Bin Laden yaşayır!

Heydər Oğuz

Arzuladığı kimi yox, məcbur edildiyi kimi yaşayan adam ölümü ilə ABŞ-ı bölgədən öz evinə qaytarır…

Bir nömrəli terroristin öldürüldüyünü açıqlayan ABŞ prezidenti Barak Hüseyn Obamanın bu xəbərinə münasibət birmənalı olmadı. Buna sevinənlərlə yanaşı, üzülənlər də, inanmayanlar da var. Fərqli mövqeyindən və inancından asılı olamayaraq indi hər kəsi eyni sual düşündürür. Görəsən, Bin Ladenin ölümü ilə beynəlxalq terror şəbəkəsinin kökünü kəsmək mümkündürmü? Başqa təbirlə desək, sözün geniş mənasında BİN LADEN həqiqətən öldümü?

Bin Ladenin fiziki cəhətdən məhv olduğuna sevinənlərin də, sevinməyənlərin də, inananların da, inanmayanların da sözügedən suala cavabı eynidir: “BİN LADEN yaşayır və uzun müddət də yaşayacaq.” Üzülənlər ona görə belə düşünürlər ki, “Əl-Qaidə” liderinin şəhid olduğuna inanırlar və İslamın müqəddəs kitabı şəhidlərin ölmədiyini bildirir. Sevinənlərin də BİN LADEN-in yaşadığına inandığını sübut edən başlıca amil elə onların öz məntiqində gizlidir. Məlum olduğu kimi Bin Ladenin cəsədini Hind okeanına atdıqlarını bildirən ABŞ yetkililəri bu insanlıqdanuzaq hərəkətlərinə onunla haqq qazandırırlar ki, əgər bir nömrəli terroristin məzarı bilinsəydi, həmin yer mütləq ziyarətgaha çevrilərdi. Yalnız bu faktın özü onun necə böyük nüfuza malik olduğunu, bunun hətta düşmənlər tərəfindən belə etiraf edildiyini göstərir, apardığı mübarizənin hələ uzun müddət yaşayacağından xəbər verir və istər–istəməz növbəti suala yol açır:

– Minlərlə, bəlkə də on minlərlə insanın qatili olan, illərlə dünyanı qorxu və təşviş içərisində saxlayan Bin Laden kimdir və o, bəşəriyyətin ən mərhəmətli dininə mənsub müsəlmanlar arasında niyə bu qədər böyük nüfuza sahibdir?

Bu sualı Bin Ladenin və onun arxasınca gedənlərin əqli və iman gücü baxımından zəif olması arqumenti ilə cavablandırmaq məsələyə səthi yanaşma olub, əsl həqiqəti gizlətmək cəhdindən başqa bir şey deyil. Ən azı o səbəbdən ki, kosmosdan dünyanın hansısa küncündə kiçicik bir böcəyin hərəkətini müşahidə edə bilən texnologiyaya malik bir dövlətin gözündən nə az, nə çox, tam 10 il yayınmaq əlbəttə, böyük zəkanın əsəridir. Həmçinin var-dövlətini, rahat həyatını bir kənara atıb qürbətin insan ayağı dəyməyən dağlarında və həm də top, mərmi, bomba yağmuru altında ömür çürütməyi gözə alan bir insana imansız deməyin özü imana sığmır. Mövqeyimizdən və şəxsiyyətinə münasibətimizdən asılı olmayaraq bu böyük FƏDAKARLIĞA hörmətlə yanaşmaq ilk növbədə öz böyüklüyümüzə dəlalət edər. Eyni sözləri onun davamçıları və bu yolda canından keçənlər üçün də söyləmək mümkündür.

Başqa məsələdir ki, onun davasının İslam əqidəsində yeri yoxdur və ya mübahisə doğurur. Qurani Kərimin “Maidə” surəsinin 32-ci ayəsi “Kim günahsız bir insanı öldürərsə, bütün insanlığı öldürür” buyuraraq müsəlmanları nahaq qan tökməkdən çəkindirir. Bin Ladenin lideri olduğu “Əl–Qaidə” isə əsasən, mülki vətəndaşları hədəfə alırdı. Onun qurbanları arasında heç bir günahı olmayan uşaqlar, qadınlar, qocalar da az deyildi.

