Bizim Cəmil müəllim


Cəmil müəllim haqqında çoxdan yazmaq istəyirdim. Nəsə, alınmırdı. İnsan sənə doğma və əziz olanda onun haqqında yazmaq da çətin olur…
Cəmil müəllim atamın tələbəlik yoldaşı olub. Uşaqlıqdan onun haqqında səmimi, xoş, isti təəssüratlarım vardı. Ancaq şəxsiyyət olaraq onu parlamentdə tanımışam və elə tanıyandan da anlamışam ki, ŞƏXSİYYƏTDİR. Tam və kamil ŞƏXSİYYƏT. İnsanlıqda da, elmdə də, siyasətdə də, dostluqda da, ailədə də. O qədər kamildir ki, hətta onunla müqayisə etmək üçün müasirləri arasında nümunələr tapmaqda belə çətinlik çəkirsən…
Bizim Cəmil müəllimin elmindən danışmağımız düz olmaz, onun elmindən dünya danışır. Dünya Bölgəmizin XX yüzil tarixini professor Cəmil Həsənlinin kitablarından oxuyur, öyrənir. Dünyanın ən reytinqli Harvard, Kembric kimi Universitetləri Cəmil müəllimin əsərlərindən dərslik kimi istifadə edir. Baxmayaraq ki, Harvarddan, Kembricdən fərqli olaraq, həyatının böyük hissəsini həsr etdiyi Bakı Dövlət Universitetində bu gün Cəmil müəllimin elminə ehtiyac yoxdur. Baxmayaraq ki, bu gün, hətta, elmi rəhbəri olduğu tələbələrini ondan imtinaya məcbur edirlər, əks halda müdafiəyə buraxmırlar. O isə, bunu etmək istəməyən tələbələrini, əksinə, buna məcbur edir, “mənə görə narahat olmayın, əsas odur ki, siz müdafiə edəsiniz” deyir…
2011-ci ildə Ziyalılar Forumuna təzəcə qoşulmuşdum ki, akademik Rafiq Əliyevi dərs dediyi Neft Akademiyasından uzaqlaşdırdılar. Rafiq müəllimin müdafiəsinə “Sözsüz…” adlı bir yazı yazdım və Prezident Administrasiyasındakı “dostlarım” dərhal qollarını çırmayıb mənə qarşı çirkli kampaniyaya başladılar. Elə PA-daca hazırlanan yazıları “ziyalılar”a imzalatdırıb mətbuata ötürdülər. Mən, Cəmil müəllimin sədaqətini, etibarını həmin günlərdə gördüm. Daha sonra, 2013-cü ilin 17 mayında President Administrasiyasındakı elə həmin “dostlarım” Baş Prokurorluq vasitəsilə mənə qarşı, yəqin ki, Azərbaycan tarixinin ən iyrənc mətbuat konfransını təşkil edəndə də, PA-nın artıq keçmiş şöbə müdiri həmin mətbuat konfransının “materiallar”ını KİV-lərə bir-bir göndərib mənə qarşı iftira və böhtan kampaniyasına şəxsən rəhbərlik edəndə də yanımda olan, mənə mənəvi dəstək verən insan Cəmil müəllim idi. Ziyalılar Forumunun digər üzvlərindən fərqli olaraq əvvəldən Milli Şuraya qoşulmağı qətiyyən istəməsək də, həmin gün MŞ-ya gedəcəyimiz haqqında qərarı birlikdə verdik.
Cəmil müəllim Milli Məclisdə böyük hörmət və nüfuz sahibi idi. Hətta o mühitdə də müxalifətçi olmasına rəğmən bir ziyalı kimi ona həmişə hörmət edib və güvəniblər. Məhz buna görə də, parlamentin bəzi YAPçı, hətta YAP rəhbərliyində təmsil olunan deputatları da narazılıqlarını, etirazlarını, ürək sözlərini, sirlərini Cəmil müəllimlə bölüşüb, ona etibar ediblər. Həlledici məqamlarda onlar da, mən də etiraz etmək, narazılığımızı açıq şəkildə dilə gətirmək istəyəndə, “Siz bu barədə parlamentdə açıq çıxış etməyin, sizə çox təzyiq olacaq, sizi çox incidəcəklər, nə lazımdırsa, mən deyəcəyəm” söyləyib. Və hamının əvəzindən danışıb, daha gur səslə, daha sərt danışıb. Hamını zərbələrdən qoruyub. Bütün zərbələri öz üzərinə çəkərək qoruyub. Bu günün özündə də qoruyur. O vaxtlar hakimiyyətin haqsızlığından, zülmündən dad edənlər, sonradan mətbuatda Milli Şuranı, müxalifəti asıb-kəsəndə də, ağ yuyub, qara sərəndə də qoruyub. Böyüklük edib susmaqla, heç birinə bircə dəfə də olsun öz “keçmişini” xatırlatmamaqla qoruyub, heç kimi zərbə altında qoymayıb. O, belə İnsandır, hamını düşünən və hamını başa düşən insan, bizim Cəmil müəllim…
Bəzən Koordinasiya Mərkəzinin iclaslarında mübahisələrimiz düşür. Nələrisə müzakirə edirik, fərqli, bəzi hallarda bir-birini inkar edən fikirlər səsləndiririk. Canlı müzakirələrin, “beyin fırtınaları”nın gedişində kimsə narazı da qalır. Cəmil müəllim intellektual yumoru, kübar mədəniyyəti və təvazökarlığı ilə prosesi elə idarə edir ki, sanki barəsində cild-cild kitablar yazdığı bütün böyük diplomatik danışıqların moderatoru şəxsən özü olub.
Hər birimiz, o cümlədən, Cəmil müəllim, bu Vətənin övladlarıyıq və ölüncə bu Vətənə borcluyuq. Ancaq zənnimcə, 2013-cü ilin prezident seçkilərindəki iştirakı ilə Cəmil Həsənli sağlığında Vətən qarşısında borcunu verən tək-tək seçilmişlərdən birinə çevrildi. Cəmil müəllim, əslində, prezidentliyə namizəd olmadı, kəfənini əyninə geyinib hər an bu Vətən üçün ölümünü gözləyən fədai oldu. Sonralar, bunun bədəlini özü də, ailəsi də, qızı Günel də ödədi. Bu gün Azərbaycanın ictimai-siyasi və mənəvi diriliyinin, milli müqavimətin mərkəzi olan Milli Şuranın qorunub saxlanmasında da onun sədri Cəmil Həsənlinin müstəsna xidmətləri var. Əminəm ki, tarixçi Cəmil Həsənlinin bu böyük tarixi rolunu Tarix özü layiqincə qiymətləndirəcək. Ancaq ona da əminəm ki, Cəmil müəllimin heç tarixdən də umacağı yoxdur. Onun siyasi məhbuslar haqqında tez-tez təkrarladığı gözəl bir fikri var: bu insanlar Vətən və millət naminə etdikləri bütün fədakarlıqlarının mükafatını yalnız öz vicdanlarından umurlar. Bu söz elə Cəmil müəllimin öz boyuna biçilib. Vətən və millət naminə etdiyi bütün fədakarlıqların mükafatını yalnız və yalnız öz vicdanından uman Böyük İnsan, Ziyalı, Alim və Dost – bizim Cəmil müəllim, ad gününüz mübarək olsun!.
 
Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli
İ.S. Professor Cəmil Həsənlini “Xural” qəzetinin kollektivi adından təbrik edir, ona Azərbaycanın demokratikləşməsi uğrunda yorulmaz fəaliyyət və yaradıcılıq uğurları arzu edirik…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button