Bölgədən səslər: “İcra başçısı sahibkarla birləşib obyektimi əlimdən alır…”

Sahibkar danışmaqdan imtina edir, onun fikirlərini mediaya İcra Hakimiyyəti çatdırır

Mingəçevir sakini, 67 yaşlı Əliyeva Səkinə Əliban qızı icra başçısı və yerli sahibkarlardan şikayətçidir.

O, Meydan TV-yə deyir ki, ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maneələr yaradılır:

“Sahibkaram, çay evim var, iri sahibkar və icra başçısı birləşib mənə hücumlar edir, obyektimi əlimdən almaq istəyirlər”.

“Mənə hücümlar olunur, şantaj olunuram”

28 il bağçada müəllim kimi fəaliyyət göstərdikdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəhər sakini hazırda qızıl alveri ilə məşğul olur.

Bununla yanaşı, 2019-cu ildə Mingəçevir şəhəri, Yaşar Muradov küçəsində yerləşən çay evini alaraq daşınmaz əmlak sahibi olub.

Səkinə Əliyeva.

Sahibkar qadın deyir ki, həmin daşınmaz əmlaka rəsmi qaydada Mingəçevir Şəhər İstehsal İstehlak Kooperativinə 4 min manat məbləğində rüsüm ödəyib.

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış da alıb.

Şikayətçi bildirir ki, ötən 4 il ərzində daşınmaz əmlakına yaxın düşə bilmir. Çünki Mingəçevir şəhərində iri sahibkar kimi tanınan Osman Əzizov icra başçısı İlham İsmayılovla birləşib onun əmlakını əlindən almaq istəyir. Bu səbəbdən ona obyekti icarəyə verə bilməməsi üçün süni əngəllər yaradır.

“Obyektimi 10 min manata ona satmağımı tələb edir”

Səkinə Əliyeva deyir ki, Əzizov Osman ona hücumlar edir, üstünə adamlar göndərir:

“Obyektimi 10 min manata ona satmağımı tələb edir. Üstəlik də, qeydiyyat pulunun da mənim ödəyəcəyimi deyir. Rəsmi sənədlə o obyekt mənim adımadır, “Azərittifaq”a rüsümunu mən ödəmişəm. Sənədlə rəhbər kimi öncə Eldar Abbasovun adına keçirildi, rüsmunu ödədim “ASAN” xidmət vasitəsilə də mənim adıma keçirildi. İndi, mənə deyirlər ki, ərazi mühafizə zolağıdır, sənə vermək olmaz. Ancaq Əzizov Osman həmin obyektin ərazisini, 650 kvadratmetr sahəni əldə edib və oranı tikib. O tikintilər zamanı çoxlu ağac, yaşıllıq məhv edib. Ekologiya daxil, bütün qurumlara etdiyimiz müraciətlərə baxılmadı. İndi də mehmanxana tikmək istəyirlər, mənim də ərazimi alıb ora qatmaq istəyirlər. Onun da arxasında hər zaman yanında olan icra başçısı İlham İsmayılov dayanır. Şəhərdə çox yerdə birgə görünürlər. Pulu, adamı var deyə səsi çıxanı, etiraz edəni, digər sahibkarı əzir. Mənim kimi kiçik sahibkarları iş görməyə qoymurlar. Monopoliyadır”.

Mən bunlardan bezib adam tapmışdım ki, obyekti 50 minə satım. Çünki şəhərdə bir sot ərazinin qiyməti on min manatdır, bu boyda obyekt bu qiymətə satılmaz axı. Alacaq adama elə qorxu gəldilər ki, geri çəkildi. İcra başçısı ironiya ilə deyir ki, adam göndərəcəyəm, 10 minə satacaqsan. Bu sahibkarın 60-dan çox obyekti var. Yarım milyonluq bazar alıb, ikinci mərtəbəsini tikdirir. Arxasında da hər gün yanında olan, restoranlarda onunla birgə görünən icra başçısıdır. Həyat yoldaşım ölüb, ali təhsilli müəllim olmuşam, tək övlad böyütmüşəm. İndi də oğlumun üç nəvəsinə qəyyumluq edirəm, onlar da tələbədir, onları oxuduram”, – deyə sahibkar bildirib.