Zənnimcə, “Əl–Qaidə” lideri də öz əməllərinin İslamda yeri olduğuna şübhə ilə yanaşır və bəlkə buna görə də bilərəkdən “Bin Laden” təxəllüsünü (soyadı da olsa fərqi yoxdur) daşıyırdı. Məlum olduğu kimi “la” ərəbcə inkar şəkilçisi olduğundan, “ladin” sözü “dinsiz, dini olmayan” mənasına gəlir. Bəlkə də Üsamə onun üçün bu təxəllüsü daşımağa üstünlük verirdi ki, apardığı mübarizənin İslamla əlaqəsi olmadığını göstərsin və dinimizin adını ləkələməsin. Təkcə bu niyyətinə görə ona rəhmət və minnətdarlıq düşür.

Ölümündən sonra ələ keçən vəsiyyəti də onun apardığı mübarizədən həzz almadığını, sadəcə, buna məcbur olduğunu göstərir. Həmin vəsiyyətdə Bin Laden ömrünü olduqca ağır və məşəqqətlərlə dolu mübarizəyə həsr etdiyini, uşaqlarının cihada qoşulmasını arzulamadığını etiraf edir. Həmin etiraf bir daha göstərir ki, Bin Ladenin başqa alternativləri olsaydı, bu məşəqqətli mübarizəyə qəiyyən girişməz, hər kəs kimi rahat evində yaşayar, öz yaxınlarının çiynində son mənzilə gedərdi. Arzuladığı kimi yox, məcbur edildiyi kimi yaşadığına görə bir şəxsə lənət oxumaqdansa, onu zorən terroristə çevirən amilləri qınamaq, zənnimcə, daha ədalətli olardı.

Bin Ladeni dünyanın bir nömrəli terroristi olmağa məcbur edən amilləri iki qrupa bölmək mümkündür.

  1. İslam coğrafiyasındakı ictimai–siyasi vəziyyət…

Yalnız biri istisna olmaqla bütün surələri “rəhimli və mərhəmətli Allah”ın adı ilə başlayan müqəddəs kitaba inanan müsəlmanların indiki vəziyyəti heç bir mərhəmət çərçivəsinə sığmır. Haradasa yüz ildən artıqdır ki, bütün müsəlman dünyası imperialist dövlətlərin əlində oyuncağa çevrilib. Onun bütün sərvətləri acgözcəsinə talan edilir, haqq və azadlıqları əlindən alınır. Bəşəriyyətin haradasa altıda bir hissəsini təşkil edən bu insanların nəinki insan kimi yaşamaq hüquqları yoxdur, hətta heyvan hüquqlarından danışıb iti, pişiyi qorumağa çalışan qərb dövlətləri eyni qayğını belə müsəlman xalqlarından əsirgəyirlər. Bəzən təbii sərvətlərini daha rahat istismar etmək üçün onları həşərat kimi qırır, sayları azalsın deyə bir-biri ilə müharibəyə təşviq edir, rəhbərliklərinə gətirdikləri adı “kral”, “xəlifə”, “prezident” – nə bilim, kim olan imperiya qubernatorlarının zülmü sayəsində məzlum kütləni susmağa məcbur edirlər.

Elmi-texniki tərəqqidən tamamilə məhrum olmuş məzlum müsəlman xalqlarının əllərindəki torpaq sahələrini becərib həyatlarını yoxluq və yoxsulluqlar içərisində sürməkdən başqa çarələri yoxdur. Amma bu acınacaqlı tale belə onlara çox görülür. Qeyri-müsəlman vətənsiz millətlərə yeni yurd düzəltmək lazım olanda müsəlmanların ən bərəkətli və ya müqəddəs dəyər biçdikləri torpaq sahələri yada düşür və yersizlər oralara köçürülüb məskunlaşdırılırlar. Yurd-yuvalarından didərgin düşmüş yerlilərin isə həm aclıqdan ölməmək üçün, həm də müqəddəs torpaq uğrunda mübarizə aparmaq hüquqları doğur.

