Blinken Əliyevdən haqsız həbs olunanların azad edilməsini istəyib

Yayımlandı: 21 İyun 2024 12:01

“ABŞ COP29-un uğurlu keçməsinə kömək etməyə hazırdır”

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Entoni Blinken danışıq zamanı Ermənistan və Azərbaycanın sülh sazişi istiqamətində davamlı irəliləyişini gördüyünü, gecikmədən sülh sazişinin bağlanmasının vacibliyini vurğulayıb.

Deyib ki, Birləşmiş Ştatlar tərəflər üçün faydalı olan gələcək əməkdaşlığı dəstəkləməyə hazırdır.

ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayan dövlət katibi, ortaq iqlim və enerji məqsədlərinə dair Azərbaycanla konstruktiv əməkdaşlıqdan da danışıb:

“ABŞ COP29-un uğurlu keçməsinə kömək etməyə hazırdır”.

O, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin yenilənməsinə və möhkəmlənməsinə çağırıb:

“Bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəlik və öhdəliklərinə əməl etməyə, haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırırıq. Azərbaycan bunu tez bir zamanda etməlidir”, – Entoni Blinken bildirib.

2023-cü ilin noyabrından bu yana Azərbaycanda 20-dək jurnalist, ictimai fəal həbs edilib.

Əvvəlcə həbslər “AbzasMedia” işi ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onların hazırda həbs müddətləri artırılıb. Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər. Amma özləri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Daha sonra həbslər “Toplum TV” işi üzrə davam edib. Bu il martın 6-da polis “Toplum TV” internet telekanalına reyd keçirərək kanalın ofisini bağlayıb. Kanalın təsisçisi Ələsgər Məmmədl və daha bir neçə nəfər saxlanılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə açıqlamalarında ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmədiyini bildirirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button