Birinci sinifə “turniket” sualı?!

Nurəddin Xoca

Nipel sistemi

Bir gün üç nəfər instituta imtahan verir. İmtahan verənlərin biri pul verir, birini yuxarıdan tapşırırlar, üçüncüsü isə həm öz biliyinə arxayın olur, həm də kasıb. Nə isə, pul verən girir imtahana.

Müəllim:

–          Bala, sən Böyük Vətən müharibəsinin 1941-ci ildə başladığını bilirsənmi?

Tələbə:

–          Bəli.

–          Sən onun 1945-ci ildə bitdiyini və iyirmi milyon adam oldüyünü də bilirsən?

–          Bəli.

–          Afərin, “beş”.

Bu üsulla tapşırılmış tələbə də “beş” alır. Növbə çatır kasıba.

Müəllim:

–          Böyük Vətən Müharibəsi neçənci ildə başlayıb?

Tələbə:

–          1941-ci il, 22 iyulda.

–          Nə zaman bitib və nə qədər adam ölüb?

–          1945-ci il 9 mayda, iyirmi milyon adam ölüb.

–          Onları bir- bir say.

Görəsən, unikal dövlətlərin siyahısını tərtib etsəydilər, biz neçənci olardıq? Mənə elə gəlir, birinci. Bu gün Azərbaycanda unikal hadisələr rekord vurur. Bir-ikisini mən deyim, qalanını siz yadıma salın. Bu yaxınlarda qaynımın oğlu mənə zəng elədi və soruşdu. Bax elə nə soruşduğu maraqlıdır. Çünki bu sualı onun birinci sinfə qəbul olmaq istəyən qızına veriblər. Vallah, çoxunuz bu suala çətin cavab tapasınız.

Metrolarda aparata pul atandan sonra ortasından keçdiyiniz avadanlığın adı nədir? Pulu atandan sonra sizi açılıb içəri buraxan aparatı deyirəm. İndi fikirləşin görüm birinci sinifə getmək istəyən uşaq bu sualın cavabını haradan bilə bilər? Mən bilirəm, kitablardan oxumuşam, yadımda qalıb. Amma bu balaca qızcığaz görəsən nə qədər və hansı kitabları oxumalıdır ki, bu zəhrimara qalmış “TURNİKET” sözünü oyrənsin. Həm də bu, o qızcığazın bu yaşında nəyinə lazımdır? Axı biz bilirik ki, uşaqlara sadədən qəlizə prinsipi ilə öyrədirlər. Amma bizim unikal məmləkətimizin lənətə gəlmiş unikal tərəqqiyə malik olan təhsilimizdə birinci sinifdən vunderkind olmaq lazımdır. Amma…

Doğrudan da bəlkə bunun amması var. Skeptiklər mənə deyirlər ki, bu, maddiyyatsız ötüşməyib. Deyilənə görə, 2.000 manat verənə heç belə sorğu-sual yoxdur. Nə bilim, babalı deyənin boynuna. Amma hər halda bu da unikallıq əlamətidir. Prezident millətin pulu ilə məktəb təmir etdirir, sən də “hazıra nazir” gəlib pul yığasan (132 nümrəli məktəb prezidentin şəxsi göstərişi əsasında təmir və təchiz olunub). Unikallıq deyil nədir?

Prezident demişkən, nə qədər yadımdadır bir məsələnin də üstündən keçmək olmaz. O gün 20-ci sahə deyilən yerdə yenə “qanunsuz” deyərək evləri sökmək istəyirdilər. Camaatla polis az qalmışdı ki, bir-birinə girsin. Yenə yaxşı ki, bir ağıllı rəis müavini tapıldı, aranı sakitləşdirdi. Yoxsa nə olacaqdı, Allah bilir. Məni burada düşündürən bir məsələ var. Bu dövlətin başçısı cənab prezident bu yaxınlarda TV ilə çıxış edib xalqa onların evlərinin sökülməyəcəyinə dair söz verdi. Dövlət  ehtiyacı üçün sökülən evlərin isə kompensasiyasını bazar qiyməti ilə ödəyəcəklərini dedı. Onu da dedi ki, daha bundan sonra qanunsuz ev tikintisinə də icazə verilməyəcək. Amma deyəsən bizim məmləkətdə Prezidentin sözü ancaq özü və aldanan xalq üçündür. İnanmırsınız hamınız baxın.

Kim istəyir, pulu var tikir. Kimin isə gücü varsa o da heç kimə məhəl qoymadan sökür. İndi inandınızmı biz ən unikal dövlətdə yaşayırıq. Əslində, bu unikallığa misal çoxdur. Amma mən qorxdum ki başınızı ağrıdıb kefinizə soğan doğrayaram.

İ.S. NİPEL SİSTEMİ – bu sistem elə qurulub ki, nə qədər istəsən içəri hava vura bilərsən, amma bayıra qram da çıxmaz. İndi bizdə də içəri hər şey girir, bayıra isə çıxmır…

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button