Müsəlman dövlətlərinin başında duran imperiya nökərləri ağalarının üzünə ağ olmamaq xətrinə öz xalqlarını bu mübarizədə nəinki yalnız qoyur, hətta düşmən səflərində yer alırlar. Məcburən həm təpədən-dırnağa qədər ən müsir silahlara sarılmış düşmənə, həm də yerli padşahlara qarşı əliyalın mübarizə aparan məzlum xalqlar qeyri-bərabər və ədalətsiz müharibəyə cəlb olunurlar. Onların bu mübarizədə canlarını fəda etməkdən başqa çarələri qalmır. Çünki mübarizədən imtinanın məntiqi nəticə etibarilə aclıqdan ölmək olduğu belə vəziyyətlərdə vuruşmaqla vuruşmamaq arasındakı tərəddüd əslində ölümlər içərisindən ölüm seçməyə bənzəyir, can fəda edilərək aparılan mübarizə daha şərəfli görünür və bu reallıq intihar hücumlarının ana fəlsəfəsini təşkil edir.

Öz mübarizələrinə milli azadlıq hərəkatı kimi baxan intihar dəstələrinin əsasən müki vətəndaşları hədəfə alması, nə qədər qeyri-insani və islam ehkamlarına zidd olsa da, bəlkə də başa düşüləndir. Görünür, onlar yalın əllə hərbi qüvvələrin qarşısına çıxıb döyüşməyin mümkün olmadığını düşündüklərindən, bu yolu seçməyə məcburdurlar. Bəlkə də bu yolla imperialist dövlətlərin vətəndaşlarına təzyiq edərək öz hökumətlərinə qarşı qaldırmağı hədəfləyirlər. Təbii ki, bunu üçün günahsız insanların qanını tökmək əxlaqi dəyərlərdən uzaqdır. Amma gəlin bununla da razılaşaq ki, imperialist dövlətlərin vətəndaşlarının müsəlman xalqlarının başına gətirilənlərə laqeydliyi də insanlığa sığmır.

Bin Ladeni və “Əl–Qaidə”ni məhz bu cür ictimai–siyasi vəziyyət doğmuşdur. Bir tərəfdən İsrailin, bir tərəfdən yerli zülm rejimlərinin, bir tərəfdən də onların ən böyük hamisi olan ABŞ və Qərb dövlətlərinin bölgə üzərində yürütdükləri qeyri-insani siyasətə qarşı çıxan vətənpərvərlər intihar hücumlarından başqa alternativ görmədiklərindən “Əl–Qaidə”yə yönəlmişlər. Bin Laden sözügedən təşkilatın sadəcə lideri idi. “Əl–Qaidə”ni isə o yox, İslam coğrafiyasında tüğyan edən ədalətsiz rejimlər, haqsızlıqlar, Allahsızlıqlar yaratmışdır. Onu qidalandıran bu Allahsızlığın kökü kəsilmədikcə hansısa lideri öldürmək, bataqlığı qurutmaq əvəzinə ağcaqanadları bir-bir tutub məhv etməyə bənzəyəcək.

“Əl–Qaidə”nin təşkilati strukturu onun Bin Ladensiz də təhlükə mənbəyi kimi öz mövcudluğunu qorumasına şərait yaradır. Bu strukturda vahid liderə, onun hansısa təlimat və göstərişinə ehtiyac yoxdur. İmperialist güclərin İslama qarşı siyasətini içinə sindirə bilməyən istənilən idealist qruplar intihar dəstələri yarada və öz canları, qanları bahasına mübarizələrini davam etdirə bilərlər. Bu təşkilatın fəlsəfəsində liderin ölümü ilə xəyal qırıqlığına uğramaq, qorxmaq, başsız qalıb dağılmaq kimi amillər yoxdur. Əksinə, ölmüş lideri şəhid görüb müqəddəsləşdirmək və bu müqəddəs yolda onunla bərabər olmaq və ölmək həyəcanı var. Unudulmamalıdır ki, “Əl–Qaidə”nin üzvləri bu yola qədəm qoyarkən, ölümü zatən gözə almış insanlardı. Belə düşüncəyə malik təşkilatı ölümlərlə yalnız gücləndirmək olar.

