Birinci xanım Mehriban Əliyevaya sensasion müraciət…

Quliyevlər ailəsi iki övladlarının geri qaytarılmasında yardımçı olmasını xahiş edirlər

Bir zamanların məhşur personası olan Hicran Fərzəliyeva haqqındaModerator.az – a sensasion hesab oluna biləcək şikayət məktubu daxil olub. Mərhum Rəfael Allahverdiyevin vaxtında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, sonradan Ədalət Partiyası funksioneri olan, amma birdən-birə siyasi fəaliyyətdən də imtina edərək tamamailə yaddaşlardan silinməyi bacaran Hicran Fərzəliyeva indi də bacısı ilə aralarında olan ağılasığımaz ittihamlara görə gündəmə gəlib.
Belə ki, bacısı Fərzəliyeva Könül Eyvaz qızı həyat yoldaşı Quliyev Nazim Münsif oğlu ilə birlikdə Hicran Fərzəliyevanı və həyat yoldaşı Vəliyev Elçin Yavər oğlunu məhkəməyə verib. Bacanaqların və bacıların bir-birinə düşmənə çevrilməsinin səbəbi isə tükürpədicidir. Belə ki, birincilərin iddiasına görə Hicran Fərzəliyeva həyat yoldaşı ilə birlikdə onlara qarşı əsrin hiyləsini işlədərək iki doğma övladlarını – 1999-cu il təvəllüdlü Nərmini və 2003-cü il təvəllüdlü Banunu ələ keçiriblər. Bəli, dəyərli oxucular, gözləriniz sizi aldatmır, doğru oxudunuz, bu günədək bu məmləkətdə bəlkə də eşidilməyən ən ağır ittihamla tanış olursunuz. Övladlarını itirməkdə olan valideynlərin şikayət məktubundan bəzi epizodları təqdim edirik:
“Qızım Nərmin birinci sinifə getmə ərəfəsində cavabdehlər bizi dilə tutaraq Binəqədi qəsəbəsindəki məktəblərin yaxşı təhsil verməməsinə inandıraraq qızımızı onların uşaqlarının oxuduğu məktəbə qoymağımızı təkid etdilər və biz də bunların əvvəlcədən belə bir dəhşətli niyyətdə olduqlarını ağlımıza gətirməyərək övladımızın yaxşı təhsil alması naminə razılaşdıq. Nərmin cavabdehlərin uşaqları ilə birlikdə dərsə gedir, dərsdən sonra da onların evində qalaraq birlikdə dərslərini hazırlayırdılar. Mən yoldaşımla və kiçik qızımla demək olar ki, hər gün cavabdehlərin evinə gələrək qızımızı görürdük, Nərminin bütün xərclərini də özümüz qarşılayırdıq, istirahət günlərində isə qızım evə gələrək vaxtını əsasən kiçik bacısı ilə keçirirdi.
Kiçik qızım Banu da birinci sinifə gedəndə cavabdehlərin onun da bacısından ayrı məktəbdə oxumasının doğru olmadığını təkid edərək belə demək mümkünsə ikinci övladımı da əlimdən aldılar.
Bildirim ki, cavabdehlərlə, övladlarımızla münasibətlərimiz çox yaxşı idi və demək olar ki, artıq bir ailə kimi yaşayırdıq, yalnız yatandan – yatana ayrılırdıq.”
Şikayətçinin məktubu çox uzundur. Bəlli olur ki, sonradan övladlarının yavaş – yavaş onlardan soyumağa başlamasını hiss edən valideynlər əl-ayağa düşməyə başlayıblar. Belə ki, 2014-cü ilin may ayında valideynlər böyük qızlarının davranışında izaholunmaz aqressivlik və biganəlik görüb cavabdehlərdən bunun səbəbini soruşanda şok cavab alırlar – onlar artıq sizi bəyənmirlər və qəbul etmirlər, hətta övladlıqdan imtina edərək bizim övladımız olmaq istədiklərini bildirirlər. Bundan sonra bacılar və bacanaqlar arasındakı münasibətlər kəskinləşir və arada qalan iki azyaşlı şagirdin psixoloji durumuna sarsıdıcı zərbə vurulur, ən nəhayət şagird bacılar öz valideynlərindən birdəfəlik imtina etmək qərarına gəlirlər, baxmayaraq ki, uşaqların valideynləri iddia edir ki, övladlarını qorxu və xof altında, psixoloji gərginlikdə saxladaraq ata – anasından imtina etdiriblər.
Maraqlıdır ki, şikayətçilər təkcə məhkəməyə müraciət etməklə kifayətlənməyiblər və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək qızlarının onlara qaytarılmasına yardım etmələrini xahiş ediblər. Bundan əlavə onlar hüquq – mühafizə orqanlarına da müraciət edərək belə bir aqibətin yalnız birincilərin vəhhabi təriqətinin təmsilçiləri ola biləcəkləri halda mümkün olacağını qabardıblar. Diqqətçəkən bir məqam da ondan ibarətdir ki, valideynlər qızlarının sonrakı aqibətlərindən ciddi narahatçılıq keçirərək bildirirlər ki, cavabdehlər ölkəni tərk edərək xaricdə yaşamaq niyyətindədirlər və onlar qorxur ki, iki qız övladları hansısa çirkin və məkrli planların qurbanlarına çevrilə bilərlər.
Mövzunu diqqətdə saxlayacağıq və bu münaqişənin sonrakı gedişini, hüquq-mühafizə orqanlarının müdaxiləsinin nəticələrini oxuculara təqdim edəcəyik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button