BMT-nin İşçi Qrupu Azərbaycana gəlir

BMT Azərbaycanda azadlıqdan məhrum etmə ilə əlaqədar vəziyyəti öyrənmək üçün ölkəmizə işçi qrupu göndərir.

BMT-nin Bakı ofisindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, mayın 16-da Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Azərbaycana ilk rəsmi səfərini edəcək.

10 gün davam edəcək səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər – işçi qrupun sədri Setondci Rolan Adcovi və sədr müavini Xose Qevara Bakı, Gəncə və Naxçıvanda dövlət nümayəndələri, vətəndaş cəmiyyəti ilə görüşlər keçirəcəklər.

Ekspertlərdən ibarət nümayəndə heyəti həbsxanalar, polis məntəqələri, ruhi-əsəb xəstəxanaları kimi müəssisələrə baş çəkib, uşaqlar da daxil olmaqla azadlıqdan məhrum olunmuş şəxslərlə, o cümlədən onların ailələri və nümayəndələri ilə görüşüb, saxlanılan şəxslərin işlərinə dair birinci əldən məlumat toplayacaqlar.

Eksperlər qrupunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığında yerləşən İşçi Qrupun Katibliyinin əməkdaşları müşayiət edəcək.

İşçi Qrupunun ilkin müşahidələrinə dair mayın 25-də mətbuat konfransı keçiriləcək. İşçi Qrupu öz yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

Qeyd edək ki, İşçi Qrupu dünyanın müxtəlif bölgələrini təmsil edən beş müstəqil ekspertdən ibarətdir: Baş Məruzəçi Setondci Roland Adcovi (Benin); Kommunikasiyalar üzrə Sədrin Müavini Xose Qevara (Meksika); İzləmə üzrə Sədrin Müavini Li Tumi (Avstraliya); Seonq-Fil Honq (Koreya Respublikası) və Vladimir Toçilovski (Ukrayna).

Ekspert qrupu azadlıqdan iddia edilən özbaşına məhrum etmə hallarını araşdırmaq üçün 1991-ci ildə İnsan Hüquqları Komissiyası tərəfindən yaradılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button