“Çox çıxılmaz durumdayam, şikayət etmədiyim qurum qalmayıb”

Şikayətçinin dediyinə görə, sahibkar çay evinin təmiri adı ilə ondan 13 min manat məbləğində pul tələb edir. Halbuki nimdaş divar, tavan, köhnə masa və oturacaqlar orada təmirin aparılmadığını açıq göstərir:

Eşqin və Coşqun Kərimov adlı şəxslərdən istifadə edərək məni hədələyir ki, guya çay evinə 13 min manat xərc çəkib. Heç orada 300 manatlıq təmir yoxdur. Köhnə obyektdir. 2019-cu ildə alsam da, həmin şəxslər oranı çay evi kimi icarəyə götürüb işlədiblər. Mənə də heç nə ödəməyiblər, güclə məhkəmə yolu, icra məmuru vasitəsilə ötən il onları çıxara bildim. İki aydır ki, icarəyə vermişəm, ona da mane olub işləməyə qoymurlar. Adam fəhlədir. İşlədib ayda mənə 150 manat icarəhaqqı verməlidir, ona da mane olurlar. Çox çıxılmaz durumdayam, şikayət, müraciət etmədiyim qurum qalmayıb, ancaq yenə maneələr var”.

Mən ölkə prezidentindən kömək istəyirəm”

İkinci qrup əlil olan sahibkar qadın dörd ildə ölkə prezidentindən tutmuş müxtəlif aidiyyəti qurumlara müraciət edib, qəbula düşmək istəyib. Amma deyir ki, bütün cəhdləri boşa çıxıb. Nə onu qəbul edən, nə də dərdinə əlac edən olub. On dəfə keçirilən məhkəmələrin ən sonuncusunda isə o qalib gəlsə də, yenə də qarşı tərəf onu incitməkdə davam edir:

“Prezident Adminstrasiyasına üz tutmuşam, amma müraciətə baxmayıblar. Mingəçevirin icra başçısı İlham İsmayılova ərizə yazmışam, dəfələrlə qəbuluna düşmək istəmişəm, qəbul etmir. Fövqəlada Hallar Nazirliyinə getmişəm, “Qaynar xətt”inə zəng edirəm, qəbul etmirlər, Ekologiya Nazirliyinə təcili teleqramlar vurmuşam ki, yaşıllıq məhv olur, baxan yoxdur. Hamısı şikayətimi qulaqardına vurur, görməzdən gəlir. Mənə deyir ki, hara gedirsən get, hara şikayət edirsən et, obyekt mənimdir. “Azərittifaq”dan mənə deyirlər ki, obyekt sənindir, get hüquqlarını müdafiə et. Dörd ildə məhkəmələrdə sürünürəm. Bunlar məni məhkəməyə veriblər ki, guya icarəyə 13 min təmir xərci çəkiblər. Orada təmir yoxdur. İki il onları çıxara bilmədim deyə Kərimov Coşqun işlətdi. Utanmır, durub məni məhkəməyə verir ki, guya işlətdiyi dövrdə 13 min xərc çəkib, obyekt də guya onundur”.

“Beş dəfə Mingəçevirdə məhkəmə oldu, onların lehinə qərar çıxardılar, təbii ki, icra başçısının da təsiri vardı. Beş dəfə Apelyasiya Məhkəməsi oldu, o da sonda Ali Məhkəməyə göndərdi. Ali Məhkəmə də lehimə qərar çıxardı ki, daşınmaz əmlak mənim adımadır. Coşqun və Eşqin Kərimovların kassasiya şikayəti təmin edilmədi. Son qərar mənim lehimə çıxsa da, yenə gəlib ərazini hasarlayıblar, iş görürlər, obyektdən istifadəyə müdaxilə edirlər, mənə təsir göstərirlər. Qoymurlar obyekti icarəyə verək, işlədək. Mən ölkə prezidentindən kömək istəyirəm. Bunlara “dur” deyilsin, biz kiçik sahibkarlara mane olmasınlar. Ali Məhkəmənin qərarını belə saymırlar. Axı bunların özbaşınalığına kim dur deyəcək?.Heç kimdən, heç nədən qorxmurlar”, – deyə Səkinə Əliyeva kömək istəyir.

Ali Məhkəmə nə deyir?

Ali Məhkəmənin 25 oktyabr 2021-ci il tarixli qərarında yazılıb ki, mübahisəli qeyri-yaşayış binası Səkinə Əliyevanın mülkiyyət hüququna daxildir. Cavabdehlərin həmin sahədən istifadə etmələri qanunsuz olduğu üçün onların həmin oradan çıxarılmaları qanuni və əsaslıdır.

Kərimov Coşqun Hidayət oğlu və Kərimov Eşqin Hidayət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin”, – deyə məhkəmə qərarında qeyd olunub.

Qarşı tərəf danışmaqdan imtina edir, kobud davranır…

Meydan TV şikayətlə bağlı Mingəçevir şəhər icra başçısı İlham İsmayılov ilə əlaqə saxlamağa çalışsa da, özü ilə birbaşa əlaqə alınmayıb. İcra başçısı zənglərə cavab verilməyib.

Sahibkar Osman Əzizov isə telefonu açsa da, mövzunu eşidən kimi kobud ifadələr işlədərək mövqe bildirməkdən imtina edib.

“Obyektinə müdaxilə varsa, polisə şikayət etsin”

Mingəçevir şəhər icra başçısının birinci müavini Hikmət Kərimov isə sahibkarlar arasında mübahisənin icra hakimiyyətinə aid olmadığını deyib.

Sahibkarın obyektinə müdaxilə varsa, polisə şikayət etsin”, – deyə icra başçısının müavini vurğulayıb.

O bildirib ki, icra başçısının sahibkar Osman Əzizovla işbirliyində, dost münasibətində olması ilə bağlı iddialar doğru deyil:

Onun hansısa bir sahibkarla arasındakı mübahisəsinin icra başçısına aidiyyatı yoxdur. Onlar dəfələrlə polisə və məhkəməyə düşüblər. Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama da verib. İcra başçısı ilə sahibkarın birlikdə bu işi etməsi yalandır. Deyir ki, icra başçısı ilə sahibkar hər gün birgə yeyib-içir. Bu da doğru deyil. İcra başçısı sahibkara nə edə bilər ki? Ümumiyyətlə, icra hakimiyyətinin funksiyasına aid məsələ deyil”.

Ali Məhkəmə nə qərar çıxarıb icra bölməsinə yönəldilib, onlar həll etməlidir. Adıçəkilən sahibkarla danışılıb, ancaq mübahisə davam edir. Bizdə ya qəbula yazılsın, ya da səyyar görüşə gəlib dərdini desin, dinləyək. Kimləsə xəbər, elçi göndərməsin. Biz onu dəvətnamə ilə gətirəsi deyilik”, – deyə birinci müavin qeyd edib.

Sahibkarın yerinə İcra Hakimiyyəti danışır: “Heç bir məmur məni himayə etmir… “

Qısa müddətdən sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Azər Hüseynov yenidən Meydan TV ilə əlaqə saxlayıb və bildirib ki, sahibkar Osman Əzizovun çoxsaylı şikayətlərə yönəlik yazılı mövqeyini mətbuata çatdırmaq istəyir.

Maraqlıdır ki, özü Meydan TV-yə danışmaq və açıqlama vermək istəməyən, hətta kobud davranan sahibkarın fikirlərini Mingəçevir Şəhər İcra Hakimiyyəti mediaya çatdırır.

Həmin açıqlamada isə sahibkar deyir ki, Səkinə Əliyeva mülkiyyət hüququna daxil olan çay evini ona 40 min manata satmaq, əks halda isə onun sahəsinə məxsus torpaqdan iki sot almaq istəyir:

Mən həmin obyekti bir qadın vətəndaşdan almışam. Aldığım obyektin sənədlərini qanuni şəkildə dövlət qurumlarına təqdim etməyə hazıram. Apardığım təmir işləri qanuni şəkildə görülür. Haqqımda deyilənlər böhtandır. Heç bir məmur məni himayə etmir, icra başçısı İlham İsmayılovla dostluq və qohumluq əlaqəm yoxdur. Səkinə xanım mənə tələb irəli sürdü ki, ona məxsus çayxanaya 40 min manat pul ödəyim, ya da mənim icarəmdə olan torpağın iki sotunu ona verim. Mən ona narazı olduğu halda şikayət verməyini dedim. O da aidiyyəti olmayan bütün qurumlara müraciət edib. Onlar da əraziyə baxış keçirib, görülən işlərlə tanış olublar. Baxış zamanı da hər hansı qanunazidd əməl aşkarlayıblar”.

İcra Hakimiyyətindən onu da əlavə ediblər ki, Səkinə Əliyeva məxsus obyektin 20 kvadratmetri Osman Əzizova məxsusdur. Ancaq vətəndaşa məxsus obyektin çıxarışına nəzər yetirəndə məlum olur ki, daşınmaz əmlakın ümumi sahəsi 80.60 kvadratmetrdir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən verilən məlumata görə, 1 avqust 2023-cü ildə Yaşar Muradov küçəsi 64 ünvanında qanunsuz tikinti quraşdırma işləri aşkarlanaraq sahibkara və  aidiyyəti qurumlara xəbərdarlıq edilib.

Ötən ilin sentyabrında isə yoxlamaların nəticəsi olaraq ərazidə tikinti deyil, təmir işlərinin aparıldığı müəyyən edilib.

“Hamını ələ alandan sonra tikintini təmir adı ilə ört-basdır etdilər”

Vətəndaş Səkinə Əliyeva isə deyilənlərlə razılaşmır. Deyir ki, obyektinə görə ona hər gün təzyiqlər edilir, çay evini 10 min manata satdırmağa təhrik edirlər.

Onun sözlərinə görə, qarşı tərəfdən 40 min manat, və ya 2 sot torpaq istəməsi ilə bağlı deyilənlər də böhtandır:

Yalan iddiadır, zorla kiməsə hansısa məbləğə obyekt satmaq olar? Mənim obyektimi 50 minə alan vardı da, niyə əngəl olurdular? Sadəcə, qurma işdir. Kərimovları öyrədiblər. Onlara vəkil tutub məndən təmir adı ilə 13 min manat almaq istəyirlər. Ötən ilin məhkəməsində əli ilə mənə göstərdi ki, ya 10 minə satacaqsan, ya səni öldürəcəyəm. İkincisi də, ondan kimsə torpaq istəməyib, orada iki sot torpaq hardadır? Mən əvvələr torpaqla bağlı Bələdiyyəyə, Əmlak Komitəsinə ərizə ilə  müraciət etmişəm. Mənə “mühafizə zolağıdır” deyib ona satıblar”.

O kimdir ki, ondan torpaq tələb edim? Mən əvvəl məktub göndərəndə İcra Hakimiyyəti onun qanunsuz tikinti işini aparmasını təsdiqlədi. Amma o, hamını ələ alandan sonra tikintini təmir adı ilə ört-basır etdilər. Halbuki orada nə qədər tikinti işi görülüb, indi də görülür. Məni icra başçısı qəbul etmir, deyirəm özü qəbul etsin, gəlirəm. Amma bu isə onlara sərf etmir”, – Səkinə Əliyeva belə deyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button