“Bloomberg”: Azərbaycandan oğurlanmış $3,9mlrd.

Mayın 25-də dünyaca tanınan “Bloomberg” Azərbaycandan yalnız 2012-2014-cü illərdə əyri, natəmiz, oğurluq yollarla London ofşorlarına ötürülmüş büdcə vəsaitlərinin, mənimsəmənin yeni həcmini açıqladı. 3,9 milyarda dollar.

Bilirsiniz ki, ötən ilin sentyabrında korrupsiya cinayətlərini araşdıran beynəlxalq jurnalist təhqiqat qrupu Estoniyanın Danske bankı vasitəsi ilə ölkədən əyri yollarala çıxarılan vəsaitin 2,9 milyarda dollar olduğunu bəyan etmişdi.

Yeni araşdırmalar və dəqiqləşdirmələr bundan bir milyard dollar çox olan 3,9 milyard dollar rəqəmini ortaya qoydu. Bu qədər vəsaiti gizli yollarla, qaçaqmalçılıq yolu ilə ölkədən kim çıxara bilər. Bunu heç bir nazir, heç bir oliqarx edə bilməz. Belə böyük vəsaitlərin ölkədən gizli yollarla çıxarılmasın yalnız ölkəyə nəzarət mexanizmini ələ keçirmiş hakim ailə, Əliyev ailəsi edə bilər.

London ofşor hesablarının Britaniya hökumətinin himayəsində indiyə qədər gizli saxlanılması, adların açıqlanmaması da bilavasitə bununla bağlı ola bilər. Yalnız iki il ərzində oğurlanan pulun məbləği bəlli (3,9 milyard dollar), marşrutu bəlli (Bakı-Tallin-London), əməliyyatı həyata keçirən bank bəlli (Danske bank), oğurluq pulları göndərən bank və təşkilatlar bəlli (Baktelekom MMC, Beynəlxalq bank, Müdafiə nazirliyi, Müdafiə sənayesi nazirliyi, Fövqəladə hallar nazirliyi, Milli təhlükəsizlik nazirliyi), oğurluq pulları qəbul edən dörd London gizli hesablarının adı bəlli.

Bundan açıq, bundan aydın, bundan şəffaf daha nə ola bilər. İndi qalır bu gizli hesabların kimlərə məxsus olduğun açıqlamaq. Bu da May xanımdan aşlıdır. Əgər BP imkan versə May xanım əslində adları açıqlayar. Əgər açıqlamırsa deməli 3,9 milyardlıq çıxarılan vəsait ancaq hakim ailəyə məxsus ola bilər. Bunun başqa adı yoxdur.

Biz hələ Milli Şura olaraq 2017-ci ilin sentyabrında bank rekvizitləri ortada olan bu oğurluq vəsaitin araşdırılması, məsələyə aydınlıq gətirilməsi barədə Baş prokurorluğu yazılı, ünvanlı, məzmunlu müraciət etdik. Üzərindən 9 aya yaxın bir vaxt keçməsinə baxmayaraq, ölkədən böyük həcmdə vəsaitlərin çıxarılmasına dair məlumatların müraciətə əlavə edilməsinə rəğmən, küllü miqdarda çirkli pulların yuyulmasına dair faktların ortada olmasına baxmayaraq Baş Prokurorluqdan heç bir cavab gəlmədi, heç bir reaksiya nümayiş etdirilmədi. Bu səssizlik özü də ölkədən çıxarılıb əyri yollarla ofşorlara daşınan vəsaitlərin hakim ailəyə, Əliyev ailəsinə məxsusluğu ehtimalını daha da möhkəmləndirir. Əks təqdirdə ölkədə qanunlara nəzarət funksiyasını həyata keçirən Baş Prokurorluq bu boyda talançılıq, ölkənin sərvətlərinin gizli hesablara daşınma faktına niyə biganə qalmalıdır.

Tədbirlərə gəlmək üçün 20 qəpik avtobus, metro pulu tapa bilməyən cəbhəçilər “çirkli pulların yuyulmasında” şübhəli bilinir. Bəs çirkli pulların qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasına dair bu boyda oğurluq faktı bank rekvizitləri ilə ortada olduğu halda, yoxsa elə bilirlər qara pullar London hesablarına oturduqdan sonra aydan arı – sudan duru olub?

Rabitə işində nazir Əli Abbasov həm yazılı, həm şifahi ifadəsində təsdiq etdi ki, nazirliyin “qara kassasından” hər ay 300-400 min manat tər-təmiz paket alıb və bir o qədər də təhlükəsizlik nazirinə, ondan bir qədər az vəsaiti həmin nazirin müavinləri və idarə rəislərinə göndərib. Bu qədər çirkli pulların mənimsənilməsi, natəmiz “qara kassa” müştərilərinin büdcə vəsaitlərini “təmizə” çıxarması əməliyyatında iştirak edənlərdən kimlər cəzalandırıldı?

Bəlkə, İlham Əliyev Əli Abbasovla Əli Kərimlini səhv salır? Lap bu yaxınlada Əliyev və Heydərov ailələrinin Maltada çirkli pulları yumaqla məşğul olan “Pilatus” adlı bank aşkarlandı. Hazırda bankın fəaliyyəti dayandırılıb, icraçı direktor həbs edilib və çirkli əməliyyatların dairəsi təhqiq edilir. Baş Prokurorluq isə keçmiş bir cəbhəçinin öz dostuna məhbus ailələrinə dəstək olmaq üçün ayda-ildə təsadüfən göndərdiyi 500-1000 dollar həcmində kiçik bir məbləği yumaq üçün az qala Xəzərdə camaşırxana açsın.

Ölkəni çirkli pullar “xəzinəsinə” çevirənlər, dünyanı bu çirkli pullarla murdarlayanlar, siyasi maraqları naminə ölkə qadınlarını xaricilərə peşkəş edənlər utanıb qızarmadan namuslu adamlara, işıqlı insanlara, ölkənin mənəvi yükünü şərəflə daşıyan vətəndaşlara böhtan atmaqdan, onları ləkələməkdən, öz çirkli adlarına və əməllərinə şərik etməkdən çəkinmirlər.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button