Bir medalın iki üzü (Müxalifət Naziri)

vüqar bəyturanVüqar Bəyturan
(beyturan@mail.ru)

Milli Qurtuluş Partiyasının başqanı
Xüsusi olaraq “Xural” qəzeti üçün

Milli hakimiyyətin yıxılma səbəbləri 17 ildən sonra məlum olur

Uzun müddətdir ki, yazmırdım. “Xural”da gedən müsahibəm internet istifadəçiləri tərəfindən ciddi reaksiya ilə qarşılandığı üçün yenidən fikirlərimi geniş Oxucu kütləsi ilə bölüşmək qərarına gəldim. Qəzetin son üç sayında gedən müsahibəmə diqqət ayıran Oxuculara (8000-ə yaxın Oxucu) və bu şəraiti yaradan, sözün əsl mənasında müstəqil mətbu nəşr olan “Xural” qəzetinin rəhbərliyinə təşəkürümü bildirmədən mövzuya giriş etmək insafsızlıq olar. Düzdür, müsahibəmin girişində redaksiyadan, daha doğrusu, güman edirəm ki, şəxsən Əvəz bəy tərəfindən yazılan rəyi heç cür qəbul etməsəm və buna etirazımı xural.com-da şərhlə əlavə etsəm də, mənə ənənəvi müxalifət və iqtidar mətbuatının embarqo qoyduğu bir zamanda tribuna verdəyinə görə özümün və tərəfdarlarımın adından minnətdarlığımı ifadə edirəm.

İlk yazımı iqtidarı tənqidlə, yoxsa müxalifəti ərkyana səhvlərinə görə qınamaqla başlamaq haqqında düşünürdüm ki, “Yeni Müsavat” qəzetinin saytında Pənah Hüseynin Əhməd Orucun ünvanına söylədiyi fikirlər gözümə dəydi. Çox təəssüfləndim, mənə bir daha son bir neçə ildə aydınlaşan “Milli hakimiyyət niyə süqut etdi” sualına qayıtmaq həvəsi gəldi. Yəqin bu yazıdan sonra keçmiş baş nazir mənə də hədə-qorxu gəlməyə cəhd edəcək və “Xural” qəzetindəki müsahibəmdən sonrakı təhdid reaksiyalarına biri də əlavə olunacaq. Olsun, mənim qorxum yoxdur, qoy, təhdidçilər qorxsunlar.

Təsəvvür edin ki, Heydər Əliyevin bir həmləyə sıradan çıxardığı Sürət Hüseynov-AMİP-OMON birliyi qarşısında hakimiyyəti tez-tələsik təhvil verənlərin yenidən hakimiyyəti reallaşardısa (buna nəinki mən, hətta özləri də artıq inanmır – V.B.) o zaman fərqli fikir daşıyıcılarının taleyini hansı aqibət gözləyərdi? Əhməd Oruc iqtidarın ünvanına daha sərt ittihamlar irəli sürüb, məndə olan məlumata görə, hələ heç kim onu bü cür təhdid etməyib. Müxalifət daxilinə sərf etdiyi enerjini nə vaxt rəqib düşərgəyə yönəldəcək görəsən?

Əbülfəz Elçibəy düz deyirmiş ki, hər şeyin zamana ehtiyacı var. Üzərindən 17 ildən çox vaxt keçəndən sonra aydın olur ki, milli hakimiyyət dediyimiz AXC-Müsavat-Yurd-AKP koalisiyası niyə 1ildən çox davam edə bilmədi. Müsavat daxilində baş verənlər də bunu bir daha aydınlaşdırır. Uzun müddət monolitliyi toxunulmaz hesab edilən partiyanın rəhbərliyinə daxil olanların qarşılıqlı ittihamlarına, bir-biri haqqında mətbuatdan kənarda işlətdiyi ifadələrə baxanda insanın ürəyi bulanır. Sən demə, bunları bir yerdə saxlayan hakimiyyətə gəlmək və ya pay almaq ümidi imiş, əslində, daxildə nəinki səmimi, heç normala bənzər münasibət də yox imiş. İndi bu düşərgənin bir hissəsi satılıb, digər hissəsi alıcı axtarışında, özlərini aparıcı partiya adlandıranların qəzetləri hakimiyyətin strukturları arasında bölünüb, mətbuat səhifələrində bir-birilərini təhqir etməkdən həzz alırlar. Milli mahiyyətə malik bir nüvəni qoruyub saxlamaq istəyimizə təsirdə olduğu şübhə altında olmayan mətbuat, bəzi üzdəniraq texnoloqlar var qüvvələri ilə mane olur. Demokratiya Uğrunda İttifaqı “öldürməyə” çalışır, bu, alınmadıqda mətbuat səhifələrində bu istəklərini reallıq kimi qələmə verirlər. DUİ-nin boğazına İP salınmasına imkan vermədiyimiz üçün bu qurumda olan partiya sədrləri hədəfə alınır. Təəssüflər olsun ki, müttəfiqimiz Klassık Xalq Cəbhəsi Partiyasının daxilində də çaxnaşma yaratmaq istəyirlər. Təsəvvür edin ki, bir tərəfdən İP texnoloqları KXCP üzvləri ilə iş aparır, digər tərəfdən, iqtidarın təsirində olan mətbuatda bir gündə “KXCP-də çaxnaşma” başlıqlı sifarişli yazılar verilir. Vaxtında mən deyəndə ki, ənənəvi müxalifətlə iqtidar bir medalın iki üzüdür, buna şübhə ilə yanaşanlar olurdu. Seçkilərdə xalq bunu bildi və 90 faiz bunlar arasında fərq görmədiyinə görə, səsverməyə gəlmədi. İndi isə bir daha təsdiqləndi ki, bu iki qütb əslində bir məqsədə xidmət edir – hər şeyin əvvəlki kimi qalmasına! Demək mümkündür ki, müxalifət hakimiyyət uğrunda mübarizədən imtina edib, daxilində dəyişiklik istəyənlərlə savaşa başlayıb. İsa Qəmbər və Əli Kərimli İlham Əliyevin hakimiyyətində, Artur Rəsizadənin başçılıq etdiyi Nazirlər Kabinetində MÜXALİFƏT NAZİRİ olmaq uğrunda yarışırlar elə bil! Əli Kərimli Müsavatla birləşsə, onun nazir olmaq şansı yüksəlir, bu, baş verməsə, sözügedən posta ən şanslı namizəd İsa Qəmbər olur. Ta öz tərəfdarlarınızı aldatmayın ki, ortada hakimiyyətə gəlmək, gücə çevrilmək, Qərbin diqtəsi ilə İlham Əliyevlə koalisiya qurmaq üçün birləşmək lazımdır. Onsuz da, ağır sosial-iqtisadi durumda olan ənənəvi müxalifətin elektoratı ya ahıllaşıb həyatdan, ya ağıllanıb ölkədən, ya da yorulub müxalifətdən getməkdədi, daha sizlərə inamları da qalmayıb.

Bir məsələ dəqiqdir ki, iqtidarın öz ənənəvi müxalifətinə, ənənəvi müxalifətin “palata”ya, ölkəmizin isə dəyişikliyə ehtiyacı var…

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button