Boksçumuzu erməniyə uduzdurdular!

Bakıda keçirilən boks üzrə dünya çempionatında rüsvayçı olay yaşandı

 Dünən Bakıda keçirilən boks üzrə dünya çempionatının 1/4 finalında dəhşətli rüsvayçılıq yaşanıb. 52 kq çəki dərəcəsində rinqə çıxan Elvin Məmişzadə erməni əsilli rus idmançısı Alayana zorla məğlub etdirilib.

Bu müdhiş xəbəri dünya çempionatında iştirak edən Azərbaycan nümayəndə heyəti üzvlərindən biri XuralTAC-a verib.

Bildirilir ki, 52 kq çəki dərəcəsində yarışan və çox böyük potensialı olan Elvin Məmişzadəyə əvvəlcədən uduzmaq göstərişi verilib. «Ancaq E.Məmişzadə deyilənə əhəmiyyət vermədi və rinqə çıxaraq öz rəqibi Alayanı ağır hesabla məğlubiyyətə uğratdı» – deyə mənbə qeyd edir.

Lakin hakimlər Alayanı qalib elan ediblər və bundan sonra çempionatda ciddi gərginlik yaşanıb.

 Qaradağın icra başçısı Süleyman Mikayılovun başını kim kəsmək istəyib?

 Bildirilir ki, baş verən ədalətsizliklə bağlı ciddi etiraz edən şəxslərdən biri də Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov olub. Hay-küylə etiraz edən və hakimləri ədalətə səsləyən S.Mikayılovun çılğınlığı aranı bir az da gərginləşdirib. Süleyman Mikayılov rinqə çıxaraq hakimlərdən izahat tələb edib və qərarlarını əsaslandırmalarını istəyib.

Elə bu zaman növbəti dəhşətli olay yaşanıb. Süleyman Mikayılova yaxınlaşan qara eynəkli, idmançı görkəmli 2 nəfər şəxs ondan gərginlik yaratmamağı və dərhal rinqi tərk etməyi tələb ediblər. Onların Süleyman Mikayılova ünvanladıqları «Sənin bu dəqiqə başını kəsib əzizlərinə göndərərik» hədələrini ətrafdakılar da eşidib.

 Bakını başımıza uçurmaq istəyən erməni əsillilər kimlərdir?

 Azərbaycan nümayəndə heyətinin üzvləri məsələyə aydınlıq gətirmək üçün təşkilatçılar və heyət sədrinə müraciət ediblər. Azərbaycan idmançılarının rəhbəri isə bu məsələdə aciz qaldığını etiraf edib: «Mənə zəng edib tapşırdılar ki, Alayan heç bir halda uduzmamalıdır. Məni hədələdilər, dedilər ki, əgər Alayan uduzsa, Bakını bir gecənin içində başınıza yıxarıq!»

Qeyd edək ki, Rusiya yığmasını təmsil edən Alayanın döyüşdən qabaq soyunma-geyinmə otağına gəlmədiyi də diqqətdən yayınmayıb. «Alayan qara plyonkalı, Rusiya nömrəli «S-klass» avtomobili ilə kompleksin qarşısına gətirildi və maşından birbaşa rinqə çıxdı. Yarışdan sonra da birbaşa onu gətirən maşına əyləşib çıxıb getdi» – deyə iştirakçı mənbə bildirir.

Alayanın artıq yarımfinala çıxdığını söyləyən mənbəmizin söylərinə görə, bu ədalətsizlik Elvin Məmişzadəyə pis təsir edib: «Elvin öz ölkəsində, doğma rinqdə belə qələbəsini qeydə aldıra bilmirsə, onu ruh düşkünlüyünə qapılmaqda qınamaq olmaz. Düzdür, London yay olimpiya oyunlarına lisenziyanı təmin etdi, ancaq medaldan zorla məhrum edilməsindən çox üzüldü».

 Bu ölkənin yiyəsi kimdir?!

 Bu dəhşətli olay bir çox sualları doğurur: Bu ölkənin Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılovu təhqiramiz şəkildə hədələyən kimlərdir? Erməniləri kim himayə edir Azərbaycanda? Bakını bir gecədə başımıza uçurmaqla hədələyən zəng yiyəsi nəyə arxayındır? Bakının göbəyində Azərbaycan vətəndaşlarını hədələyən hansı güclərdir?

Bu, bir ölkə üçün başqaxıncı, rüsvayçı və dəhşətli olaydır. Bütün güc strukturları, ölkənin siyasi hakimiyyəti və dövlətin ləyaqətini qorumalı olan hər bir kəs bu biabırçılığa görə məsuliyyət daşıyırlar.

Bakıda keçirilən dünya çempionatında Elvin Məmişzadə və Süleyman Mikayılovun timsalında bütövlükdə dövlətimiz və millətimiz təhqir olunub. Bu dözülməz təhqir və rüsvayçılığa kimlərinsə dözməsinin özünü düşünmək belə dəhşətdir.

Rəsmilərin dərhal cavab verməsini gözləyirik!!!

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button