Bir hakim haqqında xoş yazı…

Hüsaməddin Əhmədov

Cəlilabad şəhəri

Cəlilabad Rayon Məhkəməsi – İnam və ümid yeri!

Ön söz əvəzi:

Yaşadığımız həyat həqiqət və səxavət üzərində qurulub. Onun fundamental mahiyyətində ədalət dayanır. Baxmayaraq ki, həyat həm də qəlizdir və qəliz həyatın qəliz də fəlsəfəsi var. Amma bu fəlsəfənin ən sadə izahı, ən bəsit ifadəsi cənabi Haqqın dünyaya bəxş etdiyi mükəmməl və kamil insanlardır. Mükəmməl və kamil insanlar isə o insanlardır ki, onlara verilmiş ömür payını digərlərinin xoşbəxt həyatı üçün sərf etmişlər. Bu mənada Heydər Əliyevin həyatı və dövləti fəaliyyəti örnəkdir. Xoş o insanların halına ki, Onun həyatını özləri üçün nümunə, dövləti fəaliyyətini onlara etibar edilmiş vəzifədə özlərinə prinsipial örnək kimi qəbul ediblər.

Deyirlər, “həyat daha çox insana xoşbəxtlik gətirənləri ən xoşbəxt insan kimi dəyərləndirir”. Baxmayaraq ki, bədxah insanlar, nadan və paxıl vəzifə sahibləri belələrinin yüksəlişinə süni maneələr törədir, daha çox insanları xoşbəxt etmək missiyasına əngəl yaradırlar. Belə xoş məramlı missiya daşıyıcılarından biri də Cəlilabad rayon məhkəməsinin sədri Əliəjdər Ələkbərovdur.

 

Barış hakimi: Əliəjdər Ələkbərov…

 

Dərd əkərsən dərd bitər. Bəs xoşbəxtlik necə? Anlamaq, ayırd etmək çox çətindir. Bu iki məfhum arasındakı fərq ondadır ki, dərdi əkəndə də, biçəndə də dərd olduğunu bilirsən. Amma xoşbəxtliyi əkdiyin zaman belə, bilmirsən, bu xoşbəxtlikdir, yoxsa xoşbəxtliyin oxşarı. Bütün hallarda, dərdin toxumu var. O, insan daxilinin elə gizli və əlçatmaz guşəsində yuva salıb ki, onu məhv etmək mümkünsüzdür.

Məncə, cənabi Haqq xoşbəxtliyi xırda bir xurcundan artıq

yaratmayıb. Hamı o xurcundan pay götürmək uğrunda döyüşür. Fəqət həmişə qazanan güclülər, insan qanına susayanlar, mənəviyyat dəllalları olur.

Məhkəmə orqanları dərdli insanların üz tutduğu sonuncu instansiyadır. Xoşbəxt adamın məhkəmədə nə işi var ki?! Xüsusən, ailə və ailədaxili mülkiyyət məsələləri ilə bağlı iddiaların sayı günü-gündən artdıqca cəmiyyət iyrəncləşir. Beləliklə, övlad valideynlə, qardaş-bacıyla, ər-arvadla və s… üz-üzə dayanır. Bu cür anormal məsələlərin haradan və nədən qaynaqlandığını anlamaq, birbaşa ailə dayaqlarını məhv edən səbəbləri tapmaq hakimdən xüsusi məharət və mənəviyyat, eyni zamanda böyük mədəniyyət tələb edir. Məhz bu məqamda Əliəjdər Ələkbərovun tayı-bərabəri yoxdur. O, həm xeyirxah insan, həm vicdanlı hakim kimi həmişə öz sərt mövqeyini ortaya qoymaqla sonda ailələrin dağılmasına imkan vermir. Əksər cəlilabadlılar onu “Barış hakimi” adlandırır.

