Bitmək bilməyən dərdləri ilə yolu olmayan Ələsgər kəndi

Yayımlandı: 23 May 2024 23:52

Zaqatalanın Ələsgər kəndi rayon mərkəzindən 18 km aralıda yerləşir. Kəndin yolları yoxdur, buraya getmək üçün Qaraçayı keçmək lazımdır.

Sakinlər deyir ki, qışda çayın suları azca çəkilir, müəyyən qədər “Niva” markalı maşınla getmək olur, amma yayda su bol olur, “Qaz 52”, “Qaz 53” maşınları ilə getmək lazımdır.
Kənddən həftədə üç dəfə avtobus gedir, əslində avtobus deyil, “Qaz 53”-dür, sadəcə kənd sakinləri onu avtobus adlandırır.

Bu “avtobus” səhər saat 8-də kənddən çıxır, 13:30-da da oradan qayıdır. Kimsə beş dəqiqə gecikdisə, vəssalam, kəndə gedə bilməyəcək.

Mərkəzə “UAZ”-la getmək üçün sifariş 50 manatdır. Kəndin tibb məntəqəsi köhnə daxmaya bənzəyir. İçərisində heç bir avadanlıq yoxdur. Burada yalnız bir mağaza var, o da işləmir. Kənd sakinləri bazarlıq etmək, gündəlik ehtiyaclarını almaq üçün rayon mərkəzinə getməlidir.

Təcili tibb yarım maşını çayın içərisindən gələ bilmir, dağ yolları ilə gəlsə, yol üç dəfə uzanır, 40-45 km olur. Bu səbəbdən təcili yardım maşınları ya kəndə gəlmir, ya da çox gec gəlir.

Buranı sivilizasiyadan uzaq bir yer kimi də təqdim etmək olar. Çünki kəndin yolları keçilməz, yaşayışı çətindir. Sakinlərin əksəriyyəti işsizlikdən əziyyət çəkdiyini deyir.

Rayon icra hakimiyyətindən isə kənddəki vəziyyətlə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button