“Bizim milyarderlər oğru kateqoriyasına aid olunurlar”

Əli Əliyev
Əli Əliyev

Vətəndaş və İnkişaf  Partiyasının sədri

“Forbes” dərgisi özünün 30-cu yubiley siyahısını çap edib. Siyahıda 2016-cı il üçün dünyanın ABŞ dolları ilə ölçülən, milyardlıq sərvətə malik varlı insanlarının reytinqi çap edilib. Ümumilikdə reytinq listinə 1810 nəfərin adı daxil edilib. Maraqlı siyahıdır.

Siyahıya şəffaf hesabatlığa malik dövlətlərin bazar iştirakçıları daxildir. Əlbəttə ki, dünyada belə sərvətə malik insanların sayı daha artıqdır. Lakin Forbes “təmiz”(halal) pulların hərəkətinə müvafiq siyahı tərtib edir. Varidatı şübhəli mənbələrdən olan şəxslərin adları Forbes-a düşə bilməz. Misal üçün, imkanlarından yararlandığımız Facebook sosial şəbəkəsinin müəllifi Mark Sukerberqin son ildə aktivləri 11.2 milyarddan 44.6 milyarda qədər yüksəlib.

O, ötən ilin ən sürətlə artan biznesə malik sahibkarı olub. Yaxud, siyahının 344-cü pilləsində, siyasi reytinqlərdə üst qatı zəbt etmiş, ABŞ mühafizəkarlarının prezidentliyə namizədi, Nəqliyyat naziri Ziya Məmmədovun ailəsinin biznes ortağı Donalq Trump qərarlaşıb. 4.5 mlrd aktivə malik Trump Məmmədovlar ailəsi ilə hansı varidat uyğunluğuna malikdir ki, ortaqlıq edirlər? Maraqlıdır.

Siyahının digər maraqlı cəhətləri də mövcuddur. Beləki, bu siyahıda hansısa dövlətin nümayəndələrinin olması, ölkədə sərbəst biznesin və ya ən azı şəffaf hesabatlığın olmasına dəlalət edir. Yəqin ki, hamı əvvəldən bildi ki, dövlət olaraq, Azərbaycanın biznes nümayəndələri o siyahıda yoxdurlar. Heç kəs düşünməsin ki, biz milyarderlər baxımından kasıbıq. Qətiyyən.

Bildiyiniz kimi, belə imkanlılarımız bəs qədərdir. İstənilən orta statistik azərbaycanlı nəfəsini dərmədən 10 nəfərin, bəlkə də daha çoxunun adını çəkər. Sadəcə, bizim milyarderlər oğru kateqoriyasına aid edildiyindən, soyadlarımız belə dünya reytinqlərini “bəzəyə” bilmir.

Hesab etməyin ki, həmvətənlərimiz bu siyahıda yoxdurlar. Biz hökümətimiz qədər fərsiz deyilik ki, pul qazanmağa bacarığımız çatmasın. Reytinq-listdə həmvətənlərimizdən Rusiyanı təmsil edən 124-cü sırada 8.9 mlyrd-la qərarlaşmış Vahid Ələkbərov, müvaiq olaraq, 527-ci sırada 3.2 mlrd-la Qod Nisanov, 1275-ci sırada 1.4 mlrd-la Fərhad Əhmədov, 1476-cı sırada 1.2 mlrd vəsaitlə Araz Ağalarov qərar tutublar. Reytinq cədvəlində keçmiş müttəfiq respublikalardan Rusiya 74, Ukrayna 5, Qazaxstan 5, hətta qonşu Gürcüstan 1 nəfərlə təmsil olunur. Qardaş Türkiyə siyahıya 30 iş adamını daxil edə bilib.

Biz partiya olaraq, ölkədə maliyyə amnistiyasının elan olmasını tələb etdikdə, sərbəst iş dünyamızın yaranmasını arzu edirik. İstəyirik ki, milli oğrularımız bu çirkabdan təmizlənsinlər, varidatları şəffaf olsun, dövlətə və millətə xidmət etsin, iş yerləri yaradıb büdcəyə vergi ödəsin. Birdəki ölkədə zəngin adamların olması ötən əsrin əvvəllərində lazımlığını sübuta yetirib. Bir statistikanı da nəzərinizə çatdırmaq istəyirəm.

Ötən əsrin əvvəllərində Bakı milyonçularının gördüyü mütərəqqi işləri sadalamaq istəmirəm. Lakin onların varlığı paytaxtın inkişafına, təhsilin yüksəlməsinə, milli kadrların hazırlığına, düşmən təhlükəsi yarandıqda təşkil olunmağa təkan vermişdi. O milyonçularımız neft milyonçuları idilər. Bakı və ətrafında fəaliyyət göstərən quyuların cəmi 5 %-i onlara mənsub olub. Neft çıxarılan quyuların 95 %-i qeyri millətlərin olub. 95% qazancın müqabilində qeyrilərin izini bu günkü paytaxtımızda çox az sezərsiniz.

Misalı ona görə çəkdim ki, bizim gizlin milyarderlər də “qeyri”lər xislətində cəmiyyətə heç bir fayda vermirlər, verə də bilməzlər. Belələri “siçovul” misalı, yalnız özlərinə xidmət edirlər. Çünki onların ictimai məsuliyyəti mövcud deyil. Rəsmi statuslu varlılar cəmiyyətdən qazandıqlarını gizlədə bilmədiklərindən, ona xidmət yükünü daşımaq zorunda qalırlar. Bill Geyts uzun illər dünyanın ən varlı şəxsi statusunda, müxtəlif xeyriyyə proqramlarının təşkilatçısı idi. Elə düşmən Ermənistanında ayaqda durmasında dünya erməniliyinin zəngin təbəqəsi xüsusi rol oynayır. Oğru statuslu pullulardan yüksək mənəviyyat gözləmək də yanlışdır.

Biz hakimiyyəti tarixdən dərs götürməyə çağırırıq. Rəsmi milyarderlərimiz bizim inkişafımızın təzahürlərindən, rifahımızın şərtlərindən, “Forbes” nümunəsində isə təbliğatımızın və gücümüzün əlaməti olmuş olardı. Oğurluğu dayandırmağın zamanı çoxdan yetişib.

Böhran evimizin içindədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button