“Bravo” barədə paylaşımından sonra həbs olunan fəalın hökmü dəyişmədi

Yayımlandı: 10 Aprel 2024 08:52

ATİŞ Ruslan Vahabovun həbsini pisləyir

2023-cü il sentyabrın 21-də “Facebook” hesabında “Sual / nə qazandıq 24 saat 43 dəqiqəyə? Xankəndidə “Bravo” tezliklə tikiləcək, yoxsa yox?” məzmunlu paylaşımından bir gün sonra həbs edilən ictimai fəal Ruslan Vahabov haqqında hökmdən apelyasiya şikayəti verilsə də, nəticə dəyişmədi. Bakı Apelyasiya Məhkəməsi onun 4 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmü qüvvədə saxlayıb.

Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) bu qərarı pisləyib, Ruslan Vahabova qarşı irəli sürülmüş narkotik ittihamının saxta olduğunu, onun sosial şəbəkədəki yazısına görə sifarişlə həbs olunduğunu bəyan edib:

Ruslan Vahabov ötən ilin sentyabr ayında “Facebook” hesabında yazdığı statusa görə Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən oğurlanıb. O, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə aparılaraq, orada işgəncələrə məruz qalıb.

Ruslan Vahabov polis tərəfindən saxlanılan zaman, ondan “İranın xeyrinə casusluq”, “qanunsuz silah saxlama” və “narkotik vasitələrin daşınması” kimi üç ittihamdan birini etiraf etmək tələb olunub. Həmin saxta ittihamları boynuna götürmədiyi üçün Ruslanı yerlə sürüyüblər, ağır işgəncə və psixoloji təziqlərə məruz qalıb”.

Bakı Apelyasiya Məhkəməsi. Foto: “e-huquq.az”

ATİŞ-ın məlumatında vurğulanıb ki, istər ibtidai istintaq, istərsə də məhkəmə prosesində Ruslan Vahabova qarşı narkotik ittihamını təsdiqləyəcək etibarlı sübut ortaya qoyulmayıb:

Bütün ittiham polis işçilərinin iddiaları üzərində qurulub.  Bakı Ağır Cinayətlər Məhkəməsi Ruslan Vahabovun adına rəsmiləşdirilən narkotikin mənbəyini müəyyən etmədən, onu Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə edilməsi, saxlanması) maddəsilə mühakimə edib. Onu 12 yanvar 2024-cü ildə çıxarılan hökmlə 4 il azadlıqdan məhrum edib”.

ATİŞ onu da vurğulayır ki, Ruslan Vahabovun himayəsində iki azyaşlı körpəsi vardı. Üstəlik, o, ailənin işləyən yeganə gəlir gətirən üzvü idi. Onun həbsi ilə ailə maddi-sosial baxımdan da ağır duruma düşüb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button