Borcunu ödədimmi, Ustad!?

(Qasid Nağıoğluna ithaf)

Qasid Nağıoğlu… Azərbaycan jurnalistikasının Nəcəf Nəcəfovu, Məmməd Nazimoğlusu.
Qasid Nağıoğlu… Cəlilabad ədəbi mühitinin Zərdabisi.
Qasid Nağıoğlu… Qələm tutan barmaqlarım, böyük Söz deyən dilim, düşünən beynim, görən gözüm.
Qasid Nağıoğlu… Jurnalistikada ilk və həmişəlik müəllimim.
Qasid Nağıoğlu… Cəmi bir neçə aydan sonra yubiley yaşına hazırladığımız süprizi qəbul etməyə hövsələsi çatmayan, 65-ində bizim alacaqlarımızla yox, 64-də Tanrının geyindirdiyi ağ xalatla – kəfənlə yubileyə yox, məzara tələsən Ustad.
Hə, əziz Ustad, “kəfənin mübarək” desəm, yəqin inciməzsən məndən. Çünki mən zəmanəyə lənət oxuyanda sən “yay-qış əynimdəki əynimdə olduğundan nəvəm Şəhriyar qırxılan saçıma “başın mübarək, baba” deyir” demirdinmi!? Deyirdin. Və hətta onu da deyirdin ki, Faiq Balabəylini, Əvəz Zeynallını bilmirəm, səni mən əyin-başına yox, başına görə “məktəbimə” qəbul etmişəm.

Sənə “Sən” deyəcəyəm bundan sonra. Çünki Sən rəsmiyyəti sevən deyildin. Bəzən sənə “Siz” deyəndə oturduğunuz stolun sağına-soluna baxıb bu gündə yadımdan çıxmayan jestlə “burada məndən və səndən başqa kimsə yox… Və mən cəm deyiləm, təkəm” deyərdin.

Mənim anlamımda doğrudan da sən təkdin. Ki, tək canınla bizləri – Salam Sarvanı, Əlizadə Nurini, Meyxoş Abdullahı, Əlirza Həsrəti…, Hüsaməddin Əhmədovu rəhbəri olduğun “Cəlilabad Töhfələri”nin ətrafında cəmləşdirib Bakı boyda ədəbi mühit yaratdın.

Bəzi “məhsulların” əli “çörəyə” çatandan sonra səni bəyənməyib “mən anadan şair kimi doğulmuşam” desələr də, mən Sənin haqqını unuda bilmərəm. Və demişəm, deyirəm, deyəcəyəm: “Məni jurnalist kimi “əkən”də, “doğan”da Sənsən, 1977-ci ildən ölümünə qədər öyrəndiyim, bilmədiyimi utanıb-çəkinmədən soruşduğum Ustadım Qasid Nağıoğlu!”
Hamımızın, elə mənim də uğurlarıma sevinərdin Sən. İlk dəfə respublika mətbuatında çıxış edərkən əllərimi sıxmış, sənin əməyin sayəsində bu gün Cənub Bürosunun rəhbəri olduğum “Xural”ın “Bizim Əyalət” layihələrini gerçəkləşdirəndə alnımdan öpüb zarafatla “südüm sənə halal olsun” demişdin.

Həmişə borcundan çıxmağa çalışar, qəzetlərdə, məclislərdə “jurnalistikada ilk müəllimim” yazar, deyərdim sənə. Sənsə mənimlə razılaşmaz, “mənə heç biriniz, elə sən də borclu deyilsən” deyərdin…

Amma bir ay bundan öncə sənə zəng edib hal-əhval tutanda, “Tanrının borcunu verdiyim gün, Sən də mənə olan borcunu ödə – Elçin Səlcuqa və Şahin Ağabəyliyə yazdığın yazıdan mənə də yaz” dedin!

Yazdım!

Borcunu ödədimmi, Ustad!?

Sakit Orduxanlı
“Xural”ın Cənub Bürosunun rəhbəri

Qasid Nağıoğlunu unutmayacağıq!

Biz onu xoş xatirələrlə xatırlayırıq. «Bizim Əyalət» layihəsində iddialı və cəsarətli çıxışı hələ də ölkə ədəbiyyatının və Yazıçılar Birliyinin qulağında səslənir: «Yazıçılar Birliyinə bomba qoyub partlatmaq lazımdır!» Dəfələrlə Cəlilabada – bu istedadlı insanlar yurduna gedəndə onu hər zamankı kimi öz sözünün ağası, dikduruşlu gördik. Biz onu tanıdığımız bu illər ərzində sözübütöv, özübütöv insan bildik. Dünyasını dəyişməsi xəbərini eşidəndə kədərləndik. Elə bil əziz dostumuzu itirmişdik. Qasid Nağıoğlu həm də bizim əziz dostumuz idi təbii ki…

Qasid Nağıoğlunun vəfatından kədərlənirik. Ailəsinə, Cəlilabad ədəbi mühitinə və Azərbaycan xalqına dəyərli bir övladını vaxtsız itirdiyi üçün başsağlığı veririk.

