Bu dəfə şairin özü danışdı – 258 saylı məktəbdə möhtəşəm tədbir

Bakının Nərimanov rayonundakı Arif Vəliyev adına 258 saylı məktəbin kollektivi tətəfindən hərbi vətənpərvərlik zəminində şair Ramiz Qusarçaylı ilə görüş keçiriləcəyini eşidəndə əlbəttə ki, iştirak etmək qərarına gəldim. “Azərbaycan bayrağı” şeiri ilə zamanın Bayraqdarına çevrilmiş şairin bütün yaradıcılığından qalın qırmızı xətlə keçən bənzərsiz Vətən sevgisi, torpaq məhəbbəti, yurd həsrəti, Azərbaycan “davası” yenə onu yüzlərin, minlərin – qocaman bir kollektivin, sabaha ümidlərimiz olan şagirdlərlin sevgisinə səsləyir, görüşünə çəkib aparırdı…

Mən məktəbin akt zalına daxil olanda tədbirin başlanmasına hələ yarım saat qalmasına baxmayaraq, əyləşmək üçün boş yer qalmamışdı. Qapını açıb içəri daxil olan hər kəsi Ramiz müəllim üçün intizarla qapıya dikilmiş maraqlı baxışlar müşayiət edirdi. Şairin şeirlərinə hazırlanmış video-rolikin həzin melodiyası çox zövqlə, şəkilləri böyük məhəbbətlə seçilmişdi. Bəli, elə əvvəlcədən bu görüş haqqında çox şey deyirdi zalda yaranan bu aura…

Gözlənilən an yetişdi. Tədbirə toplaşanların sürəkli alqışları altında zala daxil olan Ramiz Qusarçaylı qonaqların əhatəsində öz yerini tutdu. Bir balaca haşiyəyə çıxmaq istəyirəm: mən bir jurnalist kimi Ramiz Qusarçaylı ilə məktəblərdə, müxtəlif yerlərdə keçirilən bir çox görüşlərin iştirakçısı olmuşam. Onun tədbir iştirakçılarını, bütün şagirdləri çox asanlıqla ələ alıb şeir söyləyən, çıxış etdikləri zaman gərginlikdən çıxarmaq bacarığının şahidi olmuşam. Hər kəslə doğma, mehriban ünsiyyəti, diqqəti, səmimi yanaşması  zal ilə tribuna arasındakı gərginliyi o dəqiqə aradan qaldırıb,  istirakçılarla isti münasibət yarada bilib. Amma bu dəfə… Davamlı çıxış edən şagirdlər o qədər bacarıqla, məharət və məhəbbətlə çıxış edirdilər ki, hər kəs təəccübünü saxlaya bilmir, qürurdan sinəsi qürrələnirdi. Şeir növbəsi bitmək bilmir, bir-birindən təsirli, maraqlı qiraətçilər səhnədə əsl obraz yaradırdılar. Deyəsən, “bu xına o xınadan” deyildi axı…

258

Məktəbin direktoru Sədaqət Hüseynova Ramiz Qusarçaylının həyat və sənət fəaliyyəti haqqında məlumat verməyə fürsət buldu. Sədaqət xanım şairi və dəvət olunan qonaqları salamladı, məktəbin fəaliyyətindən geniş bəhs etdi, respublikamızın ünlü ziyalıları, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairləri ilə görüş ənənələrindən danışdı və sözü ilk öncə Ramiz Qusarçaylıya verdi. Və bu məqam tədbirin, həm də mənim yazdığım yazının kulminasiya nöqtəsi, ən unudulmaz anı, yaddaşlardan silinməyən ən xoş xatirəsi oldu.

Şagirdlərin dogma Vətənlərinə, müqəddəs torpaqlarına, dövlətçiliyimizə və türk dünyasının böyük şairi Ramiz Qusarçaylı yaradıcılığına olan dərin sevgisi şairi riqqətə gətirmiş, sözün əsil mənasında kövrəltmişdi. Bütün tədbir iştirakçılarını salamlayan şair məktəbin şagird və müəllim kollektivinə dərin təşəkkürünü bildirdi. Sözünü şeirinə gətirən Ramiz müəllim dogma Azərbaycanımıza, onun vətən yüklü şeirlərinə olan bu qədər sayğı və məhəbbətdən təsirlənərək misralarını unutdu, həyəcandan şeirini bitirə bilmədi…

Sürəkli alqışlar altında yerinə əyləşən şairin sözünü şagirdlərin ifasında söylənilən əsrarəngiz şeirləri, qonaqların bir-birindən fərqli, maraqlı çıxışları, Vətənə, torpağa aid mahnılar əvəz etdi.

Şəhid Arif Vəliyevin adını daşıyan 258 nömrəli məktəbin Ramiz Qusarçaylı ilə keçirilən bu görüşünə dəvət olunan qonaqları sizlərə təqdim etmək istəyirəm. Məktəb kollektivinin sevimli şair ilə görüşünə respublikamızın xalq artisti, müğənni Flora xanım Kərimova da dəvət olunmuşdu. Ramiz müəllimin sənətinə vurğun olduğunu söyləyən, məktəbliləri, müəllim kollektivini bu uğurlu görüşə görə təbrik edən müğənnimizin çıxışı necə də səmimi, dogma idi: “Övladlarım, məktəbinizi, müəllimlərinizi sevin. Vətənimizi, onun layiqli insanlarını sevin, möhkəm sevin! Yalnız şeiri deyil, misralarını belə sevin. Sözləri, hərfləri düzgün tələffüz etməyi öyrənin. “C” hərfini, “can” sözünü aydın tələffüz edin. Bir-birinizə “can” deyin, “ay can” deyin… AZƏRBAYCAN deyin, ucadan, lap ucadan deyin!..”

