Biz niyə beləyik?

Qubad İbadoğlu

Mübariz Mənsimovun ritorik suallarına sözardı

Mübariz Mənsimovla şəxsi tanışlığım yoxdur, əvvəllər onun fəaliyyəti ilə yaxından maraqlanmırdım. Hesab edirdim ki, fərasətli iş adamıdır, uğurlu biznes qurub və inkişaf etdirib, Azərbaycanda da sosial və biznes layihələrə sərmayə qoysa da daimi siyasi və ictimai müzakirələrdən kənarda qalıb, bəlkə də özü bilə-bilə özünü kənarda saxlayıb. Son zamanlar açıqladığı azad fikirlər və start verdiyi milli layihələrlə bir çoxlarının, həmçinin mənim də diqqətimi cəlb edib. Bununla göstərir ki, sıradan bir sahibkar deyil, vətənə bağlıdır, ölkənin problemlərinə laqeyd qalmır, baş verən ədalətsizliklərə dözmür, o da danışır. Odur ki, bu günlərdə açıqladığı fikirlərində əsas xətti təşkil edən 3 məqama münasibət bildirmək istərdim.

Birincisi, Mübariz Mənsimov qeyd edir ki, mən başa düşmürəm, niyə biz ermənilərə, onların kilsələrə pulsuz qaz verməliyik, amma öz xalqımıza limitlə?
Haqlı sualdır. Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq, yazmışıq ki, XXİ əsrdə neft-qaz səltənəti olan Azərbaycanın bir çox rayonlarında qaza qoyulan limiti keçməmək üçün nəinki evlərdə, hətta məktəblərdə təzəklə sobanı alovlandırır və otağı isidirlər. Bunu özünə yaraşdıran hakimiyyət təmsilçiləri isə hər gün televizorlarda saatlarla inkişaf nağıllarından bəhs edirlər.

İkincisi, Mübariz Mənsimov qeyd edir ki, mən düşünürəm, niyə bizim iş adamlarımız imkansız insanlara əl tutmaq istəmir? Amma bu sualın cavabını özü verir. Yazır ki, neftimizdən varlanıb özünü iş adamı sayanlar, baxın görün sizi sayan var? Necə gəlmisiniz elə də gedəcəksiz. Heç iziniz də, tozunuz da qalmayacaq bu tarixdə. Bu millətin cibindən, dövlətdən oğurladıqlarınız fitil-fitil gələcək burunuzdan. İnanın ki, ədalət kor və topal olsa da, mənzilinə hər zaman çatır…
Bu məsələdə də Mübariz bəyin gəldiyi qənaətlə və çıxardığı nəticə ilə razılaşıram. Həqiqətən də layiq olmadığı dövləti vəzifəsindən və əldə etdiyi geniş səlahiyyətlərdən sui-istifadə edib ədalətsiz bölüşdürülən neft gəlirlərindən və qeyri-şəffaf büdcədən taladığı, eləcə də sahibkardan, xalqdan oğurladığı çirkli pullar hesanına özünə biznes quranları iş və ya dövlət adamı saymaq olmaz. Onlar sözün gerçək mənasında xalqın malını haram qatan və onu mənimsəyən oğrular və hələ ki, cəzasız qalan cinayətkarlardır.

Üçüncusü, Mübariz Mənsimov qeyd edir ki, niyə bir-birimizə nifrət edirik? Bir-birimizə ancaq problem yaratmağa çalışırıq? Doğrudanmı biz bir-birimizəmi problem yaradırıq, yoxsa bizim kimi görünənlər kürəyimizdənmi vurur? Namərdlər Bizim xalq niyə pis yaşamalıdır? Bu qədər zəngin varkən dərdimiz nədir? Bizdə axı bu birlik niyə yoxdur? Niyə bizim əzəl düşmənimiz bir olub bizə qarşı ola bilir, biz amma yox? Niyə bizim Rusiyadakı iş adamlarımız ermənilərə çörək verə bilir? Onlarda azərbaycanlı qanı axmırmı? Onlar bu vətənin oğulları deyillərmi? Heçmi öz vətənləri üçün nəsə etmək istəmirlər? Heç bir bir ideologiya yoxdur ki, onun ətrafında birləşsinlər? Bizim axı bitməyən, sağalmayan yaramız var: Qarabağ.

Haqlıdır Mübariz bəy, eyni problem həm ölkə içində, həm də ölkə xaricindədir. Hazırda müvəqqəti yaşadığım ABŞ-da gördüklərimdən dəhşətə gəlirəm. Yalnız Nyu York şəhərində yaşayan Azərbaycanlılıarın 5 cəmiyyəti var. Hətta Azərbaycanlıların həmrəylik günündə belə onlar bir yerə yığışıb tədbir keçirtmirlər. Bir gündə eyni şəhərdə müxtəlif yerlərdə həmrəylik gününü qeyd edən ABŞ Azərbaycanlıları Novruz Bayramınında bir-birinin acığına daha bahalı restoranlar axtarır və hərə öz dəstəsi ilə şənlənir. Doğrudan da haqlı sualdır: biz niyə beləyik?

Cavabı da çox sadədir. Bu barədə yaxın günlərdə fikrilərimi açıqlayacam və izah edəcəm ki, nədən sayı aydan-aya artan ABŞ Azərbaycanlıları bir şəhərdə 5 yerə bölünüb, bu vacib ölkənin paytaxt şəhərində isə təşkilatlana bilmirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button