Bir fərmanlıq ömür

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 İllər öncə Almaniya xristian demokratlarının lideri Helmut Kolun 18 il federal kansler olması bizləri – gəncliyi sovet ittifaqının son 5–10 ilinə təsadüf edənləri çox təəccübləndirdi. Bu qədər müddətdə hakimiyyətdə qalmaq olarmı? Sonra anladıq ki, əslində, cənab Kolu hakimiyyətdə saxlayan məhz alman xalqıdır. Adam normal cəmiyyət uğrunda mübarizə aparıb, normal partiya qurub, normal seçki keçirilib və hər dəfə də milləti Kolu qalib edib. Deməli, alman Kolun 18 illik hakimiyyəti də normal bir haldır. Əgər xalq istəsəydi, AXD–ni bir 18 il də özlərinə xidmətçi edərdi. Bəli, məhz xidmətçi. Demokratik cəmiyyətlərdə hökumətin fəaliyyətinin ana xətti xalqa xidmətdir.

Azərbaycanda isə hər şey tərsinədir. Bu məmləkət yalnız yer kürəsinin əksinə fırlanmır. Yerdə qalan hər şey tərsinə hərəkətdədir. Bu məmləkətdə xalq öz rəhbərini özü seçmir. Respublikaçılıq institutu yalnız sənədlərdədir. Ölkədə düppədüz krallıq var. Hətta bizdə krallıq da fərqlidir. Böyük Britaniyadan, Norveçdən və s. ölkələrdən çox fərqli kralımız və kralımızın krallığı var. Hətta bu məmləkətdə krallığın adı belə ölkə vətəndaşının – yəni sənin, mənim deyil. Bu məmləkətdə Tanrının yaratdığı hər şey bir sürü məmurundu. Həmin sürü istisna yerdə qalan hər kəs hüquqsuz quldur.

Bu məmləkətdə hər məmur öz sahəsində “kraldır”. Xalq üçün div kimi, Baş Kralın hüzurunda xacəsayağı. Sahə kralları özləri haqqında müxtəlf sujetli əfsanələr, rəvayətlər uydurub qulbeçələri vasitəsilə kütləyə çatdırmaqla, məğlubedilməz obrazlarını yaradırlar. Əslində, bu plan iki tərəf üçün hesablanır – kütləyə və baş krala. “Filan nazirin filan milyard pulu var, kral ona toxunsa qiyamət qopar” kimi informasiyalar tərəfimizdən fasiləsiz dövriyyədə olur. Həmin filanın filan miqdar pulu olması bəlkə də özünün ən böyük arzusudur. Amma yox, biz olmasa belə həmin pulu ona “verəcəyik”. Nazir olasan milyardların olmaya, ayıb, çox ayıb…

Bu, bizə lazımdırmı? Kimlərisə lazımsız və lüzumsuz yerə mindiririk boynumuza, sonra da düş–düş başım ağrıyor… Adam düşərmi? Niyə düşsün ki, canım? İllər öncə “Allah bizim ömrümüzdən kəsib Heydər Əliyevə versin” demirdinizmi? İndi olmasın Heydər, olsun İlham, ömrünüzü yemirmi? Verdiyini geri istəmək bu millətin əxlaqına nə qədər yaddır.

Tərəfdarlarına xoş getməsə belə yazacam. Rəsul Quliyev MM–in sədrliyindən Heydər Əliyevi öpüb gedəndən sonra, elə ki ayağını qoydu Conun aeroportuna, oldu əjdaha. Pah, burada aləm qarışdı bir–birinə. “Rəsul Quliyev telefonla müşavirə keçirdi”, “Rəsul Quliyev artıq təyyarədədir” kimi məhz özlərində həyəcan yaradacaq informasiyalar. Bəs sonda? “Hakimiyyət Rəsul Quliyevi ölkəyə buraxmadı” kimi özünə haqq qzandırıcı cavablar. Hakimiyyət Rəsul Quliyevi ona görə qovmamışdı ki, yenidən qaytarıb özünə baş ağrısı etsin. Əslində, Rəsul Quliyev özü gəlməli idi. Lap Hüseyn Arabulun qaçması kimi özü yol tapıb gəlməli idi. Sonda məlum oldu ki, adamı qəhrəman edən onun ətrafının yaydığı informasiyalar imiş. Özünə qalsa bir partiya qurmaq belə imkanı yox imiş.

Və ya həbsdə olan hər hansı bir tanınmışın azadlığa çıxmasına az qalmış şou başlanır. “Adam çıxıb filan edəcək”. Adam çıxır və filan edir – gedib Heydər Əliyevin məzarı başında sual işarəsinə dönür. Di get. Bir müddət gözlə, sonra axtar, yenə bir xəyali qəhrəman yarat.

Əli İnsanov haqqında Koroğludan daha çox əfsanə yaratmışdılar. İndi adama “vəziyyətin necədir?” – sualına, “siz Allah məndən əl çəkin, hər mətbuata danışandan sonra pis olan vəziyyətimi bir az da pisləşdirirlər” – deyə yalvarır.

Bu məmləktdə Kəmaləddinin də, Ziyanın da, Ramizin də, ümimiyyətlə, hər məmurun yalnız bir fərmanlıq ömürləri var. Elə ki həmin fərman verildi, adamlar artıq yoxdurlar. Bura İraq kimi yerdir. Kimsə öz sahibi uğrunda döyüşmür.

 “Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button