Bolonya sistemi yaramadı

Əbülfəz Qurbanlı

Gənclər bolonya sistemindəki qüsurlardan danışdılar

 Dünən Media Mərkəzdə AXCP Gənclər Komitəsinin təşkilatçılığı ilə Boloniya prosesinin Azərbaycan universitetlərində tətbiqi, problemləri və xarici təcrübəyə dair dəyirmi masa keçirilib. AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlının sözlərinə görə, Azərbaycan uzun müddətdir Boloniya prosesinə qoşulmasına baxmayaraq, təhsil sistemində bir çox problemlər hələ də qalmaqdadır.

Qurbanlı son iki-üç ildə Azərbaycan təhsil sisteminin geriyə doğru addım atdığını xatırladaraq, Təhsil Nazirliyində gedən proseslərin buna bariz nümunə olduğunu qeyd edib. Bolonya sisteminin Azərbaycan ali məktəblərində tətbiqinin ürəkaçan olmadığını vurğulayan Əbülfəz Qurbanlı 2009/2010/2011-ci illərdə  abituriyentlərin 200-dən çox bal toplaya bilmədiyini bildirib.

“Azərbaycan hakimiyyəti Bolonya sistemindən leqal rüşvət mənbəyi kimi istifadə edir”, deyən Əbülfəz Qurbanlı hökumətin ölkədə təhsilinin keyfiyyətinin məqsədli şəkildə aşağı salmasına çalışdığını qeyd edib. O, təhsillə bağlı keçirdikləri tədbirlərin məqsədinin təhsil sistemindəki problemləri daha çox ictimailəşdirmək və bu problemlərdən çıxış yolu tapmaq üçün müzakirələr aparmaqdan ibarət olduğunu deyib.

Ekspert Nabatali Qulamoğlu Bolonya prosesinin Azərbaycan ali məktəblərində tətbiqinin nəticə vermədiyini vurğulayıb. Onun sözlərinə görə, donuq siyasi mühit dəyişməyincə, bu problem həll olunmayacaq. Ekspert ölkənin intellektual tələbələrinin xaricdə təhsil alması üçün ölkənin tərk edilməsini də mənfi cəhət kimi qeyd edərək, Azərbaycan təhsilinin beyin axının itirilməsi kimi qiymətləndirib.

Daha sonra digər  iqtisadçı ekspert Məhəmməd Talıblı Azərbaycan ali məktəblərində Bolonya prosesinin tətbiqinin çatışmazlıqlarından danışaraq, bu sistemin inkişaf etməsi üçün təhsil kreditlərinin genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.

Tədbirin sonunda AXCP Gənclər Komitəsinin üzvləri Boloniya prosesinin  Azərbaycanda tətbiq edilməsindəki mövcud problemlərin həlli istiqamətində bir sıra diskussiyalar aparıblar.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button