Nə qədər ki, İslama qarşı siyasətdən əl çəkilməyib BİN LADEN-lər yaşayacaq, vuruşacaq, öləcək və ölümləri ilə cazibədarlıqlarını daha da artıracaqlar.

Bəzən adama elə gəlir ki, Amerika da “Əl–Qaidə”nin kökünün kəsilməsində yox, əksinə, onun gücləndirilməsində maraqlıdır. Öz təbirləri ilə desək, “Bir nömrəli terroristin” dəfn edilmə tərzi  və bunun səbəbi barədə irəli sürülən arqumentin əcaibliyi fikrimizi təstiqləyir. ABŞ yetkililəri Bin Ladenin cəsədinə münasibətdə İslami ehkamlara hörmətlə yanaşdıqlarını və onu Hind dənizinə atdıqlarını bildirirlər. Halbuki İslam ehkamlarında cəsədə bu cür münasibət yolverilməzdir. Bunu yəqin amerikalılar da bilməmiş deyillər. Onların bu cür açıqlamalar verməsi Bin Ladendən çox, İslama hörmətsizlikdir.

Ümumiyyətlə, ABŞ-ın İslam coğrafiyasına hərbi müdaxilələrdə dini ehkamlara qarşı bu cür aşağılayıcı mövqe nümayiş etdirməsi artıq adət halını alıb. Əfqanıstana və İraqa hücumların müqəddəs günlərlə eyni vaxta düşməsi, Səddam Hüseynin Qurban bayramında və fərqli məzhəb mənsublarının vasitəsilə asdırılması bu mənada təsadüfi sayıla bilməz. Hətta o vaxt ərəb dünyası Maliki hökumətinin bu hərəkətini İraq şiələrinin Səddam Hüseyni qurban kəsməsi kimi qiymətləndirmişdi. İslam ehkamlarına qarşı bu cür hörmətsizliklə, görünür, müsəlmanlar arasında kin–küdurəti artırmaq, onların əsəblərini tarıma çəkmək məqsədi güdülməkdədir.

2. ABŞ-ın geosiyasi maraqları

Sirr deyil ki, “bir nömrəli terrorist”in ortaya çıxmasında ABŞ-ın misilsiz xidmətləri olmuşdur. Xidmət deyərkən yalnız İslama qarşı siyasətlə vəziyyəti gərginləşdirməyi və dolayısıyla BİN LADEN-lərin yaradılmasını nəzərdə tutmuruq. Həm də onu nəzərdə tuturuq ki, ABŞ soyuq müharibə illərində İslamçı qrupların güclərindən istifadə etmiş, onları təşkilatlandırmış, bunu üçün hər hansı maddi və mənəvi dəstəyini əsirgəməmişdir. O illərdə Sovetlərə qarşı partizan müharibəsində ABŞ-ın ən yaxın müttəfiqi isə Bin Laden idi. Bir növ öz əli ilə bəslədiyi təşkilatın strukturunu, onu ayaqda tutan ən mühüm sirlərini, maliyyə imkanlarını, ABŞ-dan daha gözəl bilən ikinci qüvvə yoxdur. Məntiqlə özü tərəfindən yaradılan təşkilatı problemə çevrilmədən yox etmək çətin olmamalı idi. ABŞ isə yuxarıda bəhs etdiyimiz siyasətlərlə “Əl–Qaidə” tipli təşkilatların sıralarını genişlətdi. Deməli, “Əl–Qaidə” mübarizəsinin davam və inkişaf etməsində Üsamə Bin Ladendən də maraqlı tərəf ABŞ-ın özüdür.

Təsadüfi deyil ki, dünyada dini ədavətin süni şəkildə qızışdırıldığı vaxtda bir sıra tanınmış strateqlər “mədəniyyətlərarası münaqişələrdən” danışırlar. Yayqın qənaətə görə, “mədəniyyətlərarası münaqişə” ABŞ-ın yeni strateji planıdır və onu mərhələ-mərhələ həyata keçirir. Məsələyə bu baxımdan yanaşanda, Bin Ladenin on il gözdən uzaq yaşaya bilməsinin sirri aydın olur.

