BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin hesabatı barədə qeydlər…

Oktay Gülalıyev

Oqtay GÜLALIYEV

Hüquq müdafiəçisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsi növbəti hesabatını yayıb. Hesabatda Azərbaycan həbsxanalarında mövcud olan işgəncə halları kəskin şəkildə pislənilib. Hesabata keçməmişdən qabaq bir məqamı qeyd edək. İllərdir ki, ölkəmizdə həbsxanalarda dustaqların saxlanma şəraitinin insan həyatı üçün dözülməz həddə olması, qanunsuzluğun, korrupsiyanın, ayrı-seçkiliyin, işgəncənin ayaq tutub yeriməsi, ölkədə cəzasızlıq mühitinin hökm sürməsi, məhkəmələrin müstəqil olmaması və s. barədə həyəcan təbili çalmağımızı hökümət qulaqardına vurur, dediklərimizi şayiə, böhtan adlandırır. İrəli sürdüyümüz yüzlərlə faktları görməzlikdən gəlir, heç bir araşdırma aparmadan rədd edirdi. Budur, artıq bizim dediklərimizi dünyanın nüfuzlu beynəlxalq qurumları ən yüksək tribunalardan səsləndirir. Təbii ki, bu tənqidlər və ittihamlar Azərbaycan dövlətinin ayağına yazılır, bizim millət və dövlət olaraq nüfuzumuzu zədələyir.

Dünyanın nüfuzlu beynəlxalq təşkilatları “Amnesty İnternational”, “Human Rights Watch”, ABŞ Dövlət Departamenti və digər qurumların Azərbaycanla bağlı yaydıqları sərt hesabatdan sonra BMT-nin İşgəncələr Əleyhinə Komitəsi bir neçə gün öncə analoji addımı atıb. Hesabatdan bəzi qeydlərə nəzər yetirək;

“Üzv dövlətin (yəni Azərbaycanın – red.) hesabatına görə, 2010-2015-ci illərdə bircə nəfər də işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Halbuki 2009-2013-cü illərdə həbs yerlərində məsul şəxslərin qəddar davranış və işgəncələrilə bağlı Penitensiar Xidmətə 334 şikayət daxil olub. 2010-2013-cü illərdə vəzifəli şəxslərin vətəndaşlara işgəncə verməsi haqda Daxili İşlər Nazirliyinə 984, Baş Prokurorluğa da 678 analoji şikayət daxil olub. Komitə hesab edir ki, bu göstəricilər Azərbaycanda işgəncələr haqda şikayətlərin operativ, effektiv və qərəzsiz araşdırılmadığının aşkar sübutudur.

Üzv dövlət işgəncələrə dözümlü yanaşmamalı, vətəndaşlara işgəncə verənlərin cəzasız qalması praktikasına son qoyulmalıdır. İşgəncə və qəddar davranış hallarının araşdırılması üçün görülən tədbirlər barədə konkret məlumatların əldə olunması təmin edilməlidir. Hər bir vətəndaşın şikayətinin obyektiv və effektiv şəkildə araşdırılması hüququ təmin edilməlidir”.

Hesabatda daha sonra hüquq müdafiəçilərinin qanunsuz həbsindən və onlara göstərilən qəddar davranışdan bəhs olunur: “Komitə Azərbaycanda bir sıra hüquq müdafiəçilərinin qanunsuz həbsi, həbs yerlərində onların qəddar davranışa məruz qalması, müəyyən hallarda, tibbi yardım ala bilməməsi barədə çoxsaylı məlumatlardan dərin narahatlığını bildirir. Məsələn, Leyla və Arif Yunuslar, İlqar Məmmədov, İntiqam Əliyev, Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov.

Komitə eyni zamanda, dövlətin yuxarıda göstərilən şəxslərlə bağlı bütün iddiaların əsassız olması barədə birmənalı mövqeyindən təəssüflənir. Çünki BMT-nin digər strukturlarının da həmin şəxslərə qarşı münasibət barədə müvafiq hesabat və bəyanatları, Avropa Məhkəməsinin qərarı var. Komitə narahatdır ki, bu şəxslər törətmədikləri əmələ görə həbs olunub, onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı tam, müstəqil və effektiv araşdırma, məhkəmə olmayıb.

Üzv dövlət qanunsuz həbslər, lazımi tibbi yardımdan imtina, hüquq müdafiəçilərinə qarşı qəddar davranışla bağlı yuxarıda göstərilən halları araşdırmalı, günahkarlar cəzalandırılmalıdır. Həmçinin insan haqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə həbs olunan hüquq müdafiəçiləri azadlığa buraxılmalıdır”.

Diqqət edin; Dünyanın ən nüfuzlu qurumlarından olan BMT-nin Ali Komitəsi bəyan edir ki, “bu şəxslər törətmədikləri əmələ görə həbs olunub, onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı tam, müstəqil və effektiv araşdırma, məhkəmə olmayıb. …İnsan haqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə həbs olunan hüquq müdafiəçiləri azadlığa buraxılmalıdır.”

