Bu diskdə böyük bir mədəniyyət yuvalanıb!

…Mən qəlbimin kədərini milyonlarla insanların sevincinə dəyişmərəm…

Oxucular «Xural»ın «Nə yatmısan qoca vulkan, Səninləyəm»!» adlı təbliğat diskinin istehsal olunduğunu artıq bilirlər. Daha çox vətənpərvərlər üçün vəsait rolunu oynayacaq bu disk əmədar artist Ağalar Bayramovun təqdimatında hazırlanıb. Tanınmış şairlərin vətənpərvərlik hurunda yazılmış şeirlərinin toplandığı disk, tədavülə buraxıldığı gündən bəri böyük təqdirlə qarşılanıb. O səbəblə də ötən həftə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında diskin təqdimat mərasimini düzənlədik. Tədbirdə iştirak edən ziyalılar və şairlər bu haqda ətraflı fikir mübadiləsi apardılar və bu tip vəsaitlərin sayının çox olmasını arzuladılar.

Əvvəli ötən saylarımızda

Əlizadə Əsgərli

Xəlil Rza yaradıcılığının tədqiqatçısı:

– Bütün dostlar, yoldaşları salamlayıram. Nizami Gəncəvinin çox gözəl bir misrasından demək istərdim:

Sordu, köhnə qızılmı, təzə sözmü yaxşıdır?

Söz sərrafı söylədi, söz dünyanın naxşıdır…

Doğrudan da bu gün sözün işığına yığışmışıq. O kəslərin ki, onlar müqtədil söz sahibləridir. Onların ruhunun işığı xalqımızın,  millətimizin tarixi, mədəniyyəti, gələcəyi, əbədi həyatıdır. Ağalar müəllimin səsini çox uzun illər öncədən yaddaşıma yazmışam. O illər onun səsinin varlığını o qədər də dərk etmirdim, sadəcə çöhrəsinə baxanda görürdüm ki, sanki müqəddəs kədərin ifadəsi yuvalanıb. Ola bilsin, o müqəddəs kədərin zahiri ifadəsi onu səsinə hopub. Mən Ağalar müəllimin səsini lirik tonda qəbul edib qavrayıram. Ümumən, söz Allahın, Tanrının nəfəsidir, səsidir. O səs ki biz «Lailahəilləllah» deyəndə qavramışıq, zaman-zaman dəyərləndirmişik, cahillikdən aqilliyə doğru uzun bir yol getmişik. Bu insanın şübhəsiz ki, axirəti də bu səslə açılacaq. Allah-Təala hər bir bəndəsini də bu səslə axirət evinə qəbul edir. Demək istədiyim odur ki, ömür də bir əmanətdir, ömür də bir fürsətdir. Bu ömürdə, bu verilən fürsətdə nə bitdisə bitdi. Ağalar müəllim bu şeirləri də çox gözəl səsləndirir. Mən Füzulinin səsinə səs vermək istəyirəm. Bu da təsadüfi deyil. Doğrudan da uluların örnək olan sözü bugünkü qəlbləri rövnəqləndirir, işıqlandırır və onları gələcəyə aparır. Bunsuz nə həyat var, nə də əbədiyyət… Yəni yaşarı olan bir ənənə hər zaman irəli olan zamanımız, irəli olan tariximizdir. Fizuli deyirdi:

Fizuli, dəhrdən kam almaq olmaz, olmadan giryan,

Sədəf su almayınca əbri nisandan gövhər verməz.

Hər birimizə bu misraların açıqlaması aydındır. Yəni dəhrdən – öz zəmanəsindən kam almaq üçün hər dəfə söz adamı ölür, dilirilir. O, ölümü ilə əbədiyyətini, əbədiyaşarlığını qazanır. Onların diriliyi isə onların axirətidir. Onlar haqq dünyasındadır. Oradan bəlkə də bizə səs-səda göndərirlər. İkinci misra belədir ki, «Əbri nisan» – yaz yağışına deyərlər. Yaz yağışı hər dəfə gəlişi ilə sədəfin üzərinə düşür və sədəf də bundan qidalanıb özündə o gövhəri hazırlayır. Söz adamları heç bir zaman təsadüfi yol getməyib. Onlar bəlkə də Allahın, haqqın onlara diqtə etdiyi sözü, səsi ifadə edirlər və bu mənada, şübhəsiz ki, bugünkü sözün nəfəsinə, işığına yığışmaq həm də söz sahiblərinin işidir. Burada elə insanlar var ki, onlarda müqəddəs ruhların, müqəddəs sözün daşıyıcılarını görürəm. Aydındır ki, XX əsr Məhəmməd Hadi, Hüseyn Cavid  əsridir və onların gələcəyi olmaq etibarilə Səməd Vurğun, Mikayıl Müşfiq və digərləri var. Amma XX əsr üçün digər sənətkarlar da var ki, mən o sırada Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Cabir Novruz və başqalarını görürəm. Onların hər birinin ruhundan sözün, səsin qidası ifadə olunur. Məsələn, Məmməd Araz deyirdi:

Vətən nəğmələri olmasa bir an,

Ürəkdə gül açıb yaz ola bilməz.