Allah rəhmət eləsin!
Tanrı o dünyasını versin!

Əvəz Zeynallı və «Xural»ın kollektivi

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Əvəz müəllim salam. İradlarınızı Hüsamə mənə çatdırdı. Məsələ burasındadır ki sözün düzü o müsahibəni mən VH qəzeti üçün almışdım Hüsamədən. Amma baş redaktor bir sualı kəsib çıxarmışdı, həm də başlığı dəyişmişdi. Bununla da İlya İlf Evqeniy Petrovun dediyi kimi öküzü axtalamışdı. Belə olmaz! Bəzən bir yazını yalnız bir cümləyə görə hazırlayırıq, özünüz professional jurnalistsiniz, bilirsiniz. Həmin cümləni də kəsib çıxardanda oluruq axta. Biz də adətimiz üzrə rezki formada öz reaksiyamızı bildirmişdik. Odur ki onun ikinci dəfə normal dərcinə ehtiyac duyulurdu ki bu da Hüsamənin arzusu və sizin sayənizdə baş tutdu. Sağ olun. Hüsamə sizi çox istəyir və doğrudan da yüksək qiymətləndirir.
    Bəlkə də hiss etmisiniz, bizim rayonda Hüsaməyə görə Xuralı oxuyurlar, böyük maraq yaranıb o qəzetə. Yoxsa Orduxanlını adam hesab eləyən yoxdu. Özünə də demişik, sənin ən böyük problemin savadının olmamasıdı. Nəsə özü bilər, amma bu faktdı ki Xural Saməddinə görə oxunur bizim rayonda.
    Mənim Hüsamə ilə deyişən (döyüşən) vaxtlarım da olub, atdığı addımlarla razılaşmamışam. Amma bir şey faktdır ki, Hüsamə çox maraqlı insandır. Macəra sevən və veçni macərəyə can atan bir yazardır. Mən də onunla bir qəzetdə çap olunmağı çox istərdim. Həm də onunla bu xüsusda son zamanlar çox söbətlərimiz olur. Çünki o bizim qəzetləri maraqla oxuyur, mən də onun yazılarını hər həftə oxuyuram. Bu istər-istəməz belə alınır. Çünki o yazların mövzusu demək olur ki bizim hər gün görüşdüyümüz məclislərdə qoyulur, nədən yazacağımız və necə yazacağımız barədə plan mübadiləsi edirik.
    Beləliklə istərdim ki sizin qəzetdə dərc olunum. Mənə konkret bilmək lazımdır ki, nə deyirsiniz? Mənə hər həftə bir səhifə lazımdır. Bütov. Nə yazacağımı nə necə yazacağımı özüm bilirəm, məsləhət və sifariş də qəbul etmirəm. Kimin nə fikirləşməsi, sakitorduxanlıların hara yozması məni qətiyyən maraqlandırmır. Getsinlər eşşəklərini otarsınlar. Onların yazar olmasına hələ çox var. Sizi yüksək qiymətləndirirəm, çünki təkbaşına neçə illərdir requlyar qəzet buraxmasına nail olmusunuz, tirajın artması üçün, qəzetə böyük ictimai marağın yaranması üçün əvəzolunmaz səy göstərmisiniz.
    Bu nömrəyə Son 10 illiyin yekununu göndərirəm. Bizim Prof Liqa hər ilin sonunda Ədəbi yekunları elan edir. Və hər 10 ilin sonunda da bundan sonra yekun çıxaracayıq. İlk olaraq sizə göndəririk. Ancaq keçən dəfə ProfLiqanın postmodernistlərə müraciətini o cür verməyinizdən narazı qaldıq. Çünki başlığı dəyişmişdiniz. Xırda şriftlərlə vermişdiniz. Özü də o cür müraciətlər redki hallarda rast gəlindiyindən onu 2-ci səhifədə verməliydiniz. Nəsə, sağ olun ki verdiniz. 6 qəzetə göndərmişdik, 2-si heç vermədi. Onu da deyim ki ilk olaraq siz verdiniz (Nəzərə alın ki ilk olaraq sizə göndərmişdik!).
    Bizim yazıları dəyişmək olmaz. Necə var elə verin. Qabaqcadan təşəkkürlər. Gözlərinizi ağrıdıb oxuduğunuz üçün bir daha.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button