Bu, «Xural»a qarşı qara piardır

Mətbuat Şurasının bəyanatına sözardı

Dünən Mətbuat Şurası «Xural» qəzeti ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, ««Xural» qəzetində Mətbuat Şurası sədrinin və qurumun İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətinin təhqirinə yönələn çoxsaylı yazılar dərc olunmaqadır».

Halbuki lent.az saytının 21 və 22 sentyabr tarixli buraxılışlarına açıqlama verən Mətbuat Şurası İH-nin üzvləri Bəxtiyar Sadıqov və Vüqar Rəhimzadə «Xural» qəzetinə qarşı çox ciddi ittihamlar səsləndirmiş, Əvəz Zeynallını və qəzeti «yoldan azmaqda» suçlamış və etikadankənar təhqirlərə yol vermişlər. Onların açıqlamalarından sitatları qəzetimizin 3-cü səhifəsində oxuya bilərsiniz.

Şuranın bəyanatında İdarə Heyətinin «Xural»la bağlı çıxardığı qərar əsaslandırılır və qeyd olunur ki, «indiyədək Mətbuat Şurasının təcrübəsində bir nəşr barədə 6 şikayətə eyni gündə baxılması təcrübəsinə rast gəlinməmişdir».

Bu, əslində «Xural» qəzetinin iddia etdiyi məsələdir. Ki, niyə Mətbuat Şurası eyni gündə 6 şikayətə baxır? Niyə əvvəlcə 5, daha sonra isə 6 şikayətin olmasıyla bağlı təzadlı açıqlamalar verilir? Bu şikayətlər niyə eyni gündə göndərilir? Kimdir bunları təşkil edən?

«Xural»ın etirazına səbəb olan məsələlərdən biri də bu idi ki, qəzet əvvəlcədən Şuradan cəmi 2 məktub alıb. Daha 4 məktubun mövcudluğu barədə «Xural» qəzetinin redaksiyasına heç bir bildiriş, məktub, məlumat göndərilməyib! Şura əvvəlcədən xəbərdar etmədiyi, müdafiə üçün sübutlar toplanmasına vaxt və zaman tanımadığı şikayət məktublarını niyə müzakirəyə çıxarırdı? Redaksiya 2 şikayətlə bağlı xəbərdar edilmişdisə, elə həmin şikayətlərə baxılması da normal olmazdımı? Digər şikayətlər – əgər vardısa – bir sonrakı iclasa saxlanılsaydı, dünyamı dağılardı? «Xural» qəzetini «qara siyahıya» salmaq üçün Mətbuat Şurası niyə və hara tələsirdi?

Bəyanatda «cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən şikayətçilər» ifadəsi ilə müraciət edənlərin kimliyi gizlədilir. Halbuki «Xural» qəzetindən Lənkəran Dövlət Universiteti, Bərdə, Tərtər və Sabirabad icra hakimiyyətləri, «Azərbaycan» Nəşriyyatı və Bilgəh Sanatoriyasından şikayətlər daxil olduğu barədə açıqlama mətbuatda var idi. Niyə mətbuatı müdafiə etməli olan Mətbuat Şurası şikayətçilərin büdcə təşkilatları olduğunu nəzərə almır? Hansı «təbəqə»dən söhbət gedir? «Cəmiyyətin müxtəlif təbəqələri»dir bu adamlar, yoxsa vəzifəli səlahiyyətlilər?

Mətbuat Şurası vəzifəli şəxslərin müraciəti əsasında müstəqil bir qəzeti səlahiyyəti çatmadan «reket» elan edir, daha sonra bunu əsaslandırmağa çalışır.

Bəyanatda vurğulanır ki, üzvü olmamasına baxmayaraq, Mətbuat Şurasının «Xural» qəzeti barədə şikayətlərə baxmaq MŞ-nın Nizamnaməsində, o cümlədən «Mətbuat Şurasına şikayətlərin verilmə və baxılma qaydalarında» nəzərdə tutulur.

Bu məntiqlə, bəlkə bir QHT də yaradıb, Amerika Birləşmiş Ştatlarının taleyini həll etmək səlahiyyətinə malik olduğunuzu Nizamnamənizə və «Qaydalarınıza» daxil edəsiniz və Barak Obama haqqında hökm çıxarasınız? Hansı qanunla tənzimlənir ki, Mətbuat Şurası üzvü olmayan bir qəzetdən edilən şikayətləri baxmaq əziyyətini öz üstünə götürsün?

