Biz hakimiyyətin çirkabından qorxmuruq!

BBC «Avroviziya-2012»ni boykot edə bilər

Rəsul Cəfərli: – BBC də bu məsələni çox ciddi şəkildə işıqlandırır… Ola bilər ki, BBC ümumiyyətlə müsabiqəyə öz nümayəndəsini göndərməsin və onu baykot etsin. Mən ümumiyyətlə baykot məsələsinə toxunmaq istəyirəm.  Bütün dünyada insan hüquqlarının müdafiəsi institutları üçün insan azadlıqları hər bir şeydən üstə durur. Əgər bir ölkədə insanların fundamental hüquq və azadlıqlarına təcavüz varsa, onlar tapdanırsa və həmin ölkənin hakimiyyəti də insan haqlarının pozulmasında birbaşa məsuliyyət daşıyırsa, avtoritar idarəetmə mövcuddursa, bu ölkələrlə münasibətlərin yaranmasına çox ehtiyatla davranırlar, çünki ilk növbədə öz imic və nüfuzlarının korlanmamasını düşünürlər. Yəni onlar illərlə topladıqları imici bir dövlət naminə zərbə altına qoymaq istəmirlər. Ona görə də bir sıra kampaniyalar, bir sıra təşkilatlar, ola bilsin BBC də Azərbaycanda hakimiyyət bu şəkildə siyasət aparmaqda davam etdiyi təqdirdə «Auroviziya – 2012» müsabiqəsini işıqlandırmaqdan imtina etsinlər. Yəni onlar məsələni hətta bu şəkildə qoymağa hazırdırlar. İkinci bir məsələ isə, sənətçilərin özləri ilə bağlıdır. Sinq vaxtilə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ad günündə, hətta böyük qanorar qarşılığında belə, oxumaqdan imtina etmişdi. Amnesty International bununla bağlı müraciət etmişdi və bildirmişdi ki, Qazaxıstan o ölkədir ki, orada insan haqları tapdanır, azad mətbuat sıradan çıxarılıb, azad düşüncəli insanlar, müstəqil jurnalistlər təqib olunurlar, elektron KİV-ə məhdudiyyətlər qoyulub və s. O da bu müraciəti qəbul edib, Qazaxıstana getməkdən imtina etmişdi. Aİ -ın ofisinin qarşısında dərhal keçirdiyi brifinqdə verdiyi açıqlamasında da bildirmişdi ki, Nursultan Nazarbayevin təklif etdiyi milyonlar bahasına olsa belə, o Qazaxıstanda oxumayacaq, çünki orada insanların fundamental hüquq və azadlıqlarına təcavüz olunur. Yəni biz məsələnin bu məcraya qədər gərginləşməsini istəmirik.

Biz hakimiyyətin çirkabından qorxmuruq

 Şahvələd Çobanoğlu:

– Biz hətta ilk gündən bəyan etmişdik ki, kampaniyanın başladığı tədbirdə ölkənin vətəndaş cəmiyyətinin daha geniş təmsilçiliyi var idi. Orada hətta siyasi partiya nümayəndələri də var idi. Onlar da bildirdilər ki, bu kampaniya ilk dövrdən başlayaraq çox pozitiv olmalıdır. Yəni Azərbaycan hakimiyyəti dərk etməlidir ki, bu çağırışlardır və onlardan da qaçmaq olmaz.

Anar Məmmədli:

– Yəni bu kampaniyanı başlamaqla biz yalnız hakimiyyət üçün də yaxşılıq etməyə çalışırıq.

Şahvələd Çobanoğlu:

– Yəni bu məsələlərdə bizə qarşı hakimiyyətin apardığı kampaniya və haqqımızda elə bir imic yaratmağa çalışması ki, guya biz dövlətimizi istəmirik və onun problemlərini dünya ictimaiyyətinə çıxarırıq, belə deyək, «düşmən dəyirmanına su tökürük», bu cür təfəkkür yalnız avtoritar rejimə xidmət edən, yaltaq insanların özünü hakimiyyətə göstərməkdən başqa bir şey deyil. Elə adamlardan bu dövlətə xeyir gəlməyəcəyini biz yaxşı bilirik və bizə yapışdırılan o neqativ yarlıqlardan da qorxmuruq. Guya biz Avropaya işləyirik, onlara xidmət göstəririk, ancaq Azərbaycanı istəmirik. Biz elə ittihamlardan qorxmuruq, çünki yaxşı başa düşürük ki, Azərbaycanda hakimiyyətin apardığı bu siyasətin dövləti çox faciəvi bir sonluğa aparır. Bu ölkə itirə-itirə gedir. Ona görə də hakimiyyətin özündən belə çəkinmədən biz bu kampaniyanı aparmaqda davam edirik. Amma yenə də bizim kampaniyanın ilkin mərhələsi ümumi qərarlara görə pozitivdir. Biz istəyirik ki, dəyişikliklər hökmən olsun və bu dəyişikliklər bəlkə də yeni ənənələrin əsasını qoya bilər. Doğrudan da müəyyən islahatların əsasını qoya bilər. Çünki geniş bir basqı var. Məsələləri çox aydınlaşdıran bu məsələdir. Bütün Avropa Azərbaycana gələcək və görəcək ki, bura heç də hakimiyyətin iddia etdiyi Avropa ölkəsi deyil. Baxmayaraq ki, Azərbaycan Avropa ölkəsi kimi müsabiqədə iştirak edib və qalibiyyət qazanıb.

