Bu gecədən Bakının bəzi yollarında avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq – SİYAHI

DYP Formula 1-in başlaması ilə əlaqədar avtomobil sahiblərinə müraciət edib

Bakıda ilk dəfə təşkil olunan Formula 1 üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə paytaxtın mərkəzi küçə və prospektlərində bu gün saat 24:00-dan etibarən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilir.

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, “Azadlıq” meydanından başlayaraq – A.Puşkin, Xəqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən, yol ayırıcları, yol qovşaqlarına məhdudiyyət tətbiq olunur.

Ələt-Astara-Salyan yolunun 14 km-dən 20-ci sahə, Bayıl qəsəbələri, Bayraq meydanı, eləcə də Cavanşir körpüsü ətrafından yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaları üçün nəqliyyat vasitələrinin sürücülərinə alternativ variant təklif olunub. Beləliklə, cənuba doğru gedən sürücülər Afiyyədin Cəlilov-Yusif Səfərov, Yusif Səfərov-28 May küçələri kəsişməsindən, 10-cu zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsindən, Səməd Vurğun və Bülbül küçələrindən Fizuli küçəsi ilə kəsişən hissəsindən istifadə etməlidirlər.

Hərəkət iştirakçılarına qeyd edilən istiqamətlər üzrə genişləndirilən iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir. Bakı Şəhər Halqası trek boyunca yarışların keçirildiyi küçə və prospektlərdə, meydan və dairələrdə nəqliyyat sıxlığının, tıxacların yaranmaması, hərəkət iştirakçılarının rahat və fasiləsiz təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

Hərəkət iştirakçılarından A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobil saxlamamaq xahiş olunur. Əks halda trek boyunca nəzərdə tutulmayan yerlərdə park edilən avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı yol polisi lazimi tədbirlər görəcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Formula 1 üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, “Avtomobilsiz 7 gün” devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button