Bunu ki, biz demirik. BMT-nin ali qurumu deyir. O qurumun ki, Təhlükəsizlik Şurasına 6 ay formal sədrlik etmənizi (ətraflı burda; http://mfa.gov.az/content/751) hakimiyyətin ugurlu daxili və xarici siyasəti kimi bütün dunaya car çəkdiniz. BMT-nin şəninə ən gözəl sözləri dediniz. Çox gözəl, bizim etirazımız yoxdur. Əgər dediklərinizdə səmimisinizsə nufuzlu və möhtəbər hesab etdiyiniz qurumun ittiham və çağırışlarından da nəticə çıxarıb şərləyib həbs etdiyiniz siyasi məhbusları azadlığa buraxın. Dinc, günahsız insanlara işgəncə verənləri, 14 saylı CÇM-də Elşad Babayevi, Mingəçevir polis şöbəsində Bəhruz Hacıyevi öldürənləri, İntiqam Əliyevə, Leyla Yunusa, İlqar Məmmədova, Pərviz Həşimliyə, Murad Adilova, Elvin Abdullayevə, Araz Quliyevə və digərglərinə işgəncə verənlər haqqında ciddi ölçü götürün.

Daha sonra Hesabatda deyilir: “Komitə əvvəlki kimi, yenə də Azərbaycanda məhkəmə sisteminin müstəqil olmaması, icra hakimiyyətindən asılı olması, siyasi təzyiqlər altında fəaliyyət göstərməsindən narahatlığını ifadə edir. Komitə əvvəlki tövsiyəsini bir daha təkrarlayaraq bildirir ki, təkcə qanunvericilikdə yox, praktikada da məhkəmələrin tam müstəqilliyi və qərəzsizliyi təmin olunmalıdır”. Azərbaycanda məhkəmələrin müstəqil olmamasını artıq təkcə biz demirik. ABŞ Dövlət Departamentinin, BMT-nin timsalında bütün dünya deyir. Əgər bir dövlətin məhkəmə sistemi müstəqil deyilsə, icra orqanlarından asılı vəziyyətdədirsə, orada hansı haqq-ədalətdən danışmaq olar?

Hesabatda daha sonra vəzifəli şəxslərin məhbuslardan, xüsusən yetkinlik yaşına çatmayan şəxslərdən zor gücünə, işgəncə ilə etirafedici ifadələr alınması, müstəqil vəkillərə təzyiq olunması, onların Vəkillər Kollegiyasından uzaqlaşdırılması kəskin şəkildə pislənilir. 

Hesabatın diqqət çəkən bölümlərindən biri həbsxanalardakı ölüm hallarının araşdırılmaması ilə bağlıdır; “…Komitə həbs yerlərində məhbusların hüquqlarının pozulması və ölümlər barədə çoxsaylı şikayətlərdən narahatdır. Narahatlığa əsas verən məqamlardan biri də türmələrdəki şəraitdir. Həbsxanada baş verən bütün ölümlər operativ və obyektiv şəkildə araşdırılmalı, adamların işgəncə nəticəsində ölümünə bais olanlar cəzalandırılmalıdır. Komitə bu tövsiyəsini bir daha təkrarlayır ki, həbs yerlərində, xüsusən 6 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanma şəraiti yaxşılaşdırılmalıdır”.

Göründüyü kimi BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Azərbaycandakı ümumi vəziyyəti, xüsusən həbs yerlərində hökm sürən dözülməz şəraiti heç də bizdən nə pis bilmir, nə də yumşaq ifadə etmir. Əlbəttə, ölkəmiz və dövlətimiz adına utanc gətirən belə hesabatlardan biz sevinmirik, heç məmnun da deyilik. İstəyərdik ki, bugünkü müzakirə mövzumuz Azərbaycan həbsxanalarındakı bərbad vəziyyət yox, BMT Təhlükəsizlik Şurasının Qarabağdan işğalçı Ermənistan ordusunun çıxarılması ilə bağlı qəbul etdiyi məlum 4 qətnamənin indiyə qədər niyə icra olunmaması ilə bağlı olsun. Amma yürüdülən siyasət ölkəmizi gündəmə işğalçı qonşularımızın bizə yaratdığı problemin çözümü ilə bağlı deyil, daxili neqativ durumla bağlı gətirir. Bu isə heç ürək açan deyil. Hakimiyyət gücünü, qüdrətini xarici həmləyə deyil, öz vətəndaşına qarşı yönəldəndə belə hesabat və mövqelərlə qarşılaşması qaçılmaz olur.

Yenə gec deyil. Ölkə həbsxanalarında dustaqların saxlanma şəraitini yaxşılaşdırmaq, işgəncələrə son qoymaq, siyasi məhbusları azad etmək, məhkəmə müstəqilliyini bərpa etmək, demokratik islahatlara getmək və s. ökəmizin nicat və çıxış yolu ola bilər. Əsk təqdirdə, yenə nüfuzlu beynəlxalq qurumların tənqidi hesabatlarına Qarabağ boyda dərdimizin çözümü ilə deyil, ölkə daxilində hakimiyyətin yaratdığı süni, lazımsız problemlərlə gələcəyik.

Bu bizə lazımdırmı?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button