Biz Həzrət Hüseyn yolundayıq! Bəs, siz, Ramiz müəllim?

Anar Mahmudoğlu

Desəm ki, gözləmirdim, yalan olar. Hələ ötən ayın 20-də gündəliyə keçməyə hazırlaşan «Xural» qəzeti bir gün əvvəl, sentyabrın 19-da Mətbuat Şurasının İdarə Heyətinin qərarı ilə «qara siyahıya» salındı. Sonradan bəlli olacaqdı ki, həmin gün MŞ-ın İdarə Heyətinin üzvləri heç toplanmayıb da, sadəcə, yuxarıdan gələn qərar əsasında «qara siyahı» elan olunub. İdarə Heyəti üzvlərinin arasında öz ləyaqətini qoruyanlar, «Xural» qəzeti haqda verilən qərara «bitərəf» qalanlar da varmış, ancaq MŞ yaydığı bəyanatda «yekdil rəylə» sözünü xüsusi vurğulamışdı. Niyəsini, imza olmadan tələm-tələsik qərar vermələrinin səbəbini hamı gözəl təsəvvür edir – vacib deyil ki, rəsmi açıqlama olsun.
«Sapı özümüzdən olan baltaları» əlinə alan yuxarı çinli məmurlara hesablamalarında yanlışlığa yol verdiklərini anlamaq üçün cəmi 3 gün kifayət etdi: azad mətbuat «Xural»ın müdafiəsinə qalxdı, ictimai təbliğat aparıldı və qəzet bu qovğalardan üzüağ çıxdığını artıq 30-cu nömrədir ki, sübut edir.
«Xural» müstəqil və tənqidçi medianın avanqardlığına iddia etməyə haqqı çatdığını bu 30 sayında göstərdi, şübhəsi olanlar arxivi vərəqləyə bilərlər. Müstəqil mətbuata nifrət edən, tənqidçi medianı doğramağa hazır olan qəssablar, cəlladlar, azad söz və müstəqil düşüncə qənimləri buna dözə bilərdilərmi? İllərdir azad sözün nəfəsini kəsməyə dikələnlər onun sırasının genişlənməyinə razı olardılarmı?
Hesablayırdıq və bilirdik ki, hansısa təşəbbüs göstərəcək bu hakimiyyət. Və belə də oldu!
Gündəlik «Xural»ın 6-cı sayı işıq üzü görəndə «Baltika-Bakı» – Xırdalan Pivə Zavodunun direktoru Adam Tlexurayın 150 min manatlıq cərimə iddiası ilə məhkəmə bildirişi gəldi. Ardınca isə döyüşə şəxsən akademikin özü qarışdı – Ramiz Mehdiyevin 10 min manatlıq cərimə hökmünü icra edən məhkəmə icraçıları təşrif buyurdu.
Bu gün səhərdən gəliblərmiş, «Xural»ın gündəliyə keçməsi ilə bağlı gətirdiyimiz şəxsi bilgisayarlarımızı da siyahıya alıblar və indi, saat 18:36 olmasına baxmayaraq, hələ də getməyiblər. 3 məhkəmə icraçısı redaksiyanın keşiyini çəkir, digərləri, özləri demiş, «yuxarılara məlumat vermək üçün» gediblər. Bir nəfər iki təmirsiz otağa sığınan redaksiyanı gəzir, iki nəfərsə alaqapının qarşısında, maşının içində oturub nəzarət edir. Keşikçilər «silah-sursatımızı» – bilgisayarlarımızı çıxaracağımız gümanındadılar yəqin, ona görə başımız üstündən əl çəkmirlər. Zəng gözləyirlər ki, bizi tərkisilah etsinlər.
Ramiz Mehdiyevin 10 min manatın möhtacı olduğunu düşünmürəm – əlbəttə, hamı onun ranqındakı Azərbaycan məmuru üçün kiçik sayılan bu rəqəmin xüsusi önəm daşımadığı yəqinliyinə sahibdir. Bunlar nəinki Azərbaycanın, hətta Avropanın, Dubayın yarısını alıblar; 10 min manat nədir ki?!
Yalnız bir məqsəd var – «Xural»ın çap olunmasının qarşısını almaq.
Bu hakimiyyət faktiki olaraq ikinci şəxsinin – Ramiz Mehdiyevin simasında bütün arsenalını işə salıb ki, qəzeti bağlasın.
Hitlerin hakimiyyətə gəlməsindən bəhs edən «Şərin qələbəsi» filminə baxmısınızmı? Orada millətçi-sosialistlərin əleyhinə çıxar bir qəzet redaksiyasını «SS»lərin necə viran qoyduğunu görmüsünüzmü?
Təxminən, elə bir vəziyyətdir. Ən azı psixoloji baxımdan, insan özünü repressiv bir dövlət aparatının təzyiqi altında hiss edir. Suçumuz, günahımız nə imiş?
Azərbaycanın talanmasına, viran qoyulmasına, ölkənin imicinin darmadağın edilməsinə qarşı getməyimiz, siyasi repressiyaların əleyhinə çıxmağımız, «belə idarəetmə olmaz» deməyimiz… Bir ölkə rəhbərinin millətinə, xalqına bu qədər nifrət etməsinin dəhşətli aqibətini yazmağımız… Başqa nə suçu ola bilər ki, jurnalistin?
Bunlar ölkənin bütün var-dövlətini talamaq, hamını da yaltaq, yalaqmı etmək istəyirlər? Bu təfəkkürlə hara getmək olar?
Dünya artıq Azərbaycana sanksiyalara başlayır, «Naxçıvan xanı»nın Avropaya girişinə qadağa qoyulur. Sabah Azərbaycan rəhbərliyinin eyni qadağa ilə üzləşməsinə heç bir təminat yoxdur; birigün bunların Avropa banklarında yerləşdirdikləri milyardlara həsb qoyulacaq; ta birisigün demokratiya tələbi iqtisadi embarqolarla müşayiət olunacaq…
Başqa yolu da yoxdur. Dünyanın nizamı, tərəzisi, beynəlxalq güclərin istəyi budur – balaca Azərbaycanın padşahları buna qarşımı getmək istəyir? Bir «Xural»ın çapını əngəlləməklə dünyanın istiqamətimi dəyişəcək?
O ki qaldı mənə, Ramiz müəllim, xəbəriniz olsun: ədalətsizliyə qarşı susmamaq Allah buyruğudur. Mən ədalətsizliyə qarşı vuruşuram – dövlətin qanunları çərçivəsində – Yəzidin minlərlə ordusuna qarşı 36 nəfərlə qalan Həzrət Hüseyn yolundayam.
Bəs, siz kimin yolundasınız?

P.S. «Xural» haqqında qərar verildi. Artıq əmlakı müsadirə edirlər…

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button