70 siyasi məhbusun olduğu ölkədə nə «Avroviziya»?

Rövşən Hacıbəyli:

– Əslində bu gün Azərbaycanda mövcud olan vətənpərvərlik ritorikasının özü imitasiya xarakteri daşıyır. Çünki artıq 60 ilə yaxındır, xüsusilə də İkinci Cahan Müharibəsindən sonrakı dövrdən sonra dünyanın, Avropanın akademik mərkəzləri o qənaətə gəliblər ki, dünyada etnik vətənpərvərlikdən də heç kəs nicat tapa bilmir. Dövlətçilik vətənpərvərliyindən də heç kim indiyədək nicat tapmayıb. Yəni vətənpərvərlik əgər insan hüquq və azadlıqlarına söykənmirsə, əgər bir ölkədə insanların fundamental azadlıqları tapdanırsa, həmin ölkənin hakimiyyətinin vətənpərvərlik adından danışması imitasiyadan başqa bir şey deyil. Bu məsələnin bir tərəfidir. Bu gün müzakirə etdiyimiz məsələ Azərbaycanda milyonlarla insanın həyatını bu və ya digər formada özündə ehtiva edir. Tutalım ki, bu gün 20 min vətəndaşın tikdiyi ev başına uçurdulub və onlar da yuvasız qalıblar. Onlara dəymiş ziyanın kompensasiyası da ödənilməyib. Belə olan halda bu insanlardan hansı vətənpərvərliyi gözləmək olar? Bəyəm onlar istəmirlər ki, Azərbaycanda keçiriləcək Avroviziya yarışmasından zövq alsınlar? Niyə bu hakimiyyət onları bu zövqdən də məhrum edir? Əgər insanın yaşamaq hüququ təhlükə altına düşürsə, necə o insanlar bu müsabiqədən, orada ifa olunacaq mahnılardan zövq ala bilər, Azərbaycan adına qürurlana bilər? Siyasi məhbuslar məsələsinə qayıdaq. Azərbaycanda bu gün 70 nəfərdən artıq adam siyasi məhbusdur, siyasi motivlərlə həbs olunmuş insanlardır. İmkan olsa, siz istintaq işinə nəzər yetirin, görün ki, necə qondarma ittihamlarla adamları 10-15 il azadlıqdan məhrum ediblər. İnsanlara istintaq altında belə işgəncə verməklə onları öldürürlər. Belə bir ölkədə əgər insanlar haqlardan, imkanlardan məhrum olacaqlarsa, o zaman belə bir müsabiqənin keçirilməsi onların nəyinə gərəkdir? Və yaxud da belə bir ölkənin rəhbərliyi hansı haqla vətənpərvərlikdən danışa
bilər. Götürək məhkəmə-hüquq islahatlarını…

Gömrükdəki rəzaləti eyni vaxtda 30 min əcnəbi görəcək

Azərbaycanda indiyə qədər Avropaya 2500-dən artıq məhkəmə işi göndərilib. 40-a yaxın da qərar qəbul olunub. Azərbaycan bu
gün özünün məhkəmə hüquq sistemi ilə qürur duya bilmirsə və bu qüruru hansısa mahnı müsabiqəsindən alırsa, o zaman bu vətəndaş üçün deyil, hakimiyyətin özü üçün lazımdır. Bütün dünyada biz özümüzün hakimiyyətin nəzarəti altında olan ədalətsiz məhkəmə sistemi ilə məşhuruq. Biz Avropadan ədalət gözləyirik və düşünürük ki, Avropa bizə qaşı ədalətlə yanaşmalıdır. Halbuki Avropa bizə ədalətlə yanaşa bilməz, çünki bizim özümüzün ədalətə münasibətimiz birmənalı deyil. Ona görə də vətənpərvərliklə bağlı məsələdə düşünmürəm ki, kimsə bizi ittiham etməkdə özündə haqq tapa bilər. Bu tamamilə yersiz bir addım olardı. Sadəcə onu demək istəyirəm, istəsək də, istəməsək də gələn il «Auroviziya-2012» Azərbaycanda keçiriləcək. Bir çox insanlar üçün bu müsabiqə həm də Azərbaycanla bağlı mənfi təəsüratlarn yarandığı bir ölkə olacaq. Baxın, biz məsələ qaldırmışıq ki, müsabiqəyə qədər viza məsələsi yumşaldılmalıdır. Müsabiqədə iştirak etmək üçün Azərbaycana 30 min nəfərin gələcəyi gözlənilir. Həmin 30 min insan Bakı Hava Limanında yaşanan bürokratik əngəlləri, rəzaləti eyni vaxtda yaşayacaq.

Anar Məmmədli:

– Yadınızdadırsa, «Auroviziya-2011» qalibi Nigar özü də FB səhifəsində bir rəfiqəsinə yazmışdı ki, «bu nə qədər axmaq bir ölkədir ki, bu cür viza qaydaları tətbiq edib». Azərbaycanın Britaniyadakı səfirliyi ona viza vermək işində əngəllər yaratmışdı.

Bir sıra dövlətlər Azərbaycana gəlməkdən imtina edə bilər

Davamı gələn saylarımızda

Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button