Bir həftənin 3 yubileyi

Cavanşir Kazımlı

İşğal olunmuş rayonlardan birinə ulu öndərimizin adını verək…

Şuşanı bada verməyimizdən 19 il keçir. Şuşalıların deməyinə görə, şəhər xəyanətin qurbanı oldu. Kimisi də deyir, şəhəri döyüşsüz təhvil verdilər. Hətta bəzən eşidirik ki, şəhər satılıb. Allah alana da xeyir verməsin, heç satana da. Ancaq bir tərəfdən, bunu ziyanını biçarə Yaqub Məmmədov çəkdi.

Bu həftə 3 yubiley qeyd edəcəyik. Birincisi, Şuşanın bada verilməsi, ikincisi, faşizm üzərində qələbə, üçüncü “Yubiley” isə yazının sonunda bəlli olacaq. O vaxt Azərbaycanın Ali Sovetində hüquq-mühafizə orqanları Şuşanın verilməsini, Xocalı hadisələrinin istintaqını aparırdılar. Günahkarlar da öz vətəndaşlarımız idi. Həmin vaxt Eynulla Fətullayev eşitdiklərinin güdazına getdi. Adam çox şey eşidər, ancaq az danışar. O zaman keşmiş hakimiyyəti gözdən salmaq üçün bütün xəyanətlər bəzi insanların ayaqlarına yazıldı.

AXCP hakimiyyətindən vaxtsız istefa verən, milli hisslərini boğa bilməyən generalımız İsgəndər Həmidov da ayağına yazılan nahaq cəzanı çəkmək məcburiyyətində qaldı. Bəlkə də millətinə və dövlətinə olan müqəddəs hisslərini boğa bilsəydi, vaxtsız istefa verməsəydi, hadisələr başqa cür cərəyan edərdi. İsgəndər Həmidovu ona görə xatırladım ki, o, Daxili İşlər naziri idi.

O, həbs olundu, Şuşanı təhvil verən Elburus Orucova isə general rütbəsi hədiyyə edildi. Elə Nəcməddin Sadıqov da böyük vəzifəı sahib oldu. O vaxtkı müzakirələr zamanı indiki Müdafıə naziri Səfərcan Əbiyev nazirlikdən Ali Sovetə “donos“ daşıyırdı. Axır ki, o da döyüşkən general olmaya-olmaya müdafiə naziri oldu. Bizə hələ də müəmmalıdır ki, Şuşanı kim təhvil verib? O ki qaldı Şuşa və Xocalının icra hakimiyyəti başçılarına, nə qədər boyunlarından atsalar da, bu xəyanətdən xəbərdar olublar. Hər ikisini ekranda görəndə insan özünə və vəzifə kürsüsünə nifrət edir. İllah da ki, Elman Məmmədovu görəndə… 1992-ci ildən sonra 3-4 ayın içində 2 hakimiyyət dəyişikliyi oldu. Əslində, bu hadisələr ölçülmüş-biçilmişdi. Xocalı faciəsi Ayaz Mütəllibovun başını yedi. Şuşa isə tez-tez küsən, böyük oyunlardan başı çıxmayan Yaqub Məmmədovu yıxdı.

1993-cü ildə Heydər Əliyev dövründə verilən bir neçə rayon heç kimin başını yemədi. Gəncə qiyamı isə Əbülfəz Elçibəyin taxtdan salınması ilə nəticələndi. Bu ölkədə heç bir zaman heç nə təsadüfi baş verməyib, elə indi də belədir.

Dünən su axurunu aydınlığa çıxaran Oqtay Əsədov yaxın günlərdə İlham Əliyevin qələbə gününü tarixə yazacağını dedi. Allah eləsin. Bir təklifim də var. İşğal olunmuş rayonlardan birinə ulu öndərimizin adını verək. Heç olmasa onda Səfərcan qeyrətə gəlib o rayonu işğaldan azad edər.

Və sonda ücüncü yubiley – 10 may ulu öndərin ad günüdür. Mən də sadə bir azərbaycanlı kimi ulu öndərimizin 88 yaşını fağır Davudla birgə qeyd edəcəyəm. Ancaq nə qədər fikirləşsəm də, bir qərara gələ bilmirəm. Görəsən, dünənki Şuşanın “yubiley”inın xəcalət hissi bu solmuş güllərin bayramını bayram kimi keçirməyə imkan verəcəkmi?

Gül bayramında gül… Gülə bilsən…

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button