Bizlər və sizlər

Bizlər kimlərik?

 Vətən və millət, xalq və dövlət, azad söz və haqq ədalət yolunun yolçuları. Vicdan və şərəf uğrunda ölümə gedən insanlar. Millətini sevən və bu sevgidən doğan şərafətlə haqq yolunun yolçularıyıq bizlər. Özü də az deyilik. Bizim adımız milyonlardır. Biz dediyimizi, yazdığımızı öz adımızla imzalayır və arxasında dururuq. Biz özümüzə istədiyimizin iki mislini millətimizə istəyirik. Belə də olmalıdır, bu şərəfli millətin şərəfini qoruyanlar heç bir zaman gizlənməzlər. Onlar meydanda da öndə oldular, Qarabağda da, “diktaturaya yox” deyəndə də. Düzdür, bunun bədəlini ödədilər. Zindanlara, sürgünlərə göndərildilər. Canlarını fəda etdilər. Əlil oldular, ailələr dağıldı. Amma haqdan dönmədilər. Səhvləri də oldu, lakin bu səhvi görəndə onu düzəltməyə çalışdılar, pula-paraya, dünya malına satılmadılar. Dedilər ki, “bu millətin şərəfi onun varlığından da vacibdir”. Azmı oğullarımız “təki vətən yaşasın” deyib ölümü salamladı. Minlərlə şəhidlərimiz buna misaldır. Ən axırıncıları, hələ ağrısını acısını unudmadığımız Mübariz İbrahimov, Fərid Əhmədov, azad olunmağı uğrunda savaşdığımız Ramil Səfərov. Saydıqca qurtarmaz. Biz ölumə sən deyən, şərəfimizi uca tutan vətən oğullarıyıq. Biz bütün qara qüvvələrin hədəfində olan bir kəsimik. Bu haqq yolunda hər bir hadisələr başımıza gəlib. Ölənlə ölmüşük, tutulanla zindanlara getmişik, mübarizlərlə bir səngərdə olub savaşmışıq. Bəli, biz haqqın guruldayan səsiyik. İstəsəniz də, istəməsəniz də biz varıq. Bəzilərimizi siradan çıxarsanız da, yerinə minlərlə adam gəlir. Cünki haqqın səsi tutular, amma boğulmaz.

Bəs siz kimsiniz? Bu dünyada insan övladı üçün müqəddəs nə varsa, hamısını var-dövlətə satan; namərdliyi özünə peşə edən, şərəf sözü gələndə qəhqəhə çəkib gülənlər… Keşiş qaponlar, taleyranlar ordusu. Keçmiş MTN-nin arxivlərində sizin babalarınızın donosları hələ saralmayıb. Siz onların övladları, VƏTƏN, ŞƏRƏF ADI GƏLƏNDƏ ƏTİNİZ ÇİMÇƏŞƏN İNSANLARSINIZ. Siz vətənin namuslu oğullarını daldan, qaranlıq dalanlarda vuranlarsınız. Siz müxtəlif adlar altında gizlənib insanlara şər atmaqdan həzz alır və bunu özünüzün şərəf məsələniz bilirsiniz.

Burada heç birinizin adını çəkməyəcəyəm; hər kəs öz payını götürür və hər kəs öz əməlini gözəl bilir. Ən qəribəsi odur ki, bu insanlar virtual dünyanı da işğal etməyə cəhd edirlər. Yalançı adlarla yalançı profillər qurur, şər, böhtan yağmurunu oradan insanların üstünı yağdırır. Bu onlar üçün ən yüksək kişilik, qeyrət, şərəf nümunəsidir. Vətəni qorumaq adı gələndə əlli həkim arayışı gətirən bizim bu “qeyrətli” oğlanlar harada vətənpərvərlik varsa, orada peyda olurlar.

Bax, siz busunuz! Siz bunlarsınız! Siz yemək üçün yaşayan sürünənlərsiniz! Sürünün, görək, nə qədər sürünəcəksiniz?!

 Nurəddin Xoca  

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button