Brüsseldə İlham Əliyevlə Şarl Mişel görüşüb
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.
Bu gün Avropa İttifaqının təşəbbüsü ilə İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gəlir. Bundan əvvəlki eyni formatlı görüş avqustun 31-də keçirilib.
Azərtac-ın məlumatına görə, görüş zamanı hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə etdilər.
Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunub.
Bundan başqa İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iştirakı iləplanlaşdırılan bu günki üçtərəfli görüşün gündəliyi müzakirə olunub.
Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.
Daha sonra nazirlər ikitərəfli müzakirələrə davam ediblər. Tərəflər 4 gün ərzində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr aparıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
ABŞ-ın dövlət katibi Entoni Blinken isə qeyd edib ki, intensiv, konstruktiv ikitərəfli və üçtərəfli danışıqlar silsiləsindən sonra tərəflər çətin məsələlərlə bağlı əhəmiyyətli irəliləyişə nail olublar.
Ermənistan tərəfi də müzakirləri oxşar şəkildə dəyərləndirib.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.