Biznesmen deputatların “Eurovision” hazırlığı

Hakimiyyət onlara xüsusi tapşırıq verib

 Azərbaycan Milli Məclisində kifayət qədər biznesmen deputat fəaliyyət göstərir. Onların arasında yüksək və orta kapital sahibləri olan millət vəkilləri var. Konkret bizneslə məşğul olan, yəni hansısa şirkət, bank və ya digər biznes strukturlarına malik olan millət vəkillərinin sayının isə 20-dən çox olduğu bildirilir. Həmin deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını gizlətməsi müəyyən şübhələrə yol açır. Çünki həmin deputatlar malik olduqları biznesin nə vaxtsa əldən çıxmalarından narahatdırlar. Odur ki, yaxın adamlarının vasitəsilə öz bizneslərini idarə edirlər.

Son parlament seçkilərində 38 nəfər ilk dəfə deputat mandatı qazandı. Onların arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan, müxtəlif biznes strukturlarına rəhbərlik edən millət vəkilləri də kifayət qədərdir.

Amma maraqlıdır ki, ölkədə millət vəkilinin biznezlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazəsi olmadığı halda, bunlar parlamentə necə düşürlər?

Mətbuatda bununla bağlı dəfələrlə yazılar dərc olunub və müvafiq orqanların nəzərinə çatdırılıb ki, qanunvericiliyin imkan vermədiyi halda millət vəkilləri bizneslə məşğul ola bilməz.

7GUN.AZ-a daxil olan məlumata görə, artıq yuxarı dairələr də, biznesmen deputatların fəaliyyətinə göz qoymağa başlayıblar və bununla bağlı yaxın günlərdə müvafiq tədbirlər görüləcək.

Milli Məclisə yalnız iclas xatirinə gəlib və demək olar ki, fəaliyyətsiz olan biznesmen deputatlara da iş tapılıb. Məlumdur ki, 2012-ci ildə Bakı “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Bununla bağlı paytaxtda irimiqyaslı yenidənqurma işləri aparılır. Xarici qonaqları qarşılamaq üçün hazırda otel tikintisi sürətlənib. Hakimiyyət də Qərbə verdiyi sözü tutmaq üçün müsabiqəni möhtəşəm şəkildə keçirməyi qarşısına məqsəd qoyub. Hətta Bakıdakı yarışmaya xərclənəcək pul, Almaniyanın ötən il xərclədiyindən qat-qat yüksəkdir. Aydın məsələdir ki, bu qədər yüksək məbləği dövlətin özünün ödəməyi bir qədər ağırdır. Odur ki, parlamentdə təmsil olunan biznesmen millət vəkillərinə aparılan yenidənqurma işlərinə pul ayırmaqları tapşırılıb. Hətta onların bəzilərinin üzərinə paytaxta bir neçə yüksək səviyyəli hotel tikmək də qoyulub.

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button