Bir suala cavab

Azər Həsrət
azer@azerhasret.com
www.azerhasret.com

Zəhləm gedən mətləblərdən biri yazdığım yazıya kiminsə verdiyi cavaba cavab yazaraq müzakirəni uzatmaqdır. Sözümü dedim, yazdığımı yazdım, anlayan anlar, anlamayan da anlayandan soruşub öyrənər. Ancaq elələri də var ki, nəinki anlamırlar, heç anlamaq belə istəmirlər.
Ötən həftə yazdığım “Talışlar və uzaqgörən Mirzə Sakit” başlıqlı yazımın da başına belə bir iş gəlib. Adını ilk dəfə eşitdiyim, nə vəzifə daşıdığını belə bimədiyim birisi həmin yazıma cavab iddialı bir yazı yazıb və oktyabrın 17-də yayınlayıb: “Bu dezo kimə lazımdır?”
Açığı, polemikaya girmək istəməzdim, ancaq Oxucuları yanıldan bir “cavab” olduğu üçün adı keçən yazımı qəzetin 13 oktyabr tarixli sayından (azerhasret.com/?p=2543) bir daha oxumağı, xüsusən də “cavab” yazan şəxsin həm də daha diqqətlə oxumasını arzu edərdim. Əgər bu adam bu dəfə də yazımdakı xoş məramı anlamasa, növbəti yazımda daha sadə bir dildə aydınlıq gətirməyə hazıram.
Bu arada onu da qeyd etmədən keçə bilmərəm ki, mənə cavab xarakterli həmin yazıya talışlara aid olduğu iddia edilən İnternet saytlarından birində bir nəfər öz tərbiyəsi(zliyi)nə uyğun şərh yazıb və talışların “təəssübünü çəkənlər” də həmin şərhin işıq üzü görməsinə normal yanaşıblar…
İndi isə əsas mövzuya keçək. Bir müddət öncə Aynur Qəzənfərqızı adlı bir facebook dostum belə bir sualla mənə müraciət etdi: “Necə olur ki, İranda yaşayan türklərin hüquqlarını tanıyır və müdafiə edirsiniz, ancaq Türkiyədə yaşayan kürdlərə münasibətiniz fərqli olur? Məgər hər iki xalq eyni istəklər uğrunda mübarizə aparmırmı?”
Bu sual, əslində, məntiqli görünür və cavab verilməlidir. Ancaq sualın başqalarını da düşündürə biləcəyini nəzərə alaraq facebook dostuma bu mövzuda ayrıca yazı yazacağıma söz vermişdim ki, indi o sözə əməl edirəm.
İranın əsarətindəki türklərin Türkiyədə yaşayan kürdlərlə müqayisə edilməsi yanlışdır. Hər şeydən öncə ona görə ki, kürdlər adına aparılan mübarizə ilə İrandakı türklərin apardığı mübarizə bəzən eyni iddialara dayansa da, qullanılan yöntəm baxımından çox fərqlidirlər.
Birincilər öz haqları uğrunda mübarizədə heç vaxt zorakı üsullardan istifadə etmirlər. Adam oğurlamır, haranısa partlatmır, yeniyetmələri ailələrinin əlindən alıb dağlara qaçırmır, insanları qorxu altında tutmurlar. Getdikcə güclənən bu mübarizə tam mədəni, dünyanın sayğı duyacağı bir şəkildə aparılır və ona görə də heç kəs heç zaman Güney Azərbaycan türkləri və terror ifadələrini sinonim kimi işlətmir. Bunun qarşılığında isə İranın sözdə islam rejimi türklərə qarşı sözün gerçək anlamında dövlət terroru uyğulamaqdadır. Türk olanlar dövlət tərəfindən oğurlanır, şərlənir, bədən əzaları kəsilir, müxtəlif cür təhqirlərə məruz qalır, hətta şəhər meydanlarında hamının gözləri önündə şallaqlanaraq aşağılanır. Bunlar azmış kimi hələ bir dar ağacından asılaraq edam edilirlər. Sadəcə türk olduqları üçün…
Türkiyədə kürdlərin adına aparılan “mübarizə” isə tamam fərqlidir. Burada PKK adlı dünyada rəsmən tanınan terror örgütü kürd əsilli insanları daimi qorxu altında tutur. İstər qız olsun, istərsə oğlan, yeniyetmə yaşına çatanları ailəsinin əlindən zorla alıb xüsusi düşərgələrə aparır, orada beyinlərini yuyaraq dövlətin üzərinə terrorçu kimi göndərirlər. Və təsadüfi deyil ki, Türkiyənin az qala hər tərəfində intihar hücumları baş verir və dinc insanlar, hətta qadın, qoca və körpələr məhv edilir. Üstəlik, kürdlərin sıx yaşadığı bölgələrə Türkiyə dövlətinin göndərdiyi müəllim, həkim və xalqı bilgiləndirə biləcək hər cür aydın insan dərhal PKK terrorçuları tərəfindən ya qaçırılır, ya da öldürülür. Bu əməldən məqsəd isə kürd kökənli Türkiyə vətəndaşlarının cahil qalmasını təmin etməkdir. Çünki cahil kürdlər terrorçuların işinə çox yarayır. Savadı, dünyagörüşü azacıq inkişaf etmiş insan heç vaxt PKK kimi bir terrorçu qurumu və onun siyasi qanadı olan BDP-ni dəstəkləməz axı.
İrandan fərqli olaraq Türkiyə dövləti hətta terrorçu olan kürdlərə qarşı çox insancıl davranır. Misal üçün, PKK-nın başçısı, otuz min insanın qatili Abdullah Öcalan neçə illərdir həbs adı altında mehmanxanada yaşarcasına ömür sürməkdədir. Yaxud da həbs edilən PKK-çılar dərhal vəkillə təmin edilir, onlara qarşı hər hansı ləyaqəti alçaldan hərəkətə yol verilmir. Üstəlik, kürd dilində TV kanalı, müxtəlif nəşrlər sərbəst şəkildə yayımlanır…

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button