Bir işıq pulu məsələsi və Əbülfəz Elçibəy

Azər Həsrət

azer@azerhasret.com

Avqustun 30-da Fəxri Xiyabana gedərək Türk Dünyasının böyük oğlu, Azərbaycan milli azadlıq hərəkatının əvəzsiz öndəri, bağımsızlığımızın banisi Əbülfəz Elçibəyin məzarını ziyarət etdim. Bu günü seçməyim təsadüf deyildi. 22 avqust Elçibəyin haqq dünyasına qovuşduğu gündür və həmin gün onu sevənlər məzarı başında toplaşırlar. Toplaşanlar arasında bəzən hər cür siyasi dəllallar da yer aldığı üçün həmin gün ora getməməyə qərar vermişdim. Düşünürdüm ki, daha sonrakı günlərdə Bəyin məzarını ziyarət edərəm.

Etdim də. Məhz 30 avqust günü. Çünki bu gün Türkiyədə Zəfər Bayramı günü kimi qeyd edilir. Üstəlik, bu gün bu il islam dünyasının Ramazan bayramı ilə üst-üstə düşürdü. Və əlavə olaraq, Azərbaycanın müstəqillik bəyannaməsinin qəbul edilməsi də bu günə təsadüf edir. Belə bir gündə məzarı başına gediləcək tək Şəxsiyyət məhz Əbülfəz Elçibəydir ki, biz də onu etdik!

Ancaq sözümüz bunda deyil. Elçibəylə bağlı son həftələr mətbuatda yer alan demaqogiyalar əslində, bu yazını yazmağımıza səbəb oldu.

Qəzetlər yazırdı ki, “hakimiyyət keçmiş prezident Əbülfəz Elçibəyin ailəsinin işığını kəsib”. Səbəb kimi də bu ailənin istifadə edilən elektrikə görə borcunun olması göstərilirdi. Həmişə özünün hay-küyçülüyü ilə seçilən qəzetlər və onların “jurnalistləri” bu halın hakimiyyətin Əbülfəz Bəyin ailəsinə qarşı daha bir basqısı olduğunu iddia edirdilər. Hətta məsələ böyüyərək Türkiyəyə qədər gedib çıxdı. Bunun ardınca da Türkiyədəki ülkücülər rəsmən etiraz ifadə edərək, Azərbaycan hökumətini bu ayıbı aradan qaldırmağa çağırdılar. Əslində isə ayıb olan başqa bir şey idi ki, buna da aşağıda toxunmağı düşünürük.

Düzdür, Elçibəyin ailəsinin işığı kəsilmişdi. Ancaq burada heç bir siyasi səbəb axtarmağa yer yoxdur. Çünki ailə elektrik pulunu nəzərdə tutulan zaman çərçivəsində ödəməmiş və Bakıelektrikşəbəkə də uyğun şəkildə davranmışdı. Heç bir qanun pozuntusundan, Bəyin ailəsinə qarşı ayrıcalıqdan söhbət gedə bilməzdi. Hər şey tam qanun çərçivəsində gerçəkləşdiyi üçün təbii ki, kimsənin iradı haqlı ola bilməzdi. Ancaq biriləri iddia etdilər ki, hakimiyyət bu ailənin işığını qəsdən kəsib! Nə qədər əsassız bir iddia!

Elə isə iri çaplı məmurların işıq pulu ödəmədiyinə görə işıqlarının niyə kəsilmədiyini sorğulayan da eyni qəzetlər və eyni jurnalistlər deyilmi? Necə olur ki, işıq pulu ödəməyən nazirlərin işığı kəsilməlidir, ancaq keçmiş prezidentin ailəsinin isə yox? Məgər qanun qarşısında hamı eyni deyilmi? Məgər elektrik satan qurum kiməsə pulsuz elektrik verməyə borcludurmu? Lap elə bu, mənim də şəxsən sayğı duyduğum Elçibəy ailəsi olsa belə? Əsla yox! Elektrikdən istifadə edən hər kəs, hətta hazırkı prezident İlham Əliyev belə uyğun şəkildə işıq pulunu ödəməlidir! Bu, məsələnin bir tərəfi.

Digər tərəfə gəlincə, yuxarıda da qeyd etdiyimiz kimi, bu olay böyük bir ayıbı üzə çıxardı: Azərbaycan dövlətinin bağımsızlığının banisinin ailəsi bir işıq pulunu belə ödəməyəcək qədər fəqir durumdadır! Bəli, bu bir ayıbdır! Tək hakimiyyət üçün deyil, bütün millət üçün ayıbdır! Ancaq ayıbın böyük bir kəsimi hakimiyyətin deyil, bu gün Elçibəy mirası üzərində özlərinə siyasi karyera quranların üzərindədir!

