Bratislavada nə baş verib?-Ermənistan müxalifəti izahat tələb edir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada baş tutan son görüşü Ermənistan müxalifətini şübhələndirib.

Xural.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki, Respublika Partiyasının sədr müavini Armen Aşotyan keçirdiyi mətbuat konfransında həmin görüşün detallarının cəmiyyətə normal şəkildə açıqlanmadığını deyib.

A.Aşotyan Paşinyan hökumətini danışıqlar prosesində mənasız yerə ilyarım vaxt itirməkdə günahlandırıb və baş nazirin sonda Sarkisyan hakimiyyətinin mövqeyinə qayıtdığını bildirib. Onun fikrincə, Ermənistan XİN rəhbəri Z.Mnatsakanyanın Bratislava görüşündən sonrakı çıxışına nəzər yetirdikdə elə təəssürat yaranır ki, danışan sabiq nazir E.Nalbandyandır: “Onda danışıqlardakı mövqelərimizi dağıdaraq, ilyarım vaxt sərf etmək nəyə gərəkdi? Heç nəyə! Paşinyana lazım idi ki, Qarabağa dair hər şeyi bildiyini təsdiqləsin və göstərsin ki, danışıqlara öz şəxsi mövqeyindən başlayır. Ancaq sonda yenə geri dönərək, Serj Sarkisyanın siyasi mirasından “xilasedici kəmər” kimi yapışmaq məcburiyyətində qaldı. Serj Nikolu xilas etdi…”

Sarkisyanın partiyasının sözçüsü deyib ki, Bratislava görüşündə nəsə baş verib və son ilyarımda indiki hökumətin bütün səyləri əvvəlki hökumətin mövqeyinə qayıdaraq, ondan bərk-bərk yapışmaqla yekunlaşıb: “Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Bratislava görüşündə nəsə baş verib və hökumət açıqlamalıdır ki, məhz nə? Son ilyarımda Paşinyan-Mnatsakanyan cütlüyünün bütün səyləri onunla yekunlaşdı ki, böhran və fəlakətdən qaçmaq üçün Serj Sarkisyan və Edvard Nalbandyanın işlədiyi danışıqlar paketindən yapışmalı oldular.”

Bununla yanaşı Aşotyan iddia edib ki, hər şeyə rəğmən Minsk Qrupunun axırıncı bəyanatı, bəzi mübahisəli məqamlarına baxmayaraq, Ermənistan üçün Paşinyan hakimiyyəti dövründə qəbul edilən ən məqbul bəyanatdır. Çünki orada münaqişənin nizamlanması prinsiplərindən söz açılarkən xalqların öz müqəddəratını təyin etməsi hüququna da yer verilir.

Lakin Sarkisyanın sözçüsü onu da əlavə edib ki, Paşinyan hökuməti son ilyarımda vaxt itkisinə yol verməklə yanaşı, Ermənistanın mövqeyinə neqativ şəkildə təsir edən situasiyanın yaranmasına səbəb olub. Belə ki, həmin dövrdə Azərbaycan tərəfi bir sıra pozisiyalar üzrə irəliləməyə və möhkəmlənməyə yönələn addımlar atıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button