Bizim xalq dözümlü xalqdır

 Kim bu aforizmi deyibsə, ona halal olsun! Doğrudan da bizim xalq tarixən dözümlü olub. Xanlar, bəylər aparıb rusların qucağına atanda, dözdü, cınqırı belə çıxmadı; ruslar gətirdi erməniləri bizə baş bəlası elədilər, dözdü –  ev verdi, torpaq verdi, «kirvə» deyib başının üstünə qaldırdı…

Bu kirvələr zaman-zaman bizi qırdı, məhv etməyə çalışdı, dözürük.

Bir millət olaraq parçalayıblar, adımızı əlimizdən alıblar, dözürük.

Satırıq, satılırıq – dözürük.

Vallah çox qəribə dözüm var bizdə. Bəlkə də, yeganə dözümlü xalqıq, pul veririk ki, övladlarımız savadsız olsun. Dözürük, adı dölətin olub, özü kimlərinsə şəxsi əmlakı olan xəstəxanalara gedəndə; dözürük, adı dövlətin olub, özü kimlərinsə halal malı olan məktəblərə gedəndə… Əlimizlə pulumuzu verib ev tikdiririk, sonra onun gözümüzün qabağında yıxılmağına dözürük; halal malımızı əlimizdən alırlar, özümüzü həbsxanalarda çürüdürlər, dözürük; məhkəmələr bazar, bazarlar azar yeri olub, dözürük; vayımız toy, toyumuz vay olub, dözürük. Bizim dözümümüzün həddi, hüdudu yoxdu.

 Cox dözümlü xalqıq. Qadınlarımızın xəbəri Dubaylardan, nə bilim daha haralardan gəlir. Sanki bunun bizə dəxli yoxdur kimi dözürük. (Düzdür, bu yaxınlarda Patamdarda buna dözmədilər, amma fikirləşirəm, onlar bizdən deyil və ya biz onlardan deyilik. Axı qanunla biz dözürüksə, onlar da dözməlidirlər).

Bilən adamlar həyacan təbili çalır, yediklərimizin nə olduğunu bilmirik. Sabah övladlarımıza gələn xəstəliklərin çoxunun mənbəyi bu gün onlara yedirtdiklərimizdir. Bütün bunları bilirik, dözürük. Döğrudan da çox dözümlü xalqıq!

Dözümlülükdən başqa, biz sevdiyimiz adətlərə bağlı xalqıq. Baxın, vaxtı ilə SSRİ-nin hər bir bazarında aşağısı 3-5 nümayəndəmiz var idi. Şıdırğa al-ver edirdilər. Elə bilirsiniz dolanışıq üçün idi? Yox əsla, sadəcə, adətkar idilər. İndi də onların törəmələri hər yeri bazara döndəriblər. Təhsil – bazar, səhiyyə – bazar, nəqliyyat, neft, nə bilim daha haranı desən, hər yer bazara dönüb. Hər şeyin öz qiyməti var, verməsən əldə edə bilməzsən. Axı adətkarıq!

Mollası biznesmen, biznesmeni molla olan xalq dözməlidir və dözümlü olmalıdır. Axı, zülmə, ədalətsizliyə, nahaqqa qarşı vuruşmaq bizə mübarək peyqəmbərimizdən, imamlarımızdan qalıb və bu din adamları onu bizim yadımıza salmalıdırlar.

İyirmi ildir (əslində yüz iyirmi də demək olar) düşmən torpaqlarımızı əsarətdə saxlayır. İqtisadiyyatı analoqu olmayan səviyyədə inkşaf etmiş, hərbi büdcəsi düşmənin illik büdcəsindən böyük olması ilə qürrələnən dövlətimiz dözürsə”, deməli, biz də dözməliyik.

Çox dözümlü dövlətik. Amma heyf ki, dövlət bu dözümlülüyü öz xalqına, öz millətinə qarşı göstərmir. Elə bil, bir dəstə quldurdurlar, çapırlar, talayırlar, qəsb edirlər. Arxayındırlar ki, dözümlü xalqıq!

Dözməyənlər üçün isə məhkəmələr, sürgünlər, həbsxanalar var. Qəbirsanlıqda yer bol, dözməyənlər üçün pullu qatillər pusquda yatıb.

Bəs nə, dözməyən olmamalıdır, yekdillik lazımdır. Hamı dözürsə, biz deyiriksə ki, dözümlü xalqıq, deməli, heç kim bu cızıqdan çıxa bilməz.

Çıxanlar və dözməyənlərə isə bir dövlət məmuru əla tərif verib: “İndi demokratiyadır, hamıya xarici pasport vermişik, çıxıb gedə bilər. Heç kimi güclə saxlamırıq”».

Bax, belə, mənim dözümlü xalqım, döz, yoxsa ya çıxıb xaricə, ya zindana, ya da qəbirə gedəcəksən!

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button