Bölgələrdə yollar beynəlxalq kreditlərlə çəkilir

ziya18.07.2013

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda Nəqliyyat naziri Ziya Məmmədov hesabat verib:

Azərbaycan Respublikasında müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması sizin, cənab prezident, müəyyən etdiyiniz iqtisadi siyasətin mühüm tərkib hissəsi olaraq, yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətləri vasitəsilə nəqliyyat ehtiyaclarına sürətlə artmaqda olan tələbatın təmin edilməsinə, əlverişli coğrafi mövqeyi baxımından ölkəmizin geniş tranzit imkanlarından tam istifadəyə yönəlib.

Müxtəlif nəqliyyat növlərinin vahid nəqliyyat sistemində mövcud şəbəkələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, bu sistemin etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğun gəlməsi barədə sizin, cənab prezident, tapşırıqlarınıza əsaslanan nəqliyyat fəaliyyətimiz davamlı olaraq özündə ölkəmizin sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönəlmiş tədbirləri əhatə edir.

Bu ilin ən əlamətdar tədbiri olan Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı nəqliyyat-yol kompleksində keçirilən bütün tədbirlərdə bu sahənin hazırkı inkişafının Heydər Əliyev siyasətindən bəhrələndiyi qeyd edilib, Ulu Öndərin misilsiz xidmətləri dərin minnətdarlıq hissi ilə qeyd olunub və xatırlanıb.

İcazə verin diqqətinizə çatdırım ki, 2013-cü ilin 6 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib, əhalinin və ölkə iqtisadiyyatının daşımalara olan tələbatı ödənilib. 2012-ci ilin eyni dövrü ilə müqayisədə yük daşımaları 1,8 faiz artaraq 105,2 milyon ton və sərnişin daşımaları 5,7 faiz artaraq 804 milyon nəfər təşkil etmişdir. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 923 milyon manat təşkil edib.

Dəmir yolu nəqliyyatında aparılan yenidənqurma işləri davam etdirilib. Hazırda, Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri həyata keçirilir. Cari ilin 6 ayı ərzində dəmir yolunun 82 kilometrik hissəsi yenidən qurulub.

Avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, avtonəqliyyat vasitələri parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər davam etdirilmişdir. 6 ay ərzində paytaxta 340 yeni sərnişin avtobusları gətirilərək istismara verilmişdir. Gəncə, Daşkəsən və Horadiz avtovağzallarının tikintisi davam etdirilib.

İctimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiq edilməsi məqsədi ilə bu ayın sonuna qədər 1000 ədəd avtobusda xüsusi avadanlıqların quraşdırılması başa çatdırılacaq və sentyabr ayından bu sistemə keçidə başlanılacaq.

Ölkədə 6 ay ərzində 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunub, 6 körpü inşa və təmir edilib. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa–Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılıb.

Beynəlxalq kreditlər hesabına Yenikənd–Salyan, Salyan–Şorsulu və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı–Yevlax, Tağıyev–Sahil, Hacıqabul–Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul–Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağadək genişləndirilməsi işləri davam etdirilib.

Bakı şəhərində Buzovna-Mərdəkan–Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsi istismara verilmiş, Bilgəh–Pirşağı–Novxanı–Sumqayıt yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə, Qələbə meydanında və Heydər Əliyev prospektində yol qovşaqlarının tikintisi və 6 piyada keçidinin tikintisi davam etdirilmişdir.

Həsən Əliyev küçəsindən Olimpiya stadionuna qədər yeni avtomobil yolunun layihələndirilməsinə və tikintisinə başlanılıb.

Zığ dairəsi-Hava Limanı avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi, Zabrat-Maştağa-Buzovna və Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yollarının yenidən qurulması işləri davam etdirilib.

Bu il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi” üzrə tədbirlər planının və nəqliyyat məsələlərinin əhatə olunduğu digər proqramların icra müddəti başa çatır və növbəti illər üçün təkliflər hazırlanır. Fürsətdən istifadə edərək, bu proqramların icrası ilə əlaqədar, son 5 il ərzində görülmüş işlər barədə məlumatları da diqqətinizə çatdırmaq istərdim.

Bu dövr ərzində bütün nəqliyyat növləri ilə 688 milyon ton yük, 7,1 milyard nəfər sərnişin daşınıb. Yük və sərnişin daşımalarında orta illik artım tempi müvafiq olaraq 5,1 və 7,1 faiz təşkil etmişdir. Nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların ümumi həcmi 7,3 milyard manat təşkil edərək, əvvəlki 5 illik dövrlə müqayisədə 10 dəfə artırılıb.

