Bu dəyişikliklər monarxiyanın yaradılmasına xidmət edir

Mövsüm Səmədov,
Azərbaycan İslam Partiyasının lideri

Xalqımızın narahatlığına səbəb olan, sentyabrın 26-da Konstitusiyaya dəyişiklikləri ilə bağlı keçiriləcək referendum gündəmdədir və əsas müzakirə mövzularından biridir. Təəssüflər olsun ki, bu mühüm və taleyüklü məsələ hələ də xalqdan xəbərsiz saxlanılaraq, ictimai müzakirəyə çıxarılmır. Ana Qanuna təklif olunmuş 30-a yaxın dəyişiklikdən bir hissəsi daha çox diqqəti cəlb edir. Onlardan prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması; vitse-prezidentlik institutunun yaradılması; prezidentin parlamenti buraxması; növbədənkənar prezident seçkilərinin təyin edilməsi; prezidentlik və deputatlıq üçün yaş məhdudiyyətlərinin aradan qaldırılmasını qeyd edə bilərik.

Bu dəyişikliklərdən xüsusən yuxarıda qeyd etdiklərimiz mövcud konstitusiyanın özü ilə də ziddiyyət təşkil edir. Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi hüquqi dövlətin təməlini sual altına alır. Çünki qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti yalnız və yalnız qanuna tabedir. Hakimiyyətin hər bir qolu da özü-özlüyündə müstəqildir, biri digərinə nisbətdə yalnız tənzimləyici rol oynayır. Prezidentə yeni səlahiyyətlərin verilməsi faktiki olaraq, bu mexanizmin pozulmasına səbəb olur. Bu da hüquqi dövlətin prinsip və konsepsiyasına ziddir və belə olan halda, onsuz da formal xarakter daşıyan parlament öz fəaliyyətində atrofiyaya uğrayaraq qeyri-funksional vəziyyətə düşmüş olur.

Referendum aktı layihəsində yeni vitse-prezidentlik insititutunun yaradılması nəzərdə tutulur və göstərilir ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri prezident tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur. Xalq tərəfindən seçilməyən və heç bir mandatla təmin olunmayan bu salahiyyətlərin icrası Azərbaycan konstitusiyasının digər maddəsinə ziddir. Həmin maddədə deyilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Yəni yalnız xalq tərəfindən mandat verilmiş şəxs xalqın idarəçiliyində səlahiyyətli sayıla bilər.

Digər tərəfdən, bu referendum aktı ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də kəskin ziddiyyət təşkil edir .

Prezident və parlamet seçkilərində namizədlərin yaş məhdudiyyətinin aradan götürülməsi ölkədə yeni monarxiya üsulunun yaradılmasına zəmin yaratmaqdan başqa bir şey deyil. Bundan başqa, layihədə insan və vətəndaş hüquq və azadlıqlarını (mülkiyyət, sərbəst toplaşmaq, məlumat almaq və s.) məhdudlaşdıran digər mürtəce dəyişikliklər də nəzərdə tutulub.

Təəssüf ki, Azərbaycan hakimiyyətinin idarəetmə üsulu Stalin prinsiplərindən heç də fərqlənmir. Hesab edir ki, hər nə qanun istəsə, xalqa qəbul etdirə bilər. Bu cür yanaşma, sözsüz ki, Azərbaycan xalqının əhval-ruhiyyəsindən uzaqdır. 1988-ci ildəki Topxana, 1990-cı ildəki 20 Yanvar hadisələrində biz bunun şahidi olmuşuq. Ümid edirəm ki, Azərbaycan xalqı öz müqəddəratının həllində artıq nə Qərbdən, nə də Şərqdən kömək gözləyəcək.

Xalqımız başa düşür ki, özü öz taleyinə məsuliyyətli olmasa, səadət qapıları onun üzünə açılmayacaq. Referenduma etiraz etmək hər bir azərbaycanlının vətəndaş kimi borcudur və bu yolun sadiq yolçularına uğurlar arzulayıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button