Bizi nə gözləyir?

Aynur Abbasova

Daha bir seçki məzhəkəsi arxada qaldı. 2018-ci ilin noyabrında keçirilməli olan prezident seçkiləri gözlənilmədən aprelin 11-nə təyin edildi. Yəni qanuni vaxtından təxminən 6 ay tez keçirildi. Səsvermənin irəli çəkilməsi “niyə” sualı doğurmaqla, istər-istəməz onun səbəbləri barədə düşünmək zərurəti yaradır.

Əgər bu addım sözün həqiqi mənasında zərurətdən irəli gəlsəydi, demokratiyanın inkişafına, cəmiyyətdə mütərəqqi proseslərə xidmət etsəydi, baş verənləri müsbət hal kimi qiymətləndirmək olardı. Təəssüf ki, ehtimallar özünü doğrultmadı.

Artıq “niyə” sualına cavab olaraq müxtəlif mülahizələr irəli sürülüb. Lakin bu və ya digər mülahizələr fonunda əsas məsələ, sanki kölgədə qalıb. Seçkilər ədalətli, demokratik, azad keçdimi? Ümumiyyətlə, bunun üçün ölkədə minimum normal şərait yaradıldımı?!

Biz yenə ənənəvi seçki oyununun şahidi olduq. Prezidentliyə namizədlərin irəli sürülməsi prosesindən tutmuş, debatlarda, təbliğat kampaniyasında, sözsüz ki, bir iradə hakim idi. Hər şey bir əldən idarə olunurdu.

Seçkilərin vaxtında keçiriləcəyi təqdirdə belə xalqın iradəsi öz sözünü deyəcəkdimi? Ölkədə demokratik mühitin olmadığı, korrupsiya və rüşvətin baş alıb getdiyi, məmur özbaşınalaığının pik həddə çatdığı, vətəndaş cəmiyyətinin elementar işartılarının olmadığı, seşkilərə istənilən müdaxilənin adi hal aldığı şəraitdə səsvermənin 6 ay tez və ya gec keçirilməsi nəyəsə təsir edəcəkdimi?!

Mərkəzi Seçki Komissyasından tutmuş dairə və məntəqələrə qədər seçki qurumlarının “yuxarıların” iradəsinə tabe olması hansı ədalətə və qanuna sığır? Ənənəvi seçki saxtakarlığı yenə də öz sözünü dedi. Əslində, öz səsinin həlledici olacağına və nəyəsə təsir edəcəyinə ümidini çoxdan itirmiş (daha doğrusu, əlindən alınmış) seçicinin nəticəsi əvvəlcədən bəlli olan seçkiyə qatılması, sadəcə formal bir şeydir.

Dünya dəyişir, ölkələr inkişaf edir. Bu rəqabət şəraitində biz yenə də uduzuruq. İstər-istəməz içimdən bir sual keçir: Bizi qarşıda nə gözləyir?!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button