Boks və BBC-nin insan haqları dərdi

Azər Həsrət

azer@azerhasret.com

www.azerhasret.com

 Yenə də hər zamankı kimi oldu. Azərbaycan daha bir uluslararası uğura imza atmaq üzrəykən biriləri dövrəyə girib ölkəmizi qaralama kampaniyasının əsasını qoydu. Yenə də hər zamankı kimi şeytan Londondan başladı. BBC adlı ingilis TV-si Bakıda keçiriləcək dünya boks çempionatına iki gün qalmış “araşdırma” apararaq aşkarladı ki, sən demə, Azərbaycan rəsmiləri dünya boks yetkililərinə 10 milyon dollar rüşvət veribmiş ki, bu yarışmada iki qızıl medala sahib olsun…

Bu sözü sevməsəm də, baş verənləri absurddan başqa bir şey adlandıra bilmirəm. 130 ölkədən yarışmaçılar gələcək, kimin kiminlə qarşılaşacağı belə bəlli olmadan sən medalı rüşvətlə almaq ittihamı səsləndirəcəksən! Belə yerdə deyirlər ki, ağzından çıxanı qulağın duyurmu?!

BBC adlı TV kanalı bununla əslində birilərinin ölkəmizi qaralama kampaniyasına alət oldu. Yoxsa durub durduğu yerdə, həm də dünya boks çempionatının Bakıdakı açılışına iki gün qalmış belə bir “araşdırma” yayınlanmazdı. Bizim bu fikrimizi möhkəmləndirən daha bir arqument də ondan ibarətdir ki, dünya boks rəsmiləri də, Azərbaycanın uyğun qurumu da bu iddiaları əsassız adlandırmaqla bərabər, araşdırmağa söz veriblər. Və BBC rəsmiləri də bu işdə onlara yardımçı olacaqlarını elan ediblər. İndi sual olunur: əgər BBC-nin əlində bir fakt, sübut, dəlil varsa, niyə bu məsələnin üzərinə getməkdə davam etmir? Faktları varsa, qoysunlar ortalığa. Qoymurlar, ancaq bu məsələ ilə bağlı manipulyasiyaları davam etdirirlər. Və Azərbaycan mətbuatının bir kəsimi də həmin manipulyasiyalara alət olur…

Azərbaycan boks rəsmilərinin, konkret olaraq Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun məsələyə yanaşması tam normal və təmkinli sayıla bilər: “Məsuliyyətsiz yazılar dərc edən – mənbəsi haradan olursa olsun – redaktorlar, o insanlar ki, qəzetlərin arxasında dururlar, çox ciddi düşünməlidirlər. Birincisi, əgər söhbət Azərbaycanın imicindən gedirsə, burada müxalifət-iqtidar söhbəti ola bilməz. O da qalsın idman sahəsi, o da qalsın Dağlıq Qarabağ məsələsi, o da qalsın bizim iqtisadi məsələlərimiz. Bu, ola bilməz. Ataların bir yaxşı sözü var: “Yalan ayaq tutar, amma yeriməz”. Bunu bir dəfə bilsinlər, öz ağıllarına qoysunlar ki, onlar Azərbaycan vətəndaşlarıdır, onları hər bir sahədəki müvəffəqiyyət sevindirməlidir. Azərbaycan əleyhinə olan hər bir təxribat bunlar tərəfindən də pislənməlidir” (Üslub saxlanılıb – A.H.).

Şəxsən mən də bu fikirlərin altına imzamı qoyardım. Ancaq maraqlısı odur ki, bəzi həmkarlarım K.Heydərovun bu fikrini özlərinə qarşı təhdid kimi qəbul etdilər. Hətta bu “təhdidə” qarşı fikirlər səsləndirənlər də oldu. Hələ bu azmış kimi “görüşüb məsələni həll etməyə” hazır olduqlarını da ifadə etdilər. Deyəsən, BBC-nin anti-Azərbaycan kampaniyası, K.Heydərov demişkən, “Azərbaycanın heç bir uğuruna sevinməyən” müxalif qəzetlərin işinə yarayıb axı…

Bakıda keçirilən dünya boks çempionatı ölkəmiz üçün bir fürsətdir. Nəzərə almaq lazımdır ki, tam 20 gün ərzində dünyanın ən azı 130 ölkəsinin diqqəti bizim üzərimizdə olacaq. Özümüzü tanıtmaq üçün bundan gözəl fürsət ola bilərmi heç? BBC-nin yalanlarını tirajlamaqdansa, məncə, bu çempionatın ölkəmizə gətirəcəyi faydaların üzərində dayanmaq doğru olmazdımı?

Eyni qaralama, gözdənsalma olayı 2011-ci il “Avroviziya” mahnı yarışmasından dərhal sonra da baş vermişdi. Azərbaycanlı cütlüyün qələbəsini sinirəməyən bir jurnalist bunu gözdən salmaq üçün bizimkilərə belə bir sual vermişdi ki, “mavilərin paradı olan “Avroviziya”nın Azərbaycanda keçirilməsində bir əngəl olmayacaq ki”? Ölkəmizi təmsil edən qalib cütlüyün yetərincə siyasi çevikliyi olmadığı üçün bu sual qarşısında aciz qalmışdılar…

Və maraqlısı odur ki, son günlər biriləri yenə də həmin BBC-nin Bakıda keçiriləcək 2012-ci il “Avroviziya” mahnı yarışmasını boykot edə biləcəyini iddia etməkdədirlər…

Ayılın, dostlar! Az qala ətəyində namaz qılmaq istədiyiniz bu BBC-nin Bakıdakı təmsilçiliyi deyildimi ki, bir neçə il bundan öncə ermənilərə Azərbaycanın mövqeyini müdafiə edən məktub yazdığı üçün bir azərbaycanlı jurnalisti təzminatsız-filansız işdən qovan? Elə isə “insan haqları pozuntuları üzündən” “Avroviziya 2012”-ni boykot etməsi gözlənilən BBC nədən bir azərbaycanlı jurnalistin haqlarını heç çəkinmədən ayaq altına ata bilir? Üzərində düşünülməsi gərəkən sualdır, deyilmi?..

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button