“Borçalı”dan sərt bəyanat: “Gürcüstanda başlanan antiazərbaycan prosesinə biganə qalmayın…”

Xural.com-a 26 iyul 2019-cu ildə “Borçalı Cəmiyyəti”nin mətbuat xidmətindən bəyanat daxil olub. Bəyanatda deyilir:

 

“”Borçalı Cəmiyyəti” bütün maneələrə baxmayaraq, Gürcüstanla Azərbaycan, Gürcü xalqı ilə Azərbaycan xalqı arasında dostluq xəttinin möhkəmlənməsinə ictimai dəstəyini verməkdə israrlıdır. Təəssüf ki, Gürcüstan siyasi hakimiyyətində yuva salmış pozucu zehniyyət (5-ci kalon) xəyanətini davam etdirməkdədir.

“Borçalı Cəmiyyəti”nin üzvü və təəssübkeşi olan sədr Zəlimxan Məmmədli, İH üzvü Salman Murğuzluya onların tətbiq etdiyi əsassız Gürcüstana giriş qadağasının ardı ilə 14 iyulda gənc fəal Zöhrab Məmmədova, 23 iyul tarixində “Borçalı Cəmiyyəti”İdarə Heyətinin üzvü, sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Qiymət xanım Məhərrəmliyə, iyul ayının 25-də isə “Borçalı Cəmiyyəti”nin qadın qolunun fədakar üzvü Güllü xanım Eldar Tomarlıya Gürcüstana giriş qadağası tətbiq olunmuşdur. Bu təxribatın məhz Elat bayramının, soydaşlarımızın milli mədəniyyətlərini nümayiş bayramının 10 illiyi ərəfəsində baş verməsi təəssüf doğurur. Gürcüstanın siyasi hakimiyyəti təəssüf ki, dostluq prinsiplərinə zidd olan bu ləkəni öz adına yazdırmaqda israrlı görünür.

“Borçalı Cəmiyyəti bu hadisəni Gürcüstan siyasi hakimiyyətində yer almış zərərli zehniyyətin, komandanın başçısı Bdzina İvanişvilinin Azərbaycana, Gürcüstanda tarixən məskunlaşmış soydaşlarımıza- Azərbaycan türklərinə qarşı aqressiyası kimi qiymətləndirir və qətiyyətlə qınayır. Gürcüstanın siyasi hakimiyyəti tərəfindən ardıcıl davam edən bu təxribatların Gürcüstanın milli maraqlarına, Azərbaycan-Gürcüstan strateji müttəfiqlik ruhuna, eyni zamanda regionun təhlükəsizliyinə xəyanət olduğunu qeyd etməklə, ilk növbədə tərəqqipərvər gürcü xalqını, onun ayrılmaz hissəsi olan soydaşlarımızı, gürcü siyasilərini, ictimai hərəkat nümayəndələrini, Gürcüstan aydınlarını bu qorxulu tendensiyaya biganə qalmamağa, haqq səslərini ucaltmağa, öz hakimiyyətlərinin bu yanlışlıqlarını aradan qaldırmaq yolunda səfərbərliyə dəvət edir.

“Borçalı Cəmiyyəti” Azərbaycan siyasi hakimiyyətini, Prezident İlham Əliyevi Gürcüstanın bu yanlışlıqlarını durdurması üçün birbaşa prosesə müdaxilə etməyə, ictimai-siyasi elitamızı, aydınlarımızı, millət vəkillərimizi bu antiazərbaycan prosesinə biganə qalmamağa dəvət edir.

“Borçalı Cəmiyyəti” bundan sonra da Gürcüstanda antimilli zehniyyətə duruş gətirərək xalqlarımız arasında dostluq əlaqələrinin ziyan görməməsi üçün üzərinə düşənləri mövcud qanunlar və Beynəlxalq hüquq çərçivəsində yerinə yetirməkdə israrını bir daha bəyan edir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button