Bir milyardlıq rəzalət

Qaranlıq Məqam

Bakir Həsənbəyli

Hamı söyürdü. Kimsə tənqid etmirdi. Kiçikdən böyüyə, ağsaqqaldan cavana qədər hamı, hər kəs “bunlar Yeziddirlərmi?” deyirdi.
Oktyabrın 18-də, yerli telekanallardakı mütrüf ordusunun şou yapımından xaric nə isə mənə “bu gün məmləkətin azad olub” sevin, deyə hökm edə bilmirdi. Əslində, mən hələ də azad deyiləm axı. Əliyevlər rejiminin ağırlığı nə qədər ki, bu millətin çiyinlərindədir, mən millətimi azad hesab etmirəm. Bunların hakimiyyətləri də elə Kremlinki kimi bir şeydir. Nə bu məmləkətdə o vaxt azad idim, nə də indi azadam. Nəyə sevinməliydim ki? Heç sevinmədim də.
Bu iqtidar özünün yarıtmazlığı ilə millətini bayram günü də küçələrə saldı – su axtarmağa. Kiminin gücü nəyə çatırdısa o ölçüdə qab götürüb təlaşla ora-bura qaçırdılar. Bir neçə ləçər xasiyyətli gədələrin şayiələri isə insanları daha da həyəcanlandırırdı – su bir neçə gün olmayacaq. Evində xəstəsi, körpəsi olan hər kəs təlaşda idi. Adamlar gecənin-gec zamanlarına qədər su axtarırdılar. Kişilər maşınlarına minib şəhərin müxtəlif yerlərindən ən azı içmək üçün su gətirirdilər. Əlində su dolu qab olan hər kəs xöşbəxt idi. Həmin gün Bakı Somali idi. Efirdən gördüyümüz humanitar yardım kimi verilən yeməyi almaq üçün qara dərili somalili insan, qara ayaqlarını sürüyə-sürüyə, qara torpağın üzərində necə qaçırdısa, qara günlü Bakı sakini də su həyəcanı ilə həmin qaydada ora-bura vurnuxurdu. Dostlarla əlaqədən, sonra da televiziyada səslənən səthi xəbərlərdən məlum oldu ki, həmin gün paytaxtın dörd rayonu eyni gündədir. Nə isə söyləmədən adamları müşahidə edirdim. Bu məmləkətin vətəndaşını sakit bilib əzmək arzusu çox səhvdir. Məmləkət insanı düşündükləri və düşündüyümüz kimi heç də laqeyd deyi. Hətta qadınların “gəlin su inqilabı edəyin!” kimi çağırışları kifayət qədər ciddi idi. Deyəsən, bu məmləkətdə artıq ümid qadınlara qalıb. Haydı bacılar, qoy bu məmləkətdə lap min illər “matriarxat” dövrü olsun, təki bu rejim olmasın.
Cəmi iki–üç ay öncə istifadəyə verdilər Oğuz–Bakı su xəttini. Həm də nə az, nə də çox, düz bir milyard manat da vəsait ayırdılar. Bu bir milyard manat paytaxt sakininin məişətində nəyi isə heç dəyişmədi. Əksinə, ümidlərini sındırdı. Dövlət başçısı səviyyəsində insanlar aldanıldı. Yalan bu insanların artıq həyat tərzinə çevrilib.
Məhz oktyabrın 18-də yaşananlar rəzalət idi.
Analoqsuz inkişafın, regionun lider ölkəsinin rəzaləti idi.
İnsanların boğazından kəsilib mənasız boru uzadanların rəzaləti idi.
İlham Əliyevin məmurlarının rəzaləti idi.
Bu, həmin o bir milyardın rəzaləti idi.
Vallahi, ayıb. Həm də çox ayıb. İnsanın qorxacaq yeri olmasın, bunu bildik, qorxmursunuz. Bəs utanacaq bir hiss necə, o da yoxdurmu? Siz bu rəzalət dolu rejimlə hara və nə qədər yol gedəcəksiniz? Və ya getdiyinizi yolmu hesab edirsiniz? Nə günahı var bu məmləkətin qadınının, körpəsinin? Niyə 6-7 yaşlı bir körpə küləkli payız gecəsində anasının ətəyindən tutub saatlarla su axtarmalıdır? Nədən? Sizin boynunuz daha da yoğunlansın deyəmi? Axı hər kəsin sizlər kimi on tonluq su çənləri yoxdur. Axı hər kəsin sizlər kimi korrupsiya aləti olan dövlət görəvi də yoxdur. Axı… Ulan sizin üçün fark edirmi?
Kim oldu bunları bu məmləktə bəla edən? Görən olsa xəbər versin.

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button