Bu strategiyanı şərtləndirən əsas amil soyuq müharibənin bitməsi ilə ABŞ-ın dünya hegemonluğunun ciddi zərbə almasıdır. Soyuq müharibə illərində inkişaf etmiş sənaye dövlətləri Sovet təhlükəsindən çəkinərək ABŞ-ın boyunduruğu altında yaşamaqla razılaşmışdılar. SSRİ dağıldıqdan sonra isə təhlükə ortadan qaxmışdı. Artıq onlar rahat nəfəs ala, heç bir himayəyə ehtiyac duymadan yaşaya bilərdilər. Bu isə Amerika ilə əlaqələrin ədalətli və paritet əsaslarla yenidən tənzimlənməsi deməkdi.

Nəticə etibarilə hegemonluğun əldən verilməsinə gətirib çıxaran bu vəziyyətin bəzi əlamətləri də nəzərə çarpırdı. Amerikanın iradəsindən uzaqlarda Avropa Birliyi adlı qurum yaranır, vahid pul sisteminə keçilir, hətta müştərək ordu formalaşdırmaqdan bəhs edilirdi. Deməli, ABŞ hegemonluğunun simvolu sayılan NATO da öz əhəmiyyətini itirirdi.

Super gücün maraqları baxımından arzuolunmaz situasiyanın qarşısını almaq üçün yeni düşmən obrazına ehtiyac yaranmışdı. Ən qorxulu düşmən isə mədəniyyətcə fərqli olan, qarşısındakının fikrini zərərli görən və ədavəti tarixiliyə söykənən düşməndir.

İslamofobiya yeni strategiyanın bütün tələblərinə cavab verirdi. Yüz illərlə davam edən Səlib yürüşlərinin aqibəti avropalıların qan yaddaşına acı xatirə kimi həkk olunmuşdur və onu oyandırmaq çətin deyildi. Çətin olan sadəcə uzun illər müstəmləkəçilik siyasəti ilə dizi qırılan Müsəlman dünyasının həqiqi düşmənə çevrilə biləcək vəziyyətə gətirilməsi idi. Onun da yolu tapıldı. Yeni düşmən rolunu zəif İslam dövlətləri yox, güclü xarizmatik xarakterə malik şəxsiyyətlər oynaya bilərdilər. “Əl–Qaidə” lideri Üsamə Bin Laden SSRİ kimi nəhəngi Əfqanıstandan qovmaqla bu rolun öhtəsindən gələ biləcəyini sübut etmişdi.

Kim tərəfindən törədildiyi hələ də mübahisə doğuran 11 sentyabr hadisələri yeni düşmən obrazının əzazilliyini artıran qrim oldu. Qəribədir ki, törədildiyi ilk dövrlər Bin Laden hadisənin müəllifliyini inkar etsə də, bütün media qurumları üzünə bağlanaraq cinayət bir növ onun boynuna qoyuldu. O isə artıq düşmən seçildiyini anladığından, məcburən yeni rolunu ifa etməyə başladı.

Liderlik etdiyi təşkilatın struktur forması da Bin Ladenə başqa alternativ verməmişdi. Özü istəməsə də dünyanın müxtəlif yerlərində yaranan və ya yaradılan kiçik dəstələr “Əl–Qaidə” adından terror aktları törətmək iqtidarında idilər. Fikrimcə, Bin Ladenin diri tutulmaq imkanı olduğu halda mühakiməsiz məhv edilməsinin səbəblərindən birini də məhz bu amildə axtarmaq lazımdır. Bəlkə də məhkəmə qarşısında ifadə versəydi, bir çox hadisələrdən xəbərdar olmadığını bəyanlayacaq və iddiasını sübut edəcəkdi. Əslində, öldürüldüyü evdə heç bir kommunal xəttinin olmaması bəzi hadisələrin onun iradəsindən kənarda cərəyan etdiyi ehtimalını gücləndirir.