Nəğməsi olmayan, şeiri olmayan,

Bir xalqın tarixi yazıla bilməz.

Xalqımızın bu mənada çox zəngin bir tarixi var ki, bu tarixi dolduran da öz sözü və səsi ilə zəngin olan insanlar olub. Gəncliyin öhdəsinə də o düşür ki, o sözə, o səsə yiyə dursunlar. Onlar bu gün qəlb dünyasını, idrak aləmini bu cür sözlərlə qidalandıra bilirlərsə xoşbəxtdirlər. Əgər gənclik öz yolundan sapmırsa, şübhəsiz ki, bu mənada Vətənin tarixinə, gələcəyinə söz ola bilməz. Bu mənada şeirdir, səsdir, musiqidir, nəğmədir – bunların hamısı bizim ruhumuzun qidasıdır. Hökm deyil ki, insan hər gün cismani qida alsın, hər gün o düşünürsə ki, ruhunu da qidalandıra bilib, artıq onu həqiqi xoşbəxt insan heab etmək olar. Çünki mənəviyyat dünyası oradadır. Mən söz adamlarını təbrik edirəm. Niyyətlərinə görə… Bu diskdə böyük bir tarix, böyük bir mədəniyyət yuvalanıb, artıq qalır ki, biz də o səsdən, sözdən ruhumuzu nə cür qidalandıracağıq.

Ağalar Bayramov

Əməkdar artist:

– Burada iki dahi şairimizin – Məmməd Arazın və Xəlil Rza Ulutürkün vəfadarları əyləşiblər. Etiraf edim ki, rəhmətlik Xəlil Rzagildə cəmi 1-2 dəfə olmuşam və hər dəfə də evlərinin qapısı açıq olub. Hər dəfə düşünürdüm ki, bu qapı niyə bağlanmr? Mənə deyirdilər ki, bu qapı bağlanmır, qapı açıq olmalıdır. Amma Məmməd Arazgildə Mikayıl Mirzə ilə bir yerdə Gülxanım bacının çayının çox içmişəm, hətta arada kiçik davamız da olurdu ki, məni qabaqlayıb filan şeiri niyə götürmüsən? Hətta o da yadıma gəlir ki, 1991-ci ildə Məmməd Araz Türkiyədəki yarışmada birinci yeri götürəndə – «Ya rəbbim, bu dünya sən quran deyil» şeirini ilk dəfə əlyazma şəklində Gülxanım bacıdan aldım. Sonralar onun

Çıxıb getmək istəyirəm,

Nəyim varsa, yığıb getmək istəyirəm.

Olan-qalan beş-on sözdür,

Yurda qismət, çıxıb getmək isətyirəm.

kimi bir neçə şeirlərini əlyazmasından – onları yalnız Gülxanım xanım əlyazmadan oxuya bilirdi – o, diqtə edirdi, mən də yazırdım. Artıq o ocağa getmirəm. Bunun bir səbəbi var. Rəhmətliyin özünün Gülsüm adlı bacısına yazdığı bir məktub var. Orada deyir ki, artıq anam öləndən sonra mən o kəndə necə gedim? Mən hər dəfə fikirləşirəm ki, o evə gedəndə artıq Məmməd Araz qarşıma çıxmayacaq.  Mən çox istərdim ki, Gülxanım bacım, anam, o böyük şairin vəfadarı bir söz desin.

Cülxanım xanım:

– Bayaq qızım ailəmiz adından ürək sözlərini bildirdi. Ağalar müəllim bayaq düzgün qeyd etdi ki, Məmməd Arazın şeirlərinin mürəkkəbi qurumamış onları ilk oxuyan o olub. Hər birinizə təşəkkür edirəm və can sağlığı diləyirəm. Məmməd Arazın şeirləri Vətən üçün yazılıb və onları unutmaq olmaz. Gənclərimiz gərək onu unutmasınlar…

Firdovsi Kazımov

«Yeganə yol» qəzetinin baş redaktoru:

– Bu diskin işıq üzü görməsində əziyyyəti, zəhməti keçən hər bir kəsə öz dərin təşəkkürümü bildirirəm. Ağalar müəllim haqqında söhbət gedəndə Xəlil Cubranın bir sözü yadıma düşür. O deyir ki, mən qəlbimin kədərini milyonlarla insanın sevincinə dəyişmərəm. Ağalar müəllim adi insan deyil, böyük şəxsiyyətdir. Nəyə görə? Çünki o, dahi şairlərimizin sözlərini bir daha səsi ilə gücləndirərək insanlara çatdıra bilir. Hər birinizə təşkilatımızın adından «çox sağ olun» deyirəm.

