Bir qrup vətəndaş cəmiyyəti fəalı prezident İlham Əliyevə müraciət edib

‘Hakimiyyət xalqa güzəştə getməlidir”

Bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən təsis edilmiş “Ədalət naminə həmrəylik” komitəsinin üzvləri bu gün mətbuat konfransında prezident İlham Əliyevə müraciət ediblər.

“Turan” agentliyinin məlumatına əsasən, müraciətdə ölkədə baş verən son hadisələrlə bağlı narahatlıq ifadə olunub.

“Azərbaycan bizim hamımızın yerləşdiyimiz bir gəmidir və bu gəmidə baş verən hansısa nasazlıq və məsuliyyətsizlik bizim hamımızın boğulmağımıza səbəb ola bilər. Təbii ki, bütün naqisliklərin qarşısını isə bu “gəmi”nin “kapitan”ı almalıdır”, deyə müraciətdə bildirilir.

Müəlliflər Mingəçevirdə “enerji böhranının” ardınca Gəncə hadisələrinin baş verməsi ilə bağlı narahatlıqlarını bildirirlər.

“İşıq böhranı” göstərdi ki, Mingəçevirdə uzun illər enerji sisteminə sərmayə qoyulmayıb, stansiya köhnə texnika ilə çalışıb. Ümumiyyətlə isə, energetika sektoruna qoyulmuş 7-9 milyard dollar heç bir nəticə verməyib.

Blekaut zamanı son illər tikilmiş elektrik stansiyaları işləməyib və alternativ enerji mənbələri işə düşməyib”.

Müəlliflər hesab edirlər ki, enerji sisteminin iflic vəziyyətinə düşməsinə, əvvəllər də olduğu kimi, məmurların məsuliyyətsizliyi səbəb olub.

Onlar ətraflı araşdırma aparılacağına və təqsirkarların cəzalandırılacağına ümid etdiklərini bildirirlər.

Müraciətdə qeyd edilir ki, Mingəçevirdə “işıq böhranından” dərhal sonra Gəncə hadisələri narahatlıq doğurur.

“Əhalinin Gəncə şəhər icra başçısı Elmar Vəliyevin güllələnməsinə reaksiyası ölkə əyalətinin idarə olunmasında ciddi problemlər olduğunu göstərib. Gəncə şəhər icra başçısına silahlı hücumun “enerji böhranı” zamanı – ölkədə qaranlığın hakim olduğu bir vaxtda baş verməsi daha çox narahatlıq doğurur. Əhaliyə vaxtında məlumat verilməməsi, Səfərovun işgəncə əlamətləri olan fotosunun yayılması, deputatların və yüksək vəzifəli məmurların bəyanatları əsassız və narahatlıq doğuran şaiyələrə əsas verib”.

Müraciət müəllifləri Gəncə icra başçısına sui-qəsi qətiyyətlə pisləyir, silah tətbiqini qəbuledilməz hesab edir.

“Bununla belə, bu hadisədən də yan keçmək mümkün deyil. Dövlət cinayətkarları cəzalandırmalıdır, amma buna gətirib çıxaran səbəblər də arşdırılmalıdır.
Vəliyevin nalayiq davranışı haqqında çoxsaylı nəşrlərə və narahatlıq doğuran siqnallara baxmayaraq, bu məmurun vəzifədə qalmasının səbəbləri araşdırılmalıdır.
Təkcə Gəncədə deyil, bir çox digər şəhərlərdə və rayonlarda icra hakimiyyəti başçıları insanlarla pis davranır, Vəliyevdən fərqlənmir. Buna son qoyulmalıdır, hakimiyyət xalqa güzəştə getməlidir. Azərbaycan üçün fəlakətə çevrilmiş siyasi məhbus problemi birdəfəlik həll edilməlidir və xalqa etibar olunmalıdır”.

Müəlliflər xatırladırlar ki, İlham Əliyev dəfələrlə xalqın xidmətçisi olduğunu və rayon və şəhər icra başçılarını xalqa xidmət etməyə çağırdığını xatırladırlar. Müşavirələrdən birində İlham Əliyev Gəncə icra başçısına “özünü yığışdırması” mesajı verib.

