyünün şahidi olublar. İstər-istəməz belə birsual yaranır ki, əgər həqiqətən də qaz xəttində problem varsa, onda nə üçün məhz bayram günü qazın təzyiqi normal həddə verilib? Göründüyü kimi qazla bağlı problem sakinlərə süni olaraq yaradılır. Binəqədi QİS rəisi F.Vəzirovun absurd məktubundan, həmçinin müvafiq orqanların bu «oyunlarından» hiddətlənən sakinlər redaksiyaya müraciət edərək, ailələrinin çox çıxılmaz vəziyyətdə qaldığını, onsuz da zəif olan elektrik enerjisi vasitəsilə evləri qızdırmağın mümkünsüz olduğunu söyləyirlər.

Onlar problemlərini dövlət başçısının diqqətinə çatdırmaq məqsədilə etiraz aksiyalarına başlayacaqlarını bildirirlər.

Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyi isə heç bir addım atmır, əksinə sakinlərə ağlasığmaz məsələhətlər verirlər.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button