Bin Ladenin mühakiməsiz öldürülməsi bir çox mətləblərin ortaya çıxmasının qarşısını almaqla yanaşı, həm də İslamafobiyanı yeni mərhələyə yönləndirmək məqsədi daşıyır. Məlum olduğu kimi, ABŞ-ın dünya hegemonluğu naminə yaratdığı yeni təhlükə ocağı olduqca baha başa gəlir. Məlumatlara görə, indiyə qədər keçirilən əməliyyatlar üçün haradasa üç trilyon dollar xərclənib. ABŞ iqtisadiyyatını ciddi şəkildə sarsıdan bu xərclər onu tənəzzülə doğru sürükləyir. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun açıqladığı bəzi həqiqətlər diqqət çəkicidir. Açıqlamaya görə, dünya dövlətlərinin iqtisadi inkişaf tempi indiki kimi davam edərsə, 5 ildən sonra ABŞ dünya liderliyini Çinə təhvil verməli olacaq.

ABŞ-ı bu bataqlıqdan xilas edəcək yeganə hərəkət evinə qayıtmaq ola bilər. Amma yeni təhlükə ocağını formalaşdırmadan və mövcud vəziyyəti qeyri-müəyyənlikdə buraxaraq bölgədən çıxmaq onun beynəlxalq nüfuzuna növbəti zərbəni endirə bilər. Üstəlik, İslam coğrafiyasında yürüdülən qeyri-insani siyasətə qarşı yeni situasiya ortaya çıxmışdır. Bir sıra ərəb dövlətlərində İslami qurupların artıq qınından çıxdığı, ümumxalq etirazının avanqardına çevrildiyi müşahidə olunur. Deməli, İslamafobiyanın yeni nəslini ortaya çıxarmaq üçün münbit şərait yaranıb. Avropanı isti ana qucağına qaytaracaq təhdidlər indi hansısa xarizmatik liderdən yox, onlarla eyni dəyərləri daşıyan dövlətlərdən gözlənilməlidir.

Perspektivdə özünə qarşı yönələcək, hələlik isə strateji maraqlarına qismən cavab verən bu reallıqla razılaşmağa məhkum olan ABŞ-ın bölgədən üzüsulu uzaqlaşması üçün bəhanəyə ehtiyacı vardı. Axı o, bu torpaqlara güya terrorizmi məhv etmək üçün gəlmişdi. İndi əliboş qayıtmaq böyüklüyünə yaraşmır. Adına ən böyük terrorist dediyi Bin Ladeni öldürmək ona bölgəni daha rəzil vəziyyətə düşmədən tərk etmək imkanı verir və ABŞ bu imkandan faydalandı.

Nəticə etibarilə qazanan tərəfin Bin Laden mi, yoxsa ABŞ-mı olduğunu söyləmək çətindir. Ən azı o səbəbdən ki, BİN LADEN-lər əslində Amerikanın zülmündən və bu zülmü bölgədəki təmsilçiləri olan rejimlərlə mübarizədən yaranmışdır. İndi həmin rejimlər çökməkdə, onların ağaları isə evinə qayıtmaqdadır. İslam dünyasında bundan sonra kimin təmsil etdiyi dəyərlərin yaşaya biləcəyinə, lütfən, artıq özünüz qərar verin.

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

3 şərh

  1. H.binladen ABŞ-ın sevmədiyi müsəlman ölkələrinə giriş üçün bir vasitə idi.1970-ci illərin axrlarında SSRİ-yə qarşı yetişdirdiyi bir terrorist idi. Sonralar SSRİ dağılandan sonra daha böyük xülyalara düşən binladen Müsəlman imperiyası yaratmaq başçısı olmaq məqsədi ilə yaşadı. AbŞ-a lazım olmayan istifadə olunması üşün yrarlırı olmayan birisini təmizləmək tələb olunurdu.Onu da etdi.

  2. Mərkəzi Kəşfiyyat idarəsi “əməkdaşlarının” missiyası bitdikdə öldürülür və tabutu dənizə atılır …….????? Və göydən üç alma düşdü …..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button