Bir daş atım bostana

Babalıq

Astana ki oldu bizə Astana

Mən də, yavaş, bir daş atım bostana.

Astanaya xeyli ümid var idi,

Guya ATƏT sülhə tərəfdar idi,

Qırx üz idi – səksəni astar idi,

Baxmadılar Moldova, Gürcüstana

Astanadan çim görünür Astana.

Astanada astanadan keçmədik,

Çünki əzəldən yolu düz seçmədik,

Saxta güzardan qəti əl çəkmədik,

«Gəl-gəl» ilə döndü kələ tərs dana

Fərqi nədir, doqqaz ola, Astana?

Torpağı qaytarmalıyıq, bir quş as,

Ondan əzəl amma vacibdir qisas,

«Mırr» edənin ağzına tut torba bas,

Bir daha «piş-piş» demə kor məstana

Oğru pişik sonda dönər asdana.

Bəlkə, komandor sözü kəmtay salır,

«Dava» deyir, yoxsa ki, lay-lay çalır?

Sanki çıxıb dağda çoban hay salır,

Kimsə inanmır bu filan-fistana

Əfsanəyə kandar imiş Astana.

«Sülh» dedilər vaxtı uzatmaq üçün,

Həm «for» üçün, həm başı qatmaq üçün,

Boş bəyanatdan məna tutmaq üçün,

Var tələbat qəttəzə bir dastana

Sammit ilə oldu əla Astana.

Ay Babalıq, açmaginən sandığı,

Açdın əgər, tökməlisən pambığı,

Bir bumudur sən çobanın qandığı,

Azca da qoy biz danışaq, sus dana!

Min bərəkallah deyərəm ustana

Bircə daşın düşsə əgər bostana.

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button