İştirakçılar Əjdər Olun şeirini dinləyirlər…

Hacı Xaliq Bəşər

Oxucu-hüquqşünas:

– Hüquqşünas olsam da, bir çox şeirlərin, kitablarn müəllifiyəm. Sizlərə səmimi minnətdarlığımı bildirirəm. Biz gəncliyin nümayəndələri sayılırıq. Əsas odur ki, siz çox gözəl bir ideyanı həyata keçirməyə başlamısınız. Məmməd Arazla bağlı mənim özüməməxsus xatirəm var. Məmməd Araz ən ağır vaxtlarında istirahət etmək istəyəndə çox yaxın dostlarımdan birinin bağında dincəlirdi. Bir dəfə iştirak etdiyimiz bir tədbirdə Məmməd Araza söz verdilər və o, cəmi bir kəlmə işlətdi – «Səmimiyyətin sağlığına!» O bir cümlədə hər şey var. Mən də bu gün bura yığılanların hamısında bir səmimiyyət hiss etdim. İndi cəmiyyətdə hər şey – yazan da, pozan da var, ancaq səmimiyyət yoxdur. Bu gün ölkədə gedən siyasi və digər proseslər göstərir ki, insanların bir-birilərinə səmimiyyəti, inamı itib. Bu mənada bizim də üzərimizə böyük məsuliyyət düşür.

Xəlil Rza ilə bağlı da xatirələrim var. Universitetdə oxuduğum illərdə Həmkarlar Təşkilatının sədri idim və o, dəfələrlə mənim yataqxanadakı otağımda olub. Bu gün də Xəlil Rzanın məzarını dərin hörmət və ehtiramla ziyarət edirəm. O, hər zaman mənim kumirim olub və olacaq da. O, ən böyük sərvəti olan oğlu Təbrizi millət və Vətən uğrunda gedən döyüşlərdən saxlamadı, bu torpağın müdafiəsində canından keçəndə də öz məğrurluğunu itirmədi. Onların hamısına Allah qəni-qəni rəhmət eləsin. Mən diskin buraxılmasında xidməti olan hər bir kəsə öz səmimi minnətdarlığımı bildirir və arzu edirəm ki, bu cür layihələriniz gələcəkdə də uğurla nəticələnsin.

Elxan Xanəlizadə

«İnradio.az» saytının redaktoru:

– Mən həm də irad bildirmək istəyirəm. Burada çıxış edənlərin hər biri hədəfdən yayındı. Hər kəs öz şəxsi xatirələrindən danışdı və əsas məsələ olan disk kənarda qaldı. Elə təsəvvür yarandı ki, Ağalar Bayramovun bu diski Azərbaycanda şeirlər toplumundan ibarət olan ilk audiokitabdır. Halbuki şəxsən mən Azərbaycanda ilk audiokitabın müəllifiyəm. O zaman gündəlik qəzetlərdən birinin baş redaktoru demişdi ki, nə olsun, audiokitab buraxılıb, amma «İnterfaks» informasiya agentliyi bu xəbəri önəmli xəbər kimi yayandan sonra hər kəs bir həqiqətin ortaya çıxdığının şahidi oldu. Sadəcə onu demək istəyirəm ki, bu ölkədə ilk audiokitabın müəllifi gənc bir adamdır. Mənim hər kəsə böyük hörmətim var. Amma Azərbaycanın dahi şairlərinin ölməz şeirlərinin toplumundan ibarət bu diskin üzərindəki şəklin Ağalar Bayramova aid olmasını istəməzdim. Fikrimcə, bu, ümumi şəkil olmalı idi. Mən bu diski dinlədim və çox istərdim ki, orada deyilən şeirlər sovet dövrünün qiraətçiləri tərəfindən söylənən şeirlər kimi bir qədər pafossuz olsun. Yəni bunu da diskdə olan çatışmazlıq hesab edirəm.

Əvəz Zeynallı:

– Mən burada iştirak edən hər bir kəsə öz təşəkkürümü bildirirəm və son olaraq Xəlil Rza Ulutürkün möhtəşəm «Kişi bətni» adlı şerini dinləyərək tədbirimizi bağlamaq istəyirəm. Bu şeirdə hər kəs var – millət vəkilləri, baş redaktorlar, partiya sədrləri, məmurlar və hər kəs…

Son

Hazırladı:

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button