“Böyük səkkizlər”in toplantısında Serj Sərkisyan ATƏT sədri ilə görüşmək istəməyib

Belfast18.06.2013

Dünyanın aparıcı dövlətlərinin liderləri bir araya gəldi, sammitdə beynəlxalq təhlükəsizliyə və iqtisadiyyata dair məsələlər müzakirə olunur; həmsədr ölkələr birgə Qarabağ bəyanatı verəcəklər

İyunun 17-də Şimali İrlandiyanın Lox-Ern kurortunda “Böyük səkkizlər”in növbəti illik sammiti başlayıb. Dünyanın aparıcı dövlətlərinin liderləri beynəlxalq təhlükəsizliyə və iqtisadiyyata dair geniş spektrdə məsələləri müzakirə edirlər. Əsas mövzulardan biri Suriyadakı münaqişədir. Sammitdə Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Yaponiya, ABŞ və Rusiya liderləri iştirak edir. Liderlər sammitdə iştirak etmək üçün bir gün əvvəldən Şmali İrlandiyaya gediblər.

Sammit başlamazdan əvvəl ikitərəfli formatda bir sıra görüşlər keçirilib.

Belə görüşlərdən biri Britaniyanın baş naziri Devid Kemeronla ABŞ prezidenti Barak Obama arasında olub, həmçinin hər iki lider İtaliyanın baş naziri Enriko Letta ilə görüşüblər. D.Kemeron Rusiya prezidenti Vladimir Putinlə də ikitərəfıi görüş keçirib. Həmçinin Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel də ikitərəfli formatda müzakirələr aparıblar. ABŞ prezidenti Barak Obamanın dünən Şimali İrlandiyanın paytaxtı Belfastda əhali qarşısında çıxış edəcəyi də nəzərdə tutulmuşdu.
Qloballaşma əleyhidarlarının hər il olduğu kimi, bu il də “Böyük səkkiz”lərin sammitinə qarşı etiraz aksiyalarına hazırlaşması ilə bağlı təhlükəsizlik qüvvələri səfərbər olnub. Bütün Lox-Ern kurortu boyu uzunluğu 6,5 kilometr, hündürlüyü 3 metr olan tikanlı məftil hasarı çəkilib ki, etirazçılar sammitin keçirildiyi yerə yaxınlaşa bilməsinlər. Sammiti qorumaq üçün 8 mindən çox polis səfərbər olunub. ABŞ prezidentini mühafizə edən Məxfi Xidmət isə mühafizəni təşkil etmək üçün onlarla traktor sifariş verib. Britaniya mediasının xəbərlərinə görə, Amerika məxfi agentləri fermerlər kimi geyinərək traktorlarla kurort sahili boyu növbə çəkəcəklər. Lakin onları adi fermerlərdən seçmək, deyəsən, o qədər də çətin olmayacaq. Çünki Amerika məxfi agentləri üçün yeni, “par-par parıldayan” traktorlar sifariş verilib ki, onları köhnə traktorlarda gəzən yerli fermerlərdən dərhal ayırd etmək olar.
 “Böyük səkkizlər”in sammiti əsasən Suriyadakı qanlı müharibə kontekstində diqqət mərkəzindədir. Sammit ərəfəsində ABŞ prezidenti Barak Obama Bəşər Əsədin müxaliflərə qarşı kimyəvi silah tətbiq etdiyinin sübut olunduğunu bildirərək Suriya diktatorunun “qırmızı xətti” keçdiyini elan edib. Obama bildirib ki, ABŞ Suriya müxalifətinə birbaşa hərbi yardım göstərməyi qərara alıb. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ben Rods bəyan edb ki, Birləşmiş Ştatlar Bəşər Əsədin hərbi yolla müxalifət üzərində qələbə qazanmasına imkan verilməyəcəyinə dair aydın mesaj verir. Xəbərlərə görə, ABŞ Suriya üzərində, ən azından ölkənin İordaniya ilə sərhəd ərazilərində uçuşa qadağan zonasının yaradılmasına hazırlıq görür. Bu məqsədlə İordaniyanın Suriya ilə sərhədində dəniz piyadaları, “Patriot” sistemləri və F-16 bombardmançıları yerləşdirilib.
