Bir məqaləyə yazılmış qeydlər haqda

Elmir Mirzoyev

Yazıçı-pulisist Seymur Baycanın “Mən niyə ziyalıya çevrilə bilmirəm?” məqaləsinin Qafqazinfo.az sitesində dərcindən sonra ona Oxucular tərəfindən yazılmış qeydləri nəzərdən keçirdikdə cəmiyyətimiz barədə hansısa reallıq hisslərindən nə qədər uzaq olduğumu anladım.

Yazıda ölkəmizin insanlarının vətəndaş mövqeyindən, ziyalı və ictimaiyyət problematikasından bəhs edilib. Məqalənin məzmunu ilə tanış olmayanlara onu Qafqazinfo sitesində oxumağı tövsiyə edirəm. Mütləq oxuyun, amma burada o məqaləyə yazılmış və biabırçı qeydləri oxuduqda məni bürümüş dərin utanc hisslərindən bəhs etmək istərdim.

Doğrusu utanc hissi bir çox insani keyfiyyəti özündə əks etdirən, eyni zamanda cəmiyyətdəki durumu tənzimləyən vacib hisslərdən biridir. Bu hissin ictimai anlam kəsbi “üz üzdən utanar”, “utanmasan oynamağa nə var ki?” kimi məsələlərdə özünü tapıb.

Görəsən, utanc hissi nədən irəli gəlir? Tərbiyədən, yoxsa insanın təbiətindən? Bunu düşünsək gedib İbrahimi dinlərin kökünə çıxırıq – Tanrı Cәnnәtdә yaşayan Adәmlә Həvvaya buyurur ki, burada istәdiyyiniz ki­mi ömür sürün, bircә o idrak ağacının meyvəsini dadmayın. İlan öncə Hәvvanı yoldan çıxarır, o da əri Adəmi. Sonra ikisi dә bilik ağacının meyvəsini yeyir vә ayılır, biri-birindən utanmağa başlayırlar. Ona görә dә Tanrı onlara qәzәblәnib Cәnnәtdәn qovur. Utancın tarixçəsi qısaca olaraq belə başlayır, ardını isə Adәm vә Həvvanın övladları kimi təxmini bilirik. Demək, utanmaq üçün nəyisə bilmək, ən azından nəyisə düşünmək gərəkdir.

Bu hissin cəmiyyətimizdə buxarlanaraq çoxdan yoxa çıxmasını hamımız müşahidə etmişik. Əslində, bizim televiziya, radio, ümumiyyətlə mediada, bütün mümkün formatda yaltaqlıqla müşayiət olunan orgiyaları görən istənilən insan utanmalıdır. Cəmiyyətdəki total savadsızlığın özülləri olan “ziya(n)lı”ları, rüşvətxor ali məktəb müəllimlərini, elmə aidiyyatı olmayan akademikləri, əyalətdə çoban olmağa ləyaqəti olmayan professuramızı görən də utanmalıdır. Daxildə baş verən biabıçılıqdan, zorakılıqdan, əzici sosial problemlərdən, yırtıcı məmurlardan, vətəndaş çırpan polislər haqda cınqırını çıxara bilməyən, bunun müqabilində ermənini və İranı icazəli rahatlıqla söyməkdə “əzmkarlıq” nümayiş etdirən ziyalı adlananları (Seymurun məqaləsində məhz bunlardan bəhs olunur), “millətçi” və “türkçülər”i görəndə untanc hissi duymalıdir.

Lap bu yaxınlarda, 1993-də, hələ 18 il əvvəl baş vermiş sarsıdıcı məğlubiyyətimizin səbəblərini belə araşdırmayan, bunun müqabilində facebookda Şah İsmayılla Sultan Səlimin Çaldıran düzündəki 500 il öncə baş vermiş hadisəsinə “bu döyüş bütün türk dünyasına ağır zərbə oldu” kimi yas tutan, burnunun ucunda dövlətinin parçalanma baiskarlarının kim olduğunu bilməyən, amma guya ki, “Urmu dərdi” çəkib və yenə də sonda bütün naqisliklərin səbəbkarının Avropa olmasını iddia edən “gəncləri” görəndə analoji hiss keçirməlidir. Hər şey bir kənara, elə bir il əvvəl keçirilmiş “seçkilərdəki” “namizədləri” görən, onların çıxışlarını azca da olsa dinləmiş insan gərək utandığından yerə girsin. Nəsə, bu utancların tam siyahısı sonda dissertasiya mövzusu və psixiatriya söhbətləri olacaq, çalışaq ki, məsələni bir qədər yekunlaşdıraq.

Doğrusu, şəxsən mənim cəmiyyətimiz adına olan dərin utanclarımın kökünün əsas səbəbləri müharibədəki sarsıdıcı məğlubiyyətimiz və MDB məkanında faktiki ilk monarxiya quruculuğumuzdur. Bütün başqa məsələlər – total korrupsiya, qeyri-legitim avtoritar hakimiyyət, insan haqları və s. məsələlərin biabirçı durumu, şəffaf cəmiyyətin utopiyaya çevrilməsi, medianın gülünc vəziyyəti, naqis “ziyalılar”, əhalinin böyük qismində illərdən bəri yığılmış gələcəyə ümidsizlik və bunların son nəticəsi kimi bütün passionar və istedadlı insanların çıxışı yalnız mühacirətdə görməsi məhz bu səbəblərdən qaynaqlanır. Ölkədəki ictimai kolliziyaların, dərin mənəvi krizisin, faktiki siyasi kollapsın nəticələrini axtarmaq istəsəniz, sonda yalnız bu iki məsələ ilə üzləşəcəksiniz. Və diqqətli insanlar əlbəttə ki, bu iki səbəbin bir-biri ilə bilavasitə əlaqədə bulunduğunu bilməmiş olmazlar.

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button