Bu işıq olayından bəlli oldu ki, adında Xalq Cəbhəsi sözləri olan və özlərini Elçibəyin rəsmi davamçıları sayanların partiyalarının heç biri onun ailəsi ilə maraqlanmır! Böyük ayıbdır! Bundan başqa, adlarında Xalq Cəbhəsi tərkibi olmadan da özlərini Elçibəyin ardıcılı sayan siyasi kəsimlər də onun ailəsi ilə maraqlanmır demək ki! Bu da çox böyük ayıbdır! Bunları da bir kənara buraxaq.

Elçibəy dünyasını dəyişərkən eşitdiyimə və bildiyimə görə, ailəsini kürəkəni Aqil Səmədbəyliyə əmanət etmişdi. Anlaşılan, Aqil bəy əmanətə heç də yetərincə diqqətli yanaşmır…

Yaxşı, deyək ki, hakimiyyət pisdir və Elçibəyə layiq olduğu dəyəri vermək istəmir. Bunu anladıq. Elə isə Elçibəyə bu dəyərin verilməməsindən daim əndişə duyanların özləri niyə onun ailəsini diqqətdən kənar qoyurlar? Üstəlik ailəsinin işıq puluna görə elektriksiz qalmasını da bütün dünyaya car çəkirlər? Ayıb üstünə ayıb!

Birinci ayıb odur ki, Elçibəy kimi bir Şəxsiyyətin (ki, bu Şəxsiyyət millət yolunda hər şeyindən keçməyi bacarırdı) ailəsinin işıq pulu ödəmə imkanı yoxdur! Bu ayıb ailənin deyil, həmin ailəyə qayğı göstərməli olan Elçibəy varislərinin ayağına yazılmalıdır!

İkinci ayıb odur ki, Bəyin ailəsinin işığının kəsilməsini biriləri aləmə car çəkərək ondan sonra əzizlərinin necə bir günə düşdüyünü dünyaya bəyan edirlər! Lap elə tutaq ki, hansısa səbəbdən işıq kəsilmişdi. Bu xəbəri ilk olaraq eşidən Elçibəy varisi nədən işıq pulunu ödəmək yerinə bunu aləmə bəyan edirdi? Şəxsən mən istəmərəm ki, ölümümdən sonra ailəmin bu cür probleminin olmasını dünya bilsin. Şübhə etmirəm ki, Elçibəy də belə bir insan idi.

Üçüncü ayıb isə odur ki, məsələyə Türkiyə ülkücülərini də alət etdilər! Ülkücülər ülvi duyğularla silahlanmış, Türk millətinin ən əsas hədəfi uğrunda çarpışan insanlar olduğu halda Azərbaycandan biriləri onları bu cür ucuz göstəriyə alət etdilər! Milliyyətçilik adına belə cılız oyunlar oynayanlar da var Azərbaycanda! Özü də nə qədər istəsəniz!

Elə bu işıq məsələsinin kökündə dayanan mətləb də burada aydın olur: biriləri Elçibəy və onun ailəsinin adından istifadə edərək Türkiyə milliyyətçilərinin ülvi hislərini istismarla məşğuldur! Diqqətli Oxucuların yadında olar yəqin, bir zamanlar da “Azərbaycan hakimiyyətinin basqıları üzündən” Elçibəyin ailəsinin Türkiyəyə köçüb gedəcəyi ilə bağlı demaqogiyalar dövriyyəyə buraxılmışdı. Lap tutaq ki, hakimiyyət pisdir, basqıçıdır, insan haqlarını pozur, iqtisadi azadlıqları əngəlləyir və s. Ancaq Elçibəyin ailəsindən (hazırda bu ailə onun xanımı və oğlundan ibarətdir) onun alıb verə bilmədiyi nə var axı? Elçibəyin nə xanımı, nə də ki, oğlu siyasi fəaliyyətlə məşğul deyil, hakimiyyətə heç bir formada təhlükə təşkil etmirlər. Belə olan halda niyə hakimiyyət ağrımayan başını ağrıtmalıdır? Elçibəyin ailəsinə hakimiyyətin qayğı göstərmədiyi bəllidir, hətta anlaşılandır. Ancaq bundan daha böyük ayıb Elçibəy mirasçılarının onun ailəsinə biganəliyidir axı! Hələ bir siz özünüz ardıcılları olaraq Elçibəyə layiq olduğu dəyəri verin, sonra hakimiyyətdən eyni şeyi tələb edərsiniz!

Son olaraq onu da əlavə edim ki, Bəyin ailəsinin işıq pulunu gerçək ardıcıllarından biri ödədi. Heç adını belə açıqlamadan. Sakitcə, demaqoqluq etmədən ödədi. Bəlkə də zamanında xəbəri olsaydı, o şəxsiyyət məsələnin bu həddə çatmasına imkan verməzdi. Qalanını da qoy Oxucu özü düşünsün…

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button