Bir mətbuat fədaisi daha bizi tərk etdi – Məhəmməd Novruzlu…

Hekroloq…

Milli Qurtuluşçuların qəlbində və tarixində yeri olan mərd döyüşçü, əqidə adamı, əsl mübariz və mətbuat fədaisini itirdik…

Ömrünün ən məhsuldar vaxtlarında və çox erkən itirdik Məhəmməd Novruzlunu. Ürəyində Qərbi Azərbaycandan didərginliyinin nisgilini yaşadan, Qarabağ uğrunda döyüşən, Təbrizin qoxusunu ömrünün sonuna kimi yanında yer aldığı Hatəmi Tantəkindən alan, Milli Azadlıq Hərəkatının ilk günlərindən ədalətsizliyə, haqqsızlığa, rus imperiyasının millətimizin başına açdığı oyunlara etiraz olaraq mübarizəyə qoşulan və bu günlərə qədər Milli Qurtuluş Partiyasında siyasi, “Azad söz” qəzetində mətbu mübarizəsini davam etdirən bir vətən oğlunun, bir türk milliyyətçisinin bu qədər tez həyata əlvida edəcəyini bilmirdik. Partiyanın Siyasi Şurasına qatıldığı anlarda hər birimizə özünün həddindən artıq çətin durumda yaşamasına baxmayaraq, ümid verməsi, müsbət enerjili aurası ilə ruhlandırması, bizdən fərqli olaraq əski qurtuluşçu olduğu üçün partiyanın yeni rəhbərliyinə qısa bir müddət ərzində uyğunlaşması onu hamımızın sevimlisinə çevirmişdi. Bir müddət əvvəl öz şəxsi durumu ilə əlaqədar Bakını tərk edərək, Gəncədə məskunlaşması onun Siyasi Şura üzvü kimi fəaliyyətinə problem yaradırdı. Amma nə qədər çətin olsa da, iclaslarımıza qatılmaq üçün Gəncədən Bakıya gəlməsinin özündə də digər partiya yoldaşlarına bir nümunə təqdim etmək cəsarəti görünürdü. MQP, Hatəmi Tantəkin onun həyatında mühüm yer tuturdu, təsadüfi deyil ki, o, nə qədər ağır maddi durumda olmasına baxmayaraq, öz hesabına Hatəminin 75 illiyi ilə bağlı “Azad Söz” qəzetinin xüsusi buraxılışını nəşr etdirmişdi.

Məhəmməd Novruzlu arzularını, ümidlərini ürəyinə sığışdıra bilmədi, daha doğrusu, ürəyi bu ağırlığa tab gətirmədi. Bu amansız dünyadan qəfil getdi, heç birimiz onunla vidalaşa bilmədik. Bu sətirlər ürəyimizdə qalan vida görüşündə söyləyəcəyimiz fikirlərin çox cuzi bir hissəsidir. Amma hələ görüşümüz olacaq. Qarabağda, Göyçədə, Zəngəzurda, Borçalıda, Dərbənddə, Mosulda və ən nəhayət, Təbrizdə bayrağımız dalğalanan gün Onun da ruhu fatehlərlə birlikdə olacaq. Qısa ömründə gerçəkləşdiyini görə bilmədiyi arzularına ruhu şahidlik edəcək. Millətimizi ağır güzəran, saysız-hesabsız problemlər məngənəsində sıxanlar qoy sevinməsin! Bu yurd, bu torpaq mücahid, mübariz, dönməz oğullarının yerini boş qoymayacaq!

Ruhun şad olsun, Məhəmməd bəy! Əmin ol ki, uğrunda mübarizə apardığın ideallar mütləq qalib gələcək, sən isə Milli Qurtuluşçuların qəlbində və tarixində yeri olan mərd döyüşçü, əqidə adamı, əsl mübariz və mətbuat fədaisi kimi əbədi yaşayacaqsan!

Tanrı Türkü Qorusun!

Böyük üzüntü və kədərlə,

Milli Qurtuluş Partiyasının fəxri başqanı Hatəmi Tantəkin,

MQP Böyük Məclisi və MQP Siyasi Şurası adından MQP başqanı Vüqar Bəyturan

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button