“Görünür, məmurlar bu və ya digər formada Sizin də tövsiyələrinizi qulaqardına vurublar. Onlar Sizin xəbərdarlıqlarınızdan vaxtında və ciddi nəticələr çıxarsaydılar, bəlkə də yaşadığımız bu üzüntülü hadisələr də olmazdı”, deyə müraciət müəllifləri yazır.

İctimai fəallar həmçinin 15 iyul mitinq çağırışlarından sonra Sumqayıtda kütləvi həbslər və Gəncə hadisələri zamanı həbs edilmiş şəxslərin işgəncələrə məruz qalması haqqında məlumatlarla bağlı narahatdırlar.

“Qanun qarşısında hamı bərabərdir, həbs edilənlər insan ləyaqətinə hörmət çərçivəsində saxlanmalı və mühakimə edilməlidirlər. Əks halda Azərbaycanın beynəlxalq təcridinə gətirib çıxara bilər. Həmçinin, müstəqil mediaya və bəzi saytlara qarşı münasibət də narahatlıq doğurur.

Mingəçevir və Gəncə hadisələri təkcə jurnalistləri deyil, təcrübəli məmurları da çaş-baş qoydu. Belə olan halda, bütün məsuliyyəti azad medianın və sosial şəbəkələrin üzərinə atmaq olmaz”.

Müraciət müəllifləri qeyd ediblər ki, artıq onlarla jurnalist Baş Prokurorluğa çağırılıb, bir neçə sayt bloklanıb, jurnalistlərə qarşı cinayət işləri açılıb.

“Onlarla vətəndaş sosial şəbəkələrdə paylaşımlarına görə təzyiqə, təqibə, həbsə məruz qalıb. Dövlət vətəndaşları, jurnalistləri, gənc fəalları təqib etməli və cəzalandırmalı deyil, sosial narazılığın səbəblərini araşdırmalıdır. Əks təqdirdə, dünyanın mədəni ölkələrinin və beynəlxalq təşkilatların haqlı tənqidlərinə tuş gələ bilərik”, deyə müraciətdə qeyd edilir.

Müəlliflər azad medianın və müstəqil vətəndaş cəmiyyətinin qarşılaşdığı problemləri qeyd edirlər.

“Onların düşdüyü ağır vəziyyət dövlət üçün yaxşı heç nə vəd etmir. Müstəqil media və azad vətəndaş cəmiyyəti olsaydı, xalq informasiya böhranı yaşamazdı.
Axı müstəqil medianın və vətəndaş cəmiyyətinin Sizə yardımdan başqa nə təhlükəsi ola bilər ki? Biz inanırıq ki, bizim narahatlığımızı Siz də bölüşəcək, cavabını gözləyən yüzlərlə sualın cavablandırılması üçün əlinizdən gələni edəcək və Azərbaycan cəmiyyəti ilə böyük dialoq və məsləhətləşmə yolunun açılması üçün lazım olan tapşırıq və sərəncamları verəcəksiniz. Bu ölkədə sabitliyin həmişəlik olması üçün ədalətə və həmrəyliyə ehtiyac var. Əminik ki, səsimizə səs verəcək, Azərbaycanı bu ağır girdabdan çıxarmaqda xalqın köməyindən faydalanacaqsınız”, deyə müraciətin sonunda bildirilir.

Müraciəti “Ədalət Naminə Həmrəylik” Komitəsinin üzvləri və vətəndaş cəmiyyəti üzvləri – Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mehman Əliyev, Əvəz Zeynallı, Hilal Məmmədov, Elşən Həsənov, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl, Elçin Məmməd və Aytəkin İmranova imzalayıblar.

İyulun 2-i və 3-də Mingəçevirdə “Azərbaycan İstilik Elektrik Stansiyasında” yanğınla əlaqədar olaraq ölkənin əksər hissəsi bir müddət elektrik enerjisiz qalıb.

İyulun 3-də axşam saatlarında Gənc Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücum olub və nəticədə o, yaralanaraq, xəstəxanaya yerləşdirilib. Hadisə yerində, Rusiya vətəndaşı Yunis Səfərov saxlanılıb.

İyulun 10-da Gəncədə bir qrup şəxs İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Aksiya zamanı iki polis zabiti öldürülüb. Hər iki hadisə ilə əladədar çoxsaylı həbslər baş verib.

 

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button