Bizi sən də vur, Türkiyə!

Razi Abasbəyli

 Türkiyənin Ərdoğanın iş otağı qədər kiçik elçiliyinə

 Hər gün bu binanın önündən keçəndə çox böyük türk bayrağını görüb qürurlanıram. Türkiyə və Azərbaycan. 1+1 bərabərlik o qədər çoxdur ki, şablon ifadələr yazıb sizi yormayacam. Amma və lakin, haqlı olduğumuzda susmaq yox! Qardaşım, canım-gözüm olsun. Olsun dedik, sevdiklərimizdən qayğı və sayğı gözlədik. Bunu ummadıq və ummaq fikirində deyilik. Hər zaman səbr və təmkinlə Türkiyə dövləti adına bütün məqamlarda yanlarında olduq. Məscidlərini bağladılar, bayraqlarını endirdilər yazdıq, susmadıq.

Məscid qapananda, Ərdoğan iqtidarı «ermənilərlə sınırları açırıq» deyəndə Bakının küçələrində, azad insanlardan manşetlər yazan Türkiyə qəzetəçilərini gördük. Son 18 ildə türk qəzetçilərinin yazmadıqlarını yazdıqlarını gördük. Daha sonra Azərbaycan iqtidarı bunlara sərt davrananda bizdən imdad dilədilər. Amma olmadı…

Az keçdi ki, yenə də arxa çevirdilər.

Azərbaycan Türkiyədən bir qardaş qayğısı ummağı çoxdan yadırğayıb. Bir qədər düzəltsəm, Azərbaycan türkləri Türkiyə iqtidarından əlini üzüb. Türkiyənin başbakanı Suriyada, Fələtsində, Misirdə, Yəməndə diktatorların qanını axıtdığı müsəlmanları bağıra-bağıra müdafiə etdiyi zamanda, Bakının gözü yolda qaldı.

Azərbaycan türkləri Türkiyə iqtidarından olsa-olsa teleserial qəhrəmanlarını sevmək vərdişinə yiyələnməyə başlar-başlamaz onu da qadağan etdilər.

Bəlkə də iyi oldu desəm…

Türkiyədən gələn iş adamları Azərbaycanda gizli saxta oğurluq ihalələrə qatıldılar. Xalqımızın malını talayanlarla əlbir oldular. Böyük inşaat projelərinin gerçəkləşdirilməsinə qatıldılar. Bir insan qarnını doyurmaq üçün nə yeməlidirsə, şəkərindən duzuna qədər türk qardaşlarımız dediyimiz sevdiklərimizə verdik. Onlar hazırladılar, bizə satdılar. Para qazanıb daha çox varlandılar. Türkiyədəki ən kalitesiz qida sənaye mallarını belə bizə sırıyaraq «yesəniz də bu, yeməsəniz də» deyənləri oldu. Kıpırdamadıq.

Amma bəylər, bu nə demək ki, bir sivil toplum quruluşu, Azərbaycan türkcəsində Qeyri-Hökumət Təşkilatı sevdiklərinin düşdüyü «qara siyahıya» bizi salarkən, «Xural»a hər yandan sapa-sapan, yalan, iftira dolu hücumlar edərkən, Türkiyə səfirliyi də səfini tutdu?!

Bəylər, o zaman soruşaq ki, niyə «Fredom House» kimi, «Human Rayts» kimi nüfuzlu təşkilatların, Avropa Şurasının, ATƏT-in qınaq hesabatlarında birinci sırada olan Azərbaycan iqtidarı ilə əməkdaşlığı durdurmadınız?! Niyə sayın başbakanınız bircə dəfə də olsun Azərbaycanda haqqı tapdanan türk və həm də müsəlman qardaşlarının yanında olmadı?!

Amma yenə də olsun. Dövlətiz deyər, susarıq.

Amma bir qəzet üçün bir QHT-nin çıxardığı yalan və siafrişli siyahıya görə Türkiyə nümayəndəliyi aça bilmərik demək nə qədər də qeyri-peşəkarlıqdır. Tutaq ki, Azərbaycan məhkəmələri bəlli. Bəs o zaman Türkiyədə, Ankarada məhkəməyə çəkilirsəniz, ədalətin zəfər çalacağına nə deyərsiniz?

Bəylər, yetər artıq! Qardaş dedik, abi dedik üstünə getmədik. Amma siz də bu qardaşlıqdan, aibilikdən sui-istifadə etməyin, lütfən!

ABŞ, Avropa dövlətlərinin böyük elçiliklərinə «sizin ölkənizdə qəzetimizin nümayəndəliyi oslun» deyə izin istərkən, bizə Mətbuat Şurasının heç adını ağıllarına gətirmədən cavab yazarlar. Yazıblar da zatən.

Amma Türkiyə səfirliyi ya Azərbaycanın Prezident Administrasiyası fərqi yoxsa, o zaman bu böyükelçiliyin də önündə bir etiraz aksiyası keçirək. Elə bizi türk polisi, jandarması sərbəst toplaşdığımıza görə, dəyənəkləsin, söysün, cibimizə narkotik atsın, evimizdən tank çıxarsın… İllərlə həbsə alsın.

Ya yazıqlar olsun. Bir zamanlar baş yazarımız Əvəz Zeynallı sizə dəstək üçün Fransa senatının qondarma «soyqırım iddialarına» etiraz üçün böyükelçiliyin önünə gələndə bir polis zabiti ona zor tətbiq etdi. O polis zabitinin adını dəyişəkmi? Azərbaycan iqtidarından demokrasi, özgürlük, media azadlığı üzərinə dözümlülükdə fərqiniz yoxsa, o zaman siz də vurun! Dünyaya ədalət gətirən böyük türklər!

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button