258 3

Nərimanov RİH müavini İradə xanım çıxış edərək belə görüşlərin böyük əhəmiyyət kəsb etdiyindən və şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət göstərdiyindən, təcavüzkar qonşularımızın illərdir torpaqlarımıza qarşı apardıqları elan olunmamış müharibənin əsl mahiyyətindən, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin işğal olunan torpaqlarımızın sülh yolu ilə qaytarılması uğrunda aramsız cəhdlərindən, bu yolda aparıdığı mübarizədən söz açdı. O, əmin olduğunu bildirdi ki, bundan sonra da Prezidentimiz hər qarış torpağımız uğrunda düşmənə qarşı amansız olacaq, şəhidlərimizin qanını yerdə qoymamaq üçün əlindən gələni edəcəkdir.

Məktəbin adını daşıyan şəhid Arif Vəliyevin anası Sona xanım çıxış edərək bildirdi ki, mən iki oğlumdan birini Vətən uğrunda şəhid vermişəm. Azərbaycan bizim dogma Vətənimizdir, onun hər qarış torpağı bizlər üçün müqəddəsdir, uludur. Oğlum hər dəfə deyərdi ki, mənim üçün Vətən səndən başlanır, Ana! Mən səni qorumağa, Vətənimi qorumağa borcluyam!

Sona xanım şəhidlərimizin ruhuna böyük ehtiram göstərərək onlar haqqında daha çox yazmağı, onların həyatını, şərəfli ömür yollarını daha çox işıqlandırmağı tövsiyə etdi.

Aşıq Əhliman böyük şövq və məhəbbətlə söz aldı. Bu dəfə dinləyicilərini sazsız yandırıb yaxdı. Ramiz Qusarçaylının şeirlərindən söyləyən aşıq şairlə bağlı xatirələrini, onun şeirlərində çəkdiyi el, torpaq təəssübbündən, Vətən üçün əsl Söz şəhidliyindən söz açdı.

Səhnəyə respublikamızın əməkdar artisti Ağalar Bayramov dəvət olundu, – bəli, Ağalar Bayramov…

Azərbaycan poeziyanın ən gözəl nümunələrini öz könül duyğularına bələyib həqiqi sənətkar qüdrətiylə dinləyicilərə çatdırmağı bacaran, öz bənzərsiz səsi və dadlı-duzlu nəfəsiylə qiraət sənətini bir az da zənginləşdirən nəhəng sənətkar. Səsinin şirinliyində və bu şirinliyə qarışan göynərtisində Vətənə, el-obanın adət-ənənələrinə məhrəm bir məhəbbət yaşanan, ilahi qəribliyinin içində doğmaliq bəsləyən və könül duyğuları klassik irsimizdən qaynaqlanan, möcüzələr-sehrlər içində hiss-həyəcan köklənən Ağalar Bayramov…

Bu görüşdə də Ağaların  ifasında səslənən Ramiz Qusarçaylının “Azərbaycan Bayrağı” şeirini bütün zal ayağa qalxaraq, alqışlarla dinlədi. Səhnəyə Azərbaycan bayrağı gətirildi. Bütün zalda əyləşən şagirdlər əllərində tutduqları bayraqları Qələbə gününün şərəfinə başları üzərinə qaldırdılar. Bu möhtəşəmlik Vətənə sonsuz məhəbbət hissinin canlı təcəssümü idi. Ağalar müəllimin insan ruhunu etizaza gətirən gözəl səsi, onun ifasında söylənilən şeirlər hər kəsin köksünü iftixarla döyündür, Qələbəmizə inamı daha da möhkəmləndirdi.

258 1

Müğənni Aslanın Hüseynovun ifasında səslənən Vətənə aid nəğmələr məktəbin rəqs kollektivinin maraqlı çıxışları ilə müşayiət olundu.

Bu görüşdə “Xural” ictimai-siyasi qəzetinin təsisçısi və baş redaktoru Əvəz Zeynallı, Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən,- Şabranın Xaqani adına Poeziya evinin direktoru, şair Aybəniz Əliyar, dəyərli ziyalılardan Təranə Musayeva və Respublikamızın Əməkdar Mühəndisi, şeir, sənət vurğunu İsgəndər Hacıyev də iştirak edirdilər.

Tədbirin ssenarisini hazırlayan məktəbin müəlliməsi Mehriban Nəcəfovanın bacarığı, şairin şeirlərini söyləyən Nəzakət müəllimənin, eləcə də məktəblilərin istedad və istəkləri isə xüsusi olaraq dəyərləndirilməlidir.

Bəli, şair Ramiz Qusarçaylı ilə daha bir möhtəşəm görüş tarixə qovuşdu, yaddaşlara yazıldı. Amma bütün görüşlərdən fərqli olaraq bu dəfə tədbirdə şair deyil, onun milyonların könül dünyasında özünə daimi yer eyləmiş sözü, şeiri danışdı… O şeiri ki, şairi zamanın bayraqları etmiş, şeiriyyət meydanında onu Sözün şəhidinə çevirmişdi…

Sevinc MƏMMƏDOVA

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button