 

Əliəjdər Ələkbərov və komandası

 

Bir zaman gələcək, bəşəriyyəti şərin baltasından, zalımın zülmündən hakimlər xilas edəcək (Bu mənim şəxsi fikrimdir.) Hakimlik şərəfli və müqəddəs vəzifədir. Bütün hüquqşünaslar hakim ola bilsələr də, bütün hüquqşünaslar bu vəzifəyə ilahi status verməyə qadir deyillər. Buna görə mən hakimləri iki kateqoriyaya ayırıram: sadəcə hakimlər və ilahi hakimlər. Sadəcə hakimlər o hakimlərdir ki, onlar üçün müəyyən meyar və kriteriyalar toplusu mövcuddur, onlar daha çox şərin baltası rolunda hərəkət və hərəkətsizliklər edirlər. Belələrinin adətən üç mizan-tərəzisi olur. Tərəzinin biri ədaləti haqsızlıq kimi çəkir, ikincisi haqsızlığı ədalət kimi. Üçüncüsü isə iki tərəzinin “ədalət”ini əsaslandırmaq üçündür. İlahi hakimlər isə o hakimlərdir ki, onlar üçün ədalətdən başqa ölçü və meyar yoxdur. Cəlilabad rayon məhkəməsinin sədri Əliəjdər Ələkbərov da belələrindəndir öz yerində. O, həm də rayonun ictimai həyatında çox fəal iştirak edir. Onu imkansız insanların xeyir-şər məclislərində iştirak edən, tikinti meydanlarında işləyən görmək adi hala çevrilib. O, həmişə adi insanların çevrəsində və maraq dairəsində olan vəzifə sahibidir. Ədalətli və obyektiv hakim kimi ad qazanması, humanistliyi və haqqı nahaqqa verməməsi onu insanlara sevdirir. Bir sözlə, rayonumuzda ədalət mühakiməsinə inam və etibarın artması Əliəjdər müəllimin peşəkar və obyektiv fəaliyyətinin nəticəsidir desək, yanılmarıq.

Cəlilabad rayon məhkəməsinin hakimləri Mirələm Quliyevin, Mustafa Mustafayevin də səmərəli və peşəkar fəaliyyətini qeyd etməmək ədalətsizlik olar. Alicənablıq və xeyirxahlıq kimi müqəddəs hisləri ruhlarında gəzdirən hər iki hakim insanlara müstəsna səmimiyyətləri ilə seçilir, onlara doğru yol göstərməkdən böyük məmnunluq duyurlar. Ümumiyyətlə, Cəlilabad rayon məhkəməsində köksündə haqq-ədalət məşəli yandıran insanlar çalışır. Məhkəmə nəzarətçiləri və içraçıları bölməsinin əməkdaşları da bu sıradadır. Bölmənin rəisi Şölət Şahverdiyev insanda səmimiyyət və mehribançılığın hökm sürdüyü bir ailə başçısı təəssüratı yaradır. Bölmənin əməkdaşları – İlham Rəhimov, Nicat Bəhmənov, Səbuhi Həmzəyev işlərinin öhdəsindən gəlmək üçün gecə-gündüz işləyirlər. Onlar insanlara münasibətdə etibarlı dost, mükəmməl yoldaş, yaxşı həmdərd olmaqla bərabər, insanlara bu günə gələcəyin gözü ilə baxmağı təlqin edən pozitiv xarakterli məhkəmə məmurlarıdırlar.

…Prezident İlham Əliyevin 2011-ci il14 yanvar tarixli müşavirədə korrupsiya və rüşvətxorluqla mübarizəni intensivləşdirmək siyasətini bəyan etməsindən sonra rayon məhkəməsində nəzarət və məsuliyyət daha da gücləndirilmiş, ictimaiyyətin maarifləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilməyə başlanmışdır.

 

Son söz əvəzi:

 

Bildiyim qədər Əliəjdər müəllim tərifdən xoşlanan insan deyil. Xüsusən də bu tərif ictimailəşə. Amma bu mənim umurumda da deyil. Sadəcə çalışdım ki, vətəndaş mövqeyimdə obyektiv olum və doğrudan da hər türlü tərifə layiq Cəlilabad rayon məhkəməsi haqqında öz ürək sözlərimi yazım. Yazdım da… Necə alındığını deyə bilmərəm. Lakin cox rahatam. Üstəlik, yazdıqlarım Cəlilabad rayon məhkəməsinin kollektivi üçün əlavə stimul yaradarsa, özümü xoşbəxt sanaram.

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button