Analitiklər bunu Obamanın “Böyük səkkizlər”in sammiti ərəfəsində “atla gedişi” kimi dəyərləndirirlər. Öz növbəsində Böyük Britaniyanın baş naziri Devid Kemeron da sammit ərəfəsində ölkəsinin suriyalı müxaliflərə birbaşa hərbi yardıma qərar verdiyini açıqlayıb. Kemeron deyib ki, Suriya müxalifətinin sıralarında “əl-Qaidə”yə bağlı adamlar var, ancaq ölkədə azad, demokratik sistemin qurulması uğrunda mübarizə aparanları onlara görə köməksiz qoymaq olmaz. Gözlənilirdi ki, sammitdə Qərb liderləri Rusiya prezidentini Əsədsiz Suriya variantına razı salmaq üçün səy göstərəcəklər. Lakin Rusiya lideri bir daha elan edib ki, Suriyanın “qanuni hakimiyyətini” sonadək müdafiə edəcək. “Vedemosti” həftəliyi yazır ki, sammitdə Putin üçün çox çətin olacaq. Belə ki, o, prezidentlik karyerası ərzində ilk dəfə “Böyük səkkizlər”ə daxil olan digər ölkələrin prezidentləri ilə eyni vaxtda opponentlik etməlidir. Moskva ilə Qərbin mövqeləri Suriya məsələsində kəskin şəkildə toqquşur. “Putin sammitdə təkbaşına yeddi prezidentə qarşı dayanmalı olacaq, o psixoloji baxımdan buna hazır olmalıdır” deyə Vaşinqtondakı Qlobal Maraqlar Mərkəzinin prezidenti Nikolay Zlobin sammit ərəfəsindəki şərhində bildirib.
 Bu arada sammit ərəfəsində məlum olub ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi 2009-cu ildə Rusiya prezidenti Dmitri Medvedyevin “G-20″ sammiti ilə bağlı Londona səfəri zamanı onun telefon danışıqlarını dinləməyə cəhd göstərib. ”The Guardian” qəzeti ABŞ Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenin açıqladığı sənədlərə istinadən bu məlumatı yayıb. Sənədlərə əsasən ABŞ və Britaniya kəşfiyyatının əməkdaşları Şimali Yorkşir əyalətində D.Medvedyevin və Rusiya nümayəndə heyətinin digər üzvlərinin Moskvaya peyk rabitəsi vasitəsilə etdikləri telefon zənglərini dinləməyə cəhd göstəriblər. Bu əməliyyatın uğurla nəticələnib-nəticələnmədiyi bəlli deyil.
Sənədlərdə Britaniya hökumətinin tapşırığı ilə bu ölkə kəşfiyyatının “G-20″ sammitində iştirak edən siyasi xadimlərin və maliyyə nazirlərinin elektron yazışmalarını və telefon zənglərini izlədiyi də əksini tapıb. Söhbət xüsusən CAR və Türkiyə nümayəndələrindən gedir. Britaniya kəşfiyyatı onları izləmək üçün xüsusi internet kafelər təşkil edib və iştirakçıların ”Blackberry” smartfonlarına nəzarət qurub. Kəşfiyyatın 45 analitiki bütün telefon danışıqları haqqında operativ icmallar hazırlayaraq hökumətə ötürüblər. Bu informasiyaların sammitin gedişində Britaniya hökumət nümayəndələrinə gəlməsi onların danışıqlara korrektələr etməsinə imkan yaradıb.
 “Böyük səkkizlər”in sammitində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyətin də Minsk Qrupuna həmsədrlik edən dövlətlərin gündəmində olacağı gözlənilir. Lakin məsələnin bilavasitə prezidentlər Barak Obama, Vladimir Putin və Fransua Oland arasında müzakirə edilməyəcəyi, prezidentlərin xarici işlər nazirləri tərəfindən işlənib hazırlanmış bəyanatı yaymaqla kifayətlənəcəyi ehtimal edilir. “Böyük səkkiz”lərin sammitində onsuz da dalana dirənmiş Qarabağ danışıqları ətrafında müsbət heç nə baş verməyib. Prezidentlərin əvvəlcədən razılaşdırılmış görüşü baş tutmayıb, tərəflər qarşılıqlı sərt rirotikalardan istifadə ediblər. Üstəlik, ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojaranın Ermənistana və Azərbaycana iyunun 17-də başlaması nəzərdə tutulan səfəri baş tutmayıb. Məlum olub ki, Ermənistan prezidenti Serj Sərkisyan ATƏT sədri ilə görüşmək istəməyib, Sərkisyan bunu “məzuniyyətə çıxması” ilə əlaqələndirib.

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/154758-%E2%80%9CB%C3%B6y%C3%BCk_s%C9%99kkizl%C9%99r%E2%80%9D_%C5%9Eimali_%C4%B0rlandiyada_topla%C5%9Fd%C4%B1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button