Dayanıqlı nəqliyyat sisteminin qurulması üçün müasir infrastrukturun olması əsas şərtdir. Məlumdur ki, nəqliyyat infrastrukturu sadəcə yol, müəssisə, qurğu, konstruksiyalar deyil, bu, ilk növbədə daşımaları, yeni iş və xidmətlərə çıxışı təmin edən əsas vasitə, ticarət və iqtisadi inkişafa təkan verən milli iqtisadiyyatın təməllərindəndir. Bununla əlaqədar olaraq, sahələr üzrə infrastruktur layihələri barədə bir neçə əsas məqamları və görülmüş işləri diqqətinizə çatdırmaq istərdim.

Dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, Qədim İpək Yolu üzərində dəmir yolu infrastrukturunun yenidən qurulması işlərinə başlanılmışdır və iş hazırda da davam etdirilir. Layihə üzrə yolun artıq 209 kilometr hissəsi yenidən qurulub. Layihə başa çatdıqdan sonra, dəmir yolunun bu dəhlizlə buraxılış qabiliyyətinin ildə 30 milyon tondan 50 milyon tona, hərəkət sürətinin saatda 140 kilometrə çatdırılması mümkün olacaq.

Cənab Prezident, Siz nitqlərinizdə dəfələrlə qeyd etmisiniz ki, Azərbaycanın iştirakı və iradəsi olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Region və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən neft və qaz boru kəmərləri ilə yanaşı, Cənubi Qafqaz üzərindən keçməklə, şərqlə qərbi birləşdirən, Avrasiyanın yeni ticarət bağlantısına çevrilən Bakı-Tbilisi-Qars layihəsi də buna nümunədir.

Hazırda burada tikinti işləri sürətlə davam etdirilir. Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun 9 kilometrində üst quruluşu inşa edilib və bu ilin sonuna kimi Türkiyə sərhədinə qədər yeni yol tikiləcəkdir. Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin 2 kilometri qazılmışdır və işlər davam etdirilir. Türkiyə və Gürcüstan ərazisində tikinti çətin relyefli və kəskin iqlimli ərazilərdən keçdiyinə görə yol verilən ləngimələrə baxmayaraq, 2014-cü ildə başa çatdırılacaqdır.

Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi uğurla davam etdirilir. Artıq sahilə qədər uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr olan kanal açılıb və quruda tikinti işləri davam etdirilir. 2014-cü ildə birinci kompleks – Bərə terminalı bütün yol infrastrukturu ilə birgə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaq.

Ölkəmizdə müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində görülən işləri qeyd edərək bildirmək istərdim ki, 2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilib və təmir olunub, avtomobil yollarında 158 körpü inşa edilib.

Əsas magistrallarda 2 zolaqlı olmaqla görülən işlər tam başa çatdırılmışdır və hazırda onların 4 zolağa genişləndirilməsi işləri davam etdirilir. 2014-cü ildə Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 2016-cı ilə qədər isə Bakı-Gürcüstanla dövlət sərhədi və Ələt–Astara–İranla dövlət sərhədi avtomobil yolları istifadəyə veriləcəkdir.

Görülən işlərin müqayisəsi üçün bir neçə rəqəmi qeyd etmək istərdim. Əgər 1990-cı ilə qədər Azərbaycanda bütün körpülərin uzunluğu 29 min metr idisə, təkcə son beş ildə istismara verilmiş körpü və bağlantıların uzunluğu təxminən 20 min metr təşkil edir. Bu körpülərin texniki parametrlərini – zolaqlarının sayını, uzunluğunu və yükgötürmə qabiliyyətini də müqayisə etsək, o zaman nə dərəcədə irimiqyaslı işlərin görüldüyünü təsəvvür etmək olar.

2008-2013-cü illərdə birinci texniki dərəcəli, 4 zolaqlı yolların ümumi uzunluğu 150 kilometr artırılaraq 180 kilometrdən 330 kilometrə, asfalt-beton örtüklü yolların uzunluğu 1100 kilometr artırılaraq 7678 kilometrə çatdırılmışdır. 2015-ci ilə qədər birinci texniki dərəcəli 4 zolaqlı yolların uzunluğu 800 kilometrə çatdırılacaqdır.

Avtomobil yollarımızın texniki dərəcələri əhəmiyyətli dərəcədə yüksəlib, yol nişanlarının quraşdırılması, yolların xətlənməsi, işıqlandırma, magistrallara giriş-çıxışın məhdudlaşdırılması və digər texniki tədbirlər görülmüşdür ki, bunlar hərəkətin təşkilində, təhlükəsizliyin qorunmasında və qəza hadisələrinin qarşısının alınmasında mühüm şərtlərdəndir. Böyük Şərq-Qərb dəhlizinin bir hissəsi üzərində görülən bütün bu işlərin tamamlanması, Azərbaycanın nəqliyyat daşımalarında böyük tranzit və logistika mərkəzinə çevrilməsinə imkan verəcəkdir. Bununla yanaşı, Şimal–Cənub nəqliyyat dəhlizi üzərində dəmir və avtomobil yolları infrastrukturunun yenilənməsi işləri də aparılmaqdadır.