Halbuki Mətbuat Şurasının qurucularından olan və ilk təməlini qoyanlardan «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, tanınmış yazar Azər Həsrət 2003-cü ildə MŞ-nın Nizamnaməsində üzvü olmayan qurumlardan edilən şikayətlərin qəbul edilməsiylə bağlı heç bir bənd olmadığını bildirdilər. O Nizamnamə sonradan dəyişib, mətbuata təzyiq vasitəsinə çevirilibsə, bu, artıq bizim problemimiz deyil!

Digər tərəfdən, Mətbuat Şurası bir qeyri-hökumət təşkilatıdır və onun missiyası məmurlarla qəzet arasındakı mübahisəni məhkəməyə qədər gedib çatmağa qoymamaq, daha sivil vasitələrlə tənzimləməkdir. «Xural» qəzeti Mətbuat Şurasının üzvü deyil və məmurlarla özü arasındakı mübahisəni həll etmək üçün Mətbuat Şurasını vəkil tutmayıb. Bu halda Mətbuat Şurası şikayətçiləri ya redaksiyanın özünə, ya da məhkəməyə istiqamətləndirə bilər.

Budur Mətbuat Şurasının vəzifəsi! Bundan kənara çıxırsa, səlahiyyətlərini aşır, demək!

Mətbuat Şurasının İdarə Heyətində «Azərbaycan», «525-ci qəzet», «İki sahil», «Ədalət», «Ayna-Zerkalo», «Bakı xəbər», «Şərq» qəzetləri, Azəri Press Agentliyi (bu agentliyə 3 informasiya saytı daxildir) təmsil olunur. Bu cür təbliğat imkanına malik olan və sıralarında bütövlükdə böyük mətbu cameəni birləşdirən Mətbuat Şurası «Xural»a qarşı geniş və çoxşaxəli antitəbliğat kampaniyası qurub. Gündəliyə keçmək ərəfəsində başlanan bu «qara piar» «Xural» qəzetinin işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, onun ictimai dəyərini gözdən salmağa və qeyri-sivil üsullarla Oxucu itkisi yaşamasına hesablanıb.

Əslində, bu kampaniyanın məqsədi də «Xural» qəzetinin ictimai çəkisinə balta çalmağa yönəlib. Nəşrin Oxucu auditoriyasının genişlənməsindən əndişələniblər, qəzet əməkdaşlarını işləməyə imkan vermirlər, onları şantaj edirlər, «reket qəzetdə» çalışmaqda suçlayıb kollektivin dağılmasına çalışırlar. Bütün variantlardan istifadə edirlər ki, qəzet çıxmasın, çıxarsa da, aktuallığını itirsin. Redaksiya gündəlik nəşrə başlar-başlamaz xüsusi gərginlikdə çalışır və Oxucularına informasiya vermək əvəzinə, üstünə gələn iqtidaryönlü mətbuatın qara piarından qorunmağa köklənib.

«Xural»ın gündəlik iş ahəngi pozulub, hər an müxtəlif qəzet və saytlarda əleyhinə aparılan kampaniyaların şahidi olur, sinir sərhədləri artıq keçilməkdədir. «Xural»ın araşdırma aparmasına belə imkan vermirlər, səhifələrimizi işğal ediblər.

Oysa bizim çox proyektlərimiz, istəklərimiz, millətə xidmət üçün görəcək işlərimiz vardı, imkan vermirlər!

Bütün bunlar satın ala bilmədikləri mətbuatı susdurmağa yönəlmiş addımlardır. İndi şərləməyə keçiblər, kimlərinsə cibindən asılı olmadığımızı bildiklərindən, böhtan atırlar, «reket» adlandırırlar, Cinayət Məcəlləsinin bütün maddələri ilə ittiham irəli sürməkdə davam edirlər. Bir azdan «Xural»ı vətən xaini çıxaracaqlar və «qanunların aliliyindən» danışa-danışa məhkəmə mübahisəsinə çevrilən saysız-hesabsız təhqirlərə yol verdiklərini bilə-bilə meydan sulayırlar.

Kimdir onların məsuliyyətdən yaxa qurtaracağına əmin edən? Nəyə güvənirlər? 37-ci il olmadığını qafalarından niyə çıxarıb ata bilmirlər? Kimdi onlara repressiya ab-havası yaratmaqda dəstək verən?

Məhkəməyə verməyə hazırlaşır Mətbuat Şurası «Xural»ı. Bəs, niyə bəyanat yayır? Niyə bütün KİV-də bəyanatın çap olunmasına çalışır? Niyə qara piar kampaniyasını davam etdirir? Məqsədin qara piar olduğu görünmürmü?

Hüquqi müstəvidə mübahisə aparmaq istəyirsə, buyursun, Azərbaycan məhkəmələrində olmasa da, Avropa məhkəməsində qalib gələcəyimizə kimsə və qətiyyən şübhə etməsin!!!

 “Xural” qəzetinin rəhbərliyi

 

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button