Binəqədidəki partlayış-yanğınla bağlı 2 nəfər həbs olunub
Bu il yanvarın 15-də Azərbaycan paytaxtı Bakının Binəqədi rayonunda mebel sexində baş vermiş partlayış-yanğınla bağlı 2 nəfər həbs olunub.
Bu barədə bugün, yanvarın 30-da Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda vurğulandığına görə, istintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.
Həbs edilənlər rəsmi məlumatda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı, faktiki sahibi kimi təqdim edilən Tağı İbrahimov və ASC-ni idarə etdiyi qeyd olunan Toğrul Rzayevdir:
“ İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib… Məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib.”
Baş prokurorluq xatırladır ki, yanvarın 15-də baş verən bu hadisə nəticəsində 10 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hələlik, bu açıqlamaya həbs edilən şəxslərdən, onların vəkillərindən və zərərçəkən tərəfdən münasibət almaq mümkün olmayıb.