Su nəqliyyatı sahəsində dövlət büdcəsi hesabına son 5 il ərzində 4 tanker və 5 bərə alınaraq istismara verilib.

Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 2008-2012-ci illər ərzində “Azərbaycan Hava Yolları” QSC tərəfindən “Boeing”, “Airbus” və “Embraer” tipli 16 sərnişin təyyarəsi və 3 helikopter alınmış və yeni sifarişlərlə bağlı müqavilələr imzalanmışdır. Azərbaycanın əsas regional mərkəzlərində (Gəncə, Lənkəran, Zaqatala, Qəbələ) beynəlxalq hava limanları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Hava Limanının yeni aerovağzal kompleksinin tikintisi davam etdirilib.

Ölkəmizdə daşımaların böyük hissəsinin həyata keçirildiyi avtomobil nəqliyyatında nəqliyyat parkının və infrastrukturun yeniləşdirilməsi tədbirləri də məqsədyönlü şəkildə həyata keçirilmişdir. Son 5 il ərzində paytaxta 3471 yeni iri və orta tutumlu avtobuslar və 1000 “London-Taksi”ləri olmaqla 1850 yeni taksi minik avtomobilləri gətirilmişdir. Bu dövr ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikilərək istismara verilməsi ilə yanaşı, regionlarda 11 avtovağzal və avtostansiya tikilmiş, 8-i yenidən qurulmuş, 3 avtovağzalın tikintisi isə davam etdirilir.

Sizin xüsusi qayğı və məhəbbətlə yanaşdığınız, gündən-günə müasirləşən və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakıda irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib. Bakı şəhərində 572,2 kilometr yol əsaslı təmir olunmuş, 32 yol qovşağı, bu yol qovşaqlarında 35 körpü, yol ötürücüləri və tunellər tikilib. 50 yeraltı və yerüstü piyada keçidləri tikilib, 10 yeraltı piyada keçidi isə təmir olunub.

Bu dövrdə Bakı şəhərində dünyanın ən müasir nəqliyyatı intellektual idarəetmə mərkəzlərindən biri istismara verilib.

Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədilə əsas yol kəsişmələrində işıqforların idarə edilməsi üçün qurulan nəqliyyat siqnallarına nəzarət sistemi və “Yaşıl dalğa” tədbirlərinin tətbiqi şəhərdə nəqliyyat axınına müsbət təsir etmiş və nəticədə avtomobillərin orta hərəkət sürəti 35 km/saat-dan 48 km/saat-a qədər, küçələrin ötürücülük imkanı orta hesabla sutkada 20,2 min avtomobildən 27,7 min avtomobilə qədər artıb.

Nəqliyyatdan istifadənin asanlaşmasını təmin edən bütün bu işlər xalqımızın sosial rifahının yüksəlməsinə xidmət edir. Sizin adınızla bağlı olan bütün bu işlər ictimaiyyət tərəfindən dərin rəğbətlə qarşılanır. Göstərişiniz əsasında bölgələrdə keçirdiyimiz vətəndaşların fərdi qəbullarında ölkəmizdə aparılan böyük quruculuq işlərinə sadə insanlar tərəfindən yüksək qiymət verildiyinin, minnətdarlıqla dəyərləndirdiyinin, apardığınız siyasətin tam dəstəkləndiyinin şahidi oluruq, Sizin şəxsiyyətinizə səmimi arzuları eşidirik.

Sizin rəhbərliyiniz altında ölkəmizin əldə etdiyi böyük uğurlar, nail olduğu davamlı inkişaf və yüksəliş son illər ərzində respublikamızı dünya ictimai birliyinin diqqət mərkəzinə çıxarmış, ölkəmizə olan beynəlxalq etimadı daha da möhkəmləndirmişdir. Heç şübhəsiz ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də bu etimadın əyani nümunəsidir və hər birimiz bununla qürur duyuruq. 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı qəbul edilərək icrasına başlanılmışdır. İki ildən az vaxt qalmasına baxmayaraq bütün işlər vaxtında yekunlaşdırılacaq.

Sonda icazə verin, nəqliyyat sektorunun işinə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, Zati-alilərinizin tapşırıq və tövsiyələri bundan sonra da böyük məsuliyyət